“Vüqarlı Dneprin suları axsın” - Ukraynanın müstəqilliyinə dost töhfəsi

 

Azərbaycan Yazıçılar Birliyinin daha bir nəşri - Ukraynanın Müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş və 30 ukraynalı şairin  şeirlərinin toplandığı “Vüqarlı Dneprin suları axsın” Ukrayna şeiri antologiyası nəşr olunub.

Kitabda Taras Şevçenko, Lina Kostenko,  Boris Oleynik, Vasıl Stus, Pavlo Movçan, Lyubov Qolota, Yuri Buryak, Aleksandr Korotko, Dmitro Kremin, Taras Fedyuk,  Oksana Paxlyovska, Vasıl Gerasimyuk,  Petro Midyanka, Svetlana Koronenko, İqor Pavlyuk, Aleksey Zaraxoviç, Aleksandr Kabanov, Dmitro Drozdovski,  Marianna Kiyanovska, Vladimir Kostelman, Sergey Jadan, Yelena Dorofiyevskaya, Janna Bezpyatçuk, Alyona Malyuqa, Anna Maliqon, Lesya Mudrak, Vano Krüger, Dmitro Çistyak, Miroslav Layuk və Vitali Bilozirin şeirləri toplanıb. Taras Şevçenkodan olan klassik tərcümələrin müəllifləri Əhməd Cavad, Mikayıl Müşfiq və Rəsul Rzadır. Digər mətnlər üzərində Elxan Zal, Səlim Babullaoğlu, Qismət, Günel Mövlud, Günel Şamilqızı, Könül Həsənqulu və Şəfiqə Şəfa çalışıblar.

“Yeni DƏB” seriyasından çıxan kitabın  tərtibçisi, seriyanın baş redaktoru, şair Səlim Babullaoğludur. Nəşrin məsləhətçisi Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq yazıçısı Elmira Axundovadır. “Mütərcim” nəşriyyatında çap olunan kitab Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri,  hüquq elmləri doktoru Hikmət Cavadovun dəstəyi ilə nəşr edilib. Kitaba geniş “ön söz”ün müəllifi də odur.  Kitab üzərində Emil Camalov (dizayn və səhifələmə), Həcər Telmanqızı (korrektura) çalışıblar. Eyni zamanda Dmitro Stus, Dmitro Drozdovski, Konstantin Doroşenko, Vano Krüger və Ceyhun Kəsəmən bədii-texniki dəstək göstəriblər.  Böyük Ukrayna şairi və dissidenti Vasıl Stusun bir misrası ilə adlandırılan antologiyanın tərtibatında eyni zamanda böyük rəssam olan Taras Şevçenkonun rəsmlərindən istifadə edilib.

Kitaba “tərtibçidən”  başlıqlı giriş qeydində Səlim Babullaoğlu yazır: “Biz dost Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr etdiyimiz bu poetik antologiyanı tərtib edərkən bəzi prinsiplərə əməl etməyə çalışdıq; ilk əvvəl əhatə edəcəyimiz dövrü müəyyənləşdirdik. Və belə qərara gəldik ki, bu XX əsrin II yarısından, 50-ci illərin əvvəllərindən üzü bu yana yazıb yaratmağa başlamış, tanınmış şairlər olmalıdır. Bioqrafiyalara, doğum tarixlərinə diqqətlə baxsanız görəcəksiniz ki,  kitabdakı müəlliflərin arasında ötən əsrin 30-cu illərindən bu yana hər on ildə doğulan şairlər var; onların bir çoxunun yaradıcılığı XX əsrin ikinci yarısına və qalanlarının yaradıcılığı isə müasir dövrə təsadüf edir. Əlbəttə, antologiyanı təşkil edən şairlər həm də o adamlardır ki, onlar məlum sovet dövründə mənəvi inflyasiyaya məruz qalmayıblar.
Dövr baxımından bir Taras Şevçenko istisnaydı. İstədik ki, bütün Ukrayna ədəbiyyatını, xüsusən poeziyanı uğurlayan böyük şair bu dəfə həm də bizim toplunu uğurlasın. Antologiyanı böyük Ukrayna şairi və dissidenti Vasıl Stusun bir misrası ilə adlandırmamız da təsadüfi deyildi.  Çünki ədəbiyyat həmişə böyük vicdan işidir...”
 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!