Esse
Tarixdə elə dövrlər olur ki, insan məhfumu ciddi qəbul edilmir, onun üçün tikmək deyil, ondan tikinti materialı - kərpic, sement kimi tikintidə istifadə etməyin daha uyğun olduğunu düşünürlər. Sosial memarlıq insan sayının miqyası ilə ölçülür. Bəzən o, insanın düşməninə çevrilir, onu təhqir etmək və alçaltmaqla öz əzəmətini artırır.
Assuriya əsirləri nəhəng çarın ayaqları altında cücə kimi eşələnir, insana düşmən olan dövlətin qüdrətini təmsil edən döyüşçülər uzun nizələrlə əli-qolu bağlı piqmeyləri öldürür, misirlilər və elə Misir inşaatçıları da insanla kütlə, ləvazimat kimi, hər hansı saya çatdırılaraq, tikinti üçün kifayət qədər yetəcək material kimi rəftar edirdilər.
Amma başqa sosial memarlıq da var, onun da miqyası, ölçüsü insandır, amma o, insandan tikinti ləvazimatı kimi istifadə etmir, insan üçün tikir, qüdrətini şəxsiyyətin alçaqlığı yolu ilə deyil, onun tələbatına uyğun olaraq ali məqsədəuyğunluqla artırır.
Hamı hərəkətdə olan sosial memarlığın monumental formalarını hiss edir. Dağ özü görünməmiş kölgəsini üzərimizə salır və XIX əsri dövlət-hüquq müstəvisində öyrənərək, cəmiyyət həyatının monumental formalarını yadırğayaraq biz bu kölgənin altında - onun gecəni hərəkətə gətirən qanad və ya ayaq basmalı olduğumuz doğma şəhərin kölgəsi olduğunu bilmədən qorxu və şübhə ilə hərəkət edirik.
Sadə mexaniki nəhənglik və çılpaq kəmiyyət insana düşməndir və bizi yeni sosial piramida deyil, sosial qotika cəzb edir: güc və qüvvələrin müstəqil oyunları, insan cəmiyyəti, memarlıq meşəsi (keçilməz, qalın, sıx ərazi) hər şeyin məqsədəuyğun, individual olduğunu bəyan edir və hər bir hissə nəhəngliyə can atır.
Sosial memarlıq instinkti, daha doğrusu, həyatın böyük monumental formalarda qurulması, sanki insanın ehtiyaclarıdır, insan cəmiyyətlərinə xasdır və onu boş yerə diktə edir. Sosial memarlıqdan imtina edilsə, hər kəs üçün mühüm, sadə tikili olan insan evi, insanın yuvası dağılacaq.
Zəlzələ təhlükəsi olan ölkələrdə insanlar düz səthli evlər tikirdilər və müstəviyə can atma, memarlıqdan imtina fransız inqilabından başlayaraq həyəcanla yeraltı təkanların, sosial zərbələrin gözlənildiyi on doqquzuncu əsrin bütün hüquqi həyatından keçirdi.
Amma zəlzələ düz səthə malik evlərə də mərhəmət etmir. Xaotik dünya da dağılır, ingilis home* da, alman gemüt**-də. Xaos bizim rus sobalarında nəğmə deyir, bizim qapaqları döyəcləyir.
İnsan evini dəhşətli sarsıntılardan necə mühafizə etməli? Onun divarlarını tarixin yeraltı təkanlarından necə sığortalamalı? Kim cəsarətlə deyə bilər ki, insan məskəni, insanın müstəqil evi Yer kürəsində onun ən yaxşı bəzəyi kimi olmamalıdı?
Son dövrlərin hüquqi yaradıcılığı yarandığı, mübarizə apardığı, səmərəsiz filosofluq etdiyi məqsədləri mühafizə etməyi bacarmadı.
İnsan haqları haqqındakı heç bir qanun, heç bir prinsip və toxunulmazlıqlar artıq insan evlərini sığortalamır. Artıq evləri fəlakətdən xilas etmirlər - nə inam yaratmır, nə təminat vermirlər.
İngilis insanı şəxsiyyətin hüquqi zəmanətinin qayğısına başqalarından daha çox qalır - amma o unudur ki, çox əsrlər əvvəl elə onun ölkəsində birbaşa olaraq inqilabi mənaya malik olan, Avropada ilk sosial inqilab olaraq qəbul edilmiş home anlayışı, bizim dövrün insanına fransız inqilabından daha doğmadır.
Sosial memarlığa doğru yaxınlaşan möhtəşəmlik onun dünya təsərrüfatını insanın tələbatına uyğun şəkildə, ev müstəqilliyini dünya sərhədlərinə qədər genişləndirərək, individual ocağını kainatın alovu ölçülərinə çatdıraraq, dünya evcilliyi prinsipində təşkil etməyə köklənib.
Gələcək onu anlamayanlar üçün soyuq və qorxuludur, amma gələcəyin daxili istisi, faydalılığın, məişətin və ilahiyyatın istisidi, müasir humanist insan üçün isə bu günün qızmar sobasının istisi kimi aydındır.
Əgər həqiqi humanist bəraəti gələcəyin sosial memarlığının əsaslarına sığmırsa, o insanı Assuriya və Vavilon kimi məhv edir.
Bu gün humanizmin dəyərlərinin seyrəlməsi, istifadədən uzaqlaşdırılması və əlçatmaz olması heç də pis əlamət deyil. Humanist dəyərlər qızıl valyuta kimi çıxıb getdi, gizləndi, amma qızıl özü metal ehtiyat kimi müasir Avropanın bütün ideya münasibətini təmin edir və onu itaətkarca, hətta amiranə şəkildə idarə edir.
Qızıl valyutaya keçid gələcəyin işidir və mədəniyyət sahəsində də müvəqqəti ideyaların - kağız buraxılışların - Avropa humanist irsinin qızıl sikkəsi ilə əvəzlənməsi lazımdır; humanizmin gözəl florinası arxeoloqun belinin altında cingildəmir və zamanı yetişdikdə gəzən səsli pul kimi yaşayacağı günü görəcək, əllərdə gəzəcəkdir.
1922
* ev (ingiliscə)
** burada: tərz (almanca)
Rus dilindən tərcümə edən: Xatirə NURGÜL
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!