Neçə gündür iştirakçısı olduğumuz VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının möhtəşəmliyi sərginin böyük zəhmət və enerji hesabına təşkil edildiyini göstərir. Sərginin məhz Anım günlərimizdə keçirilməsi əlamətdar hadisədir. Üstəgəl, nəzərə alsaq ki, 2021-ci il ölkə başçısının Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edilib, o zaman bütünlükdə ruhu və ovqat çaları, ədəbi-mədəni sferası, elm və ədəbiyyatın təbliği baxımından yaradıcılığında daim əqlin, kamalın gücünü, intermedial sənət prinsiplərini təlqin edən böyük şairin adının haqqını vermiş oluruq. Bunu açılış günü çıxışında mədəniyyət naziri Anar Kərimov da qeyd elədi. Prioritet istiqamətin Zəfər təntənəsi və Nizami Gəncəvi yaradıcılığı olduğunu vurğuladı.
AZƏRTAC xəbər verir ki, bu sözləri YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimova deyib.
Beş gün davam edən bu tədbirin rəngarəngliyi ilə diqqət çəkdiyini söyləyən E.Akimova deyib: “Müxtəlif kitab təqdimatları, yazıçı, şair və alimlərlə görüşlər, sənət söhbətləri, poeziya günləri, uşaqlar və böyüklər üçün ustad dərsləri, tamaşalar, rəqslər, bir-birindən maraqlı kompozisiyalar və s. qeyd edə bilərik, bir sözlə, mədəniyyətlərin dialoqu. Türk dünyasının böyük düşüncə adamı Oljas Süleymenov hələ on il bundan əvvəl fəlakət, taun və müharibələrin dağıdıcı zərbəsindən bəşəriyyəti qorumaq və xilas etmək üçün belə bir formul irəli sürmüşdü: müstəmləkə asılılığı əsrindən müstəqillik dövrünə və daha sonra şüurlu qarşılıqlı asılılıq erasına! Bu ay müstəqillik təntənəsinin 30 illiyini yaşayacaq Azərbaycan üçün Mədəniyyət Nazirliyinin bundan gözəl ərməğanı ola bilməzdi - mədəniyyətlərin təmasına, ölkənin mədəni səviyyəsinin inkişafına nail olmaq üçün kitab izdihamı yaratmaq, mədəniyyətlərarası qarşılıqlı iş birliklərinə, əməkdaşlıqlara zəmin vermək”.
Ədəbiyyat İnstitutunun şöbə müdiri bildirib ki, sərgi çərçivəsində uşaq ədəbiyyatına yer ayrılması, həm də buna bütün yaş senzinə malik uşaqları nəzərə alaraq reallaşdırmaq səriştəsi - nağıl saatları, kukla tamaşalarının təşkil edilməsi, uşaq yazarlarının mətnlərinin təqdimatı ilk dəfədir ki, bu qədər geniş və sistemli şəkildə aparılır. “Bunun özü əlbəttə ki, başqa bir söhbətin predmetidir. Hələliksə, yalnız bunu demək olar: Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası əsl kitab bayramıdır! Sözə, qələmə ehtiram, sağlam milli ruha və sabaha xidmətdir”, - deyə A.Akimova vurğulayıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!