"Ulduz" jurnalının sentyabr sayı işıq üzü gördü. Dərginin bu sayı Qismət Məsimin “Özüylə söhbəti və şeirləri” ilə açılır. İlham Abbasovun "Vətənində narazılıq doğuran laureat" başlıqlı yazısı Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, fransız yazıçısı Martin dü Qarın həyat və yaradıcılığından bəhs edir.
Qulu Ağsəsin "Beşdə beş" essesi tənqidçi Əsəd Cahangirin 55 yaşına ithaf edilib. "Debüt"də gənc yazar Amin Namazlının "Ömrün işığı" hekayəsi, "Polemika"da İslam Sadıqın Aşıq Ələsgər və Aşıq Əsəddən bəhs edən "İki böyük sənətkarla bağlı iki böyük yanlışlıq" başlıqlı araşdırma yazısı, "Tərcümə saatı"nda Xatirə Nurgülün tərcüməsində Yevgeni Zamyatinin "Şir" hekayəsi, "Qürbət şeirləri"ndə Fransada yaşayan şair Şəhriyar İbrahimovun şeirləri, "Tribuna"da Abid Tahirlinin "Müqəddəs gün-15 Sentyabr zəfəri mühacir qələmində" yazısı, "Dərgidə kitab"da isə Türkan Turanın "Təzadların vəhdəti" başlığı altında hekayə və yazıları yer alıb.
Şair-publisist Anar Məmmədovun "Kor olsun ayrılıqları" xatirə yazısı mərhum şair, jurnalist və folklorşünas Əhməd Oğuza həsr edilib. Bundan başqa, Xalq şairi Sabir Rüstəmxanlının təqdimatında gənc yazar Sevinc Yunuslu haqqında yazı və müəllifin şeirləri, Əli Əmirlinin ənənəvi ustad dərsləri, Ruzbeh Məmmədin və Aygün Yaşarın şeirləri dərgiyə xüsusi rəng qatır. İntiqam Yaşarın təqdimatında "Şənbə qonağı"nda Xalq yazıçısı Kamal Abdulla ilə müsahibə oxucuların marağına səbəb olacaq. "Təbriz eli"ndə Əkrəm Bağırov cənublu yazıçı Sadiq Hidayətin keçdiyi həyat və yaradıcılıq yoluna nəzər salır, yazıçının "Üç damla qan" hekayəsi təqdim edilir. Dünya klassik ədəbiyyatının parlaq nümayəndəsi Mixay Emineskunun şeirləri Səlim Babullaoğlunun tərcüməsində oxucuların görüşünə gəlir. Təranə Vahidin "Yaddaşsız kölgələr"i, Aybəniz Məmmədəliyevanın "Şirmayı dillərin nəğməsi" və “Naxış” hekayələri, Xəyalə Zərrabqızının İkinci Qarabağ müharibəsində haqq sözümüzü dünya ictimaiyyətinə çatdırmaqda yorulmadan fəaliyyət göstərmiş türkiyəli jurnalist Fulya Öztürkdən bəhs edən yazısı, eləcə də Ayişə Nəbinin "Qucağımdaymış ölüm", Yaşar Süleymanlının "Reinkarnasiya" hekayələri xüsusi maraq doğrurur.
“"Sərgi"də gənc rəssam Gülbəs Ayvazın işləri yer alıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!