Respublika Uşaq Kitabxanasının yeni çapdan çıxmış biblioqrafiya kitabının təqdimatı olub - FOTOLAR

 

VII Beynəlxalq Kitab Sərgisi çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə nəşr olunan “Azərbaycan Uşaq ədəbiyyatı XIX əsrin II yarısı və XX əsrin əvvəllərində” biblioqrafiya kitabının I-cildinin təqdimatı keçirilib.

Kitabın tərtibçiləri Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova və Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsinin müdiri Sevil Əhmədovadır.

Kitabxananın direktoru Şəhla Qəmbərova kitab haqqında məlumat verərək deyib: “406 səhifəlik biblioqrafik göstəricidə XIX əsrin II yarısı və XX əsrin əvvəllərində (1920-ci ilə qədər) nəşr olunan uşaq ədəbiyyatına dair materiallar əksini tapıb. Həmçinin, uşaq ədəbiyyatı ilə yanaşı dərsliklər və ilk uşaq mətbuatı haqqında materiallar xronoloji qaydada oxucuya təqdim edilib. Biblioqrafiya 3 hissədən və hər bir hissə üçün nəzərdə tutulmuş əlavələrdən ibarətdir.

Kitabın Ön söz”ünün müəllifi, filologiya üzrə elmlər doktoru, professor Yaqub Babayev qeyd edib ki, hər bir xalqın elm və mədəniyyət tarixində bir faktoloji göstərici kimi biblioqrafiya əhəmiyyətli yer tutur: “Çox təəssüf ki, bizdə indiyə qədər fundamental mənada uşaq ədəbiyyatına həsr edilən belə bir əsər meydana çıxmayıb. Bu biblioqrafiya uşaq ədəbiyyatımızın inkişaf yoluna tarixi-xronoloji anlamda işıq salmaq, tədqiqatçıların işini xeyli dərəcə də yüngülləşdirmək mənasında son dərəcə uğurlu bir işdir. Kitab vasitəsilə oxucular Azərbaycan uşaq ədəbiyyatının 1920-ci ilə qədərki nümunələrinin adları ilə tanış olacaqlar”.

Kitabın rəyçisi, Bakı Dövlət Universitetinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov çıxışında təqdim olunan kitabı uşaq ədəbiyyatının təşəkkülü, onun anatomiyasının açılması baxımından çox əhəmiyyətli biblioqrafik mənbə olduğunu söyləyib.

Daha sonra çıxış edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova, Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, Kitabxanaşünaslıq kafedrasının müdiri, pedaqoji elmlər namizədi Elçin Əhmədov və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova təqdim olunan kitabın əhəmiyyətindən söz açıblar.

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!