MDB ölkələri ədəbiyyatları antologiyasının hazırlanmasına başlanıb
Sentyabrın 26-da Bakı vaxtı ilə saat 14.00-16.00 arasında Moskva Beynəlxalq Kitab Yarmarkasında, “Eksposentr” Mərkəzi Nümayiş Komprleksinin 5-ci pavilyonunda “MDB ölkələri ədəbiyyatları antologiyasının hazırlanması” ilə bağlı toplantı keçirilib. Toplantıya həm canlı, həm də onlayn şəkildə iştirakçılar qoşulublar.
Toplantının gündəliyində postsovet dövründa yaranan milli ədəbiyyatlar üzrə antologiyaların hazırlanması ilə bağlı metodiki yanaşmalar, janr, növ, həcm və tərcümə məsələləri, yaxın aylar ərzindəki əməkdaşlığın əsas meyarları, məzmun və dizaynla bağlı parametrlər müzakirə olunub.
Rusya Kitab Şurasının vitse-prezidenti Vladimir Qriqoryev, RF Rəqəmsal İnkişaf, Əlaqələr və Kütləvi Kommunikasiyalar nazirliyinin departament rəhbəri Yuri Pulya, “OQİ” (Bilrəşmiş Humanitar Nəşriyyat) baş direktoru, layihənin məsul katibi Dmitriy İskovits, layihənin baş redaktoru, tanınmış rus şairi və tərcüməçisi Maksim Amelin, layihə üzrə məsul icraçı Anna Murasova çıxışlar ediblər.
Tədbirə onlayn şəkildə qatılan Azərbaycan Yazıçılar Birlyinin beynəlxalq məsələlər üzrə katibi, MDB ölkələri ədəbiyyatları antologiyasının hazırlanması üzrə Milli komissiyanın üzvü və koordinatoru şair Səlim Babullaoğlu çıxış edib və müzakirələr boyu dəfələrlə təklif və düzəlişlər irəli sürüb.
Moskva Beynəlxalq Kitab Yarmarkası çərçivəsində Moskvada işgüzar səfərdə olan
MDB ölkələri ədəbiyyatları antologiyasının hazırlanması üzrə Beynəlxalq Redaksiya Şurasının üzvləri - Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçı Anar və Azərbaycan Yazıçılar Birliyi Moskva filialının rəhbəri, professor Abuzər Bağırov canlı olaraq tədbirdə iştirak ediblər. Tədbirdə Qazağıstan, Özbəkistan, Qırğızıstan, Belarus, Moldova, Türkmənistan və b. respublikaların nümayəndələri, tanınmış yazıçı və şairlər, ədəbiyyatşünaslar iştirak ediblər.
Xalq Yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinindən ətraflı bəhs edərək həm rus ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi, həmçinin Azərbaycan ədəbiyyatının rus dilinə tərcüməsi və nəşri məsələrindən, indiyə qədər görülən işlərdən, xüsusən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin işindən, “Dünya ədəbiyyatı” dərgisinin fəaliyyətindən söz edib. Gündəlikdə duran məsələlərlə bağlı öz təkliflərini verib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!