Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə oktyabrın 20-dən 23-dək bu ölkənin Qaraqalpaqstan Respublikasında və Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçiriləcək.
Layihəyə Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirlikləri, ölkəmizin Özbəkistandakı səfirliyi, habelə bu vilayətlərin rəhbərlikləri dəstək göstərir.
İlk olaraq Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin Nukus şəhərindəki Berdaq adına Qaraqalpaq Dövlət Musiqili Teatrında rəsmi açılış mərasimi keçiriləcək, Azərbaycan sənətçilərinin iştirakı ilə bədii proqram təqdim olunacaq. Acıniyoz adına Nukus Dövlət Universitetində Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışı da nəzərdə tutulub.
Tədbir çərçivəsində Nukus Dövlət Universitetinin müəllim və tələbələri ilə görüş, Azərbaycan milli geyimlərinin təqdimatı, kitab sərgisi, yeni Azərbaycan filmlərinin nümayişi olacaq.
Özbəkistanın Xarəzm vilayətinin Xivə və Urgənc şəhərlərində də Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri ilə əlaqədar tədbirlərin keçirilməsi planlaşdırılır.
Urgənc Dövlət Musiqi və Dram Teatrında Azərbaycan – Özbəkistan Dostluq Konserti təşkil olunacaq, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədovanın, saz ustalarının, Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının çıxışları nəzərdə tutulub.
Urgənc Dövlət Universitetində “Azərbaycan-Özbəkistan arasında mədəni-ədəbi əlaqələr: perspektivlər” mövzusunda konfrans, AMM-nin layihəsi ilə Özbəkistanda Azərbaycana dair özbək dilində nəşr olunan kitabların sərgisi təşkil olunacaq.
Tədbirlər çərçivəsində Nukus və Xivə şəhərlərində Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığına həsr edilən “Oltin koprik: Qızıl körpü” adlı sənədli film və “Dostluğun mədhi” musiqi klipinin nümayişi baş tutacaq.
Tədbirlər zamanı hər iki regionun kitabxanalarına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə olunacaq.
Qeyd edək ki, Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərində Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayevanın iştirakı nəzərdə tutulub.
Tədbirlərdə Qənirə Paşayevanın Özbəkistana səfərlərini əks etdirən “Addım -addım Özbəkistan” kitabının təqdimatı keçiriləcək.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!