"...ölmərəm dönməsən də" - Nilufər Şıxlı

***
Bizi ortaq eləyən
nələr, nələrimizdi;
Yaralı dünənimiz,
xatirələrimizdi...

Gecələr həsrət adlı
sadiq yoldaşımızdı.
İlmələnib çözülən
köhnə yaddaşımızdı...

Ayrılıqdan qırılmış
iki parça qəlbimiz.
Bir-birinə dolaşmış
sevincimiz, qəmimiz...

Sabahları gözləyən
yuxulu gözlərimiz,
məchulluğa yönələn
əbədi izlərimiz....

Qapısı bağlı qalan
soyuq otaqlarımız....
Bizi dustaq eləyən
Nə var - ortaqlarımız.

***
Çəkilək  bir adaya,
Hər tərəf dəniz olsun...
Gülək, qara buludlar
Dönüb ağbəniz olsun!

Çəkilək bir adaya
Yaşıllıqdan don geyək.
Hər dərdə, hər acıya,
Hər xiffətə son deyək!

Çəkilək bir adaya,
Düşünməyək heç kəsi.
Hər gün oyatsın bizi
Qağayıların səsi.

Gizlənək gəmilərdən
Gözdən itincəyədək.
Ayrılmayaq bu yerdən
Ömür bitincəyədək...

...Bizdən sonra qəlblərə
Qoy yayılsın sədası;
Sevənləri səsləsin
"Sevənlərin adası".

BƏLKƏ CƏNNƏTDƏ DƏ AĞLAYACAĞAM...
Marina Svetayevanın xatirəsinə
Hər dəm korun-korun yanan ocağam,
Qəlbimi Tanrıma açacağam mən.
Bəlkə cənnətdə də ağlayacağam
Ruhumu incidən xatirələrdən.

Bəlkə də bir dəli hıçqırıq ilə
Yadıma salacam qəmli anları.
Yanan ürəyimi götürüb ələ
Açacam içində saxlananları;

Zəhərli kəlmələr qəlbimi qırıb...
Tanrıma nə qədər şikayətim var!
Dilsiz arzularım köksümü yarıb
Sınıq taleyimdən uzaqlaşıblar...

Ötüb keçənləri salıb yadıma,
Sənə dil deyirəm hey için-için...
Yanıb qovruluram mən öz oduma
Eşqimi yadlara verdiyim üçün.

Acı xatirələr sisdi, dumandı...
İzləyir yolumu bir qara kölgə.
Gözlərim quruyub gör nə zamandır!
Cənnətdə ağlamaq asandı, bəlkə?!

PİANONU AĞLADIR HƏZİN NƏĞMƏ BAYAQDAN... 
Bu mənəmmi ağlayan,
Həzin nəğmə səsimi?..
Yanağımı oxşayan
Yağışın busəsimi?..

Göy üzündə gözlərim
Ümid axtarır yenə...
Həsrət təzə don biçir
Sevgimizin əyninə...

Üfüqlər qəlbim kimi
Alışmada, yanmada.
Bu gün iki gündü ki,
Sənsizəm bu dünyada.

Hər şey mənim əksimə:
Xəyal, fikir, düşüncə,
Qəfil döyülən qapı,
Erkən qaralan gecə.

Qulaqlarım tutulur,
Səssizlik haray salıb.
İncə duyğularım da
Bir gecədə qocalıb.

Dünya geri fırlanır,
Durammıram ayaqda.
Pianonu ağladır
Həzin nəğmə bayaqdan...

GECƏNİN SƏSSİZLİYİ  
Əli yerdən üzülmüş, unudulmuş bir ada...
Gecənin səssizliyi ona layla çalmada...

Dəniz, səma və sahil - hər yan duman içində...
Gözlərim yol çəkmədə, qəlbim güman içində...

Ay bulud arxasında gülümsəyir kədərlə,
Yuxusuz dalğalar da barışıblar qədərlə...

Hər kəs dənizə küskün - umulan da, uman da..
Hər kəs cavab axtarır bu kimsəsiz limanda.

Bütün gedənlər kimi dönüksən elə sən də...
Düşünürəm, yəqin ki, ölmərəm
                                   dönməsən də!..

GÖYLƏR DOLUXSUNANDA
Soyuq həsrət götürür
Bağçaları, bağları...
Budaqlar da saxlamır
Qocalan yarpaqları...

Bağrı yalın torpağın
Qaçır bəti-bənizi.
Ləpələr şahə qalxıb
Silkələyir dənizi.

Bulud qəmə bürüyür
Asimanı bir anda...
Yerin köksü islanır
Göylər doluxsunan


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!