Ədəbiyyat İnstitutunda “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr edilmiş nömrəsinin təqdimatı keçirilib - FOTOLAR

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr edilmiş nömrəsinin onlayn təqdimatı keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq, Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamından sonra akademiyada və institutda görülmüş işlər barəsində iştirakçıları məlumatlandırıb. O, Sərəncamın mahiyyətinə uyğun olaraq müstəqillik işığında Nizami Gəncəvinin Azərbaycan şairi kimi tədqiq və təbliğ olunmasına diqqəti yönəldib. Təəssüflə bildirib ki, bu gün də Nizaminin milli mənsubiyyəti ilə bağlı lazımsız fikirlər qalmaqdadır. Bu mənada “Qardaş qələmlər” dərgisinin bir nömrəsinin Nizami Gəncəviyə həsr olunması tarixi hadisədir. Bu, dünyada Nizami Gəncəviyə bütövlükdə həsr olunan ilk jurnaldır. Dərginin bu nömrəsində Əlyazmalar İnstitutunun alimlərinin, həmçinin türkiyəli müəlliflərin məqalələri yer alıb. Bu iş Nizami uğrunda birgə nəşrdir, nizamişünaslığa xidmətdir. Habelə institutun əməkdaşı Təhminə Bədəlovanın Nizami Gəncəviyə həsr olunmuş bu jurnal haqqında irihəcmli məqaləsi “Ədəbiyyat qəzeti”ndə çap olunub.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək birgə layihə olan bu nəşri çox mühüm hadisə adlandırıb. Əlavə edib ki, “Nizami Gəncəvi İli”ndə önəmli hadisələrdən biri də “Qardaş qələmlər” dərgisinin bir nömrəsinin Nizamiyə həsr edilməsidir. O, Türkiyədə çıxan bir dərgidə Nizaminin türk şairi kimi təqdim olunmasını uğurlu addım kimi dəyərləndirib.

Nizamişünaslıq şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Nüşabə Araslı bu nəşri türk xalqlarının, xüsusilə Türkiyə ictimaiyyətinin Nizamiyə töhfəsi kimi xarakterizə edib.

Türk Dünyası Ağsaqqallar Şurasının Türkiyə Təmsilçisi Mustafa İsen çıxışında Nizamini dünyaya lütf edilmiş bir dahi adlandırıb. Vurğulayıb ki, dünyada mininci, 880-ci il dönümünü qeyd edəcəyi dahisi olan xalqlar çox azdır. Türk xalqlarının isə Nizami Gəncəvi kimi kifayət qədər minillik tarixə malik dahiləri var.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli dərginin bu sayını Azərbaycanın Zəfərinin davamı kimi qiymətləndirib: “44 günlük savaş zəfərlə bitdi, bizim mənəvi savaşımız isə davam edir. Buna görə də biz həmişə türk qardaşlarımızla birlikdə olmalıyıq. Bu jurnal gələcək qələbələrin əsasını sanballı bir işlə qoyub”.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Qardaş qələmlər” dərgisinin türk dünyasında və Azərbaycanda ədəbi-mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən söz açıb. Avrasiya Yazarlar Birliyinin, xüsusən onun rəhbəri Yaqub Öməroğlunun son onillikdə türk xalqları ədəbiyyatının təbliğində böyük işlər gördüyünü xatırladıb. Türk dövlətləri arasında yayılmış dərginin və onun baş redaktorunun Azərbaycana xüsusi münasibətinin olduğunu bildirib. Buna nümunə olaraq indiyədək Türkiyədə “Bengü” yayınlarında Azərbaycana məxsus 50-dən çox kitabın nəşr edildiyini qeyd edib.

Təqdimatda qonaqlardan Orxan Söyləməz, Aygün Babaşova, Nizamişünaslıq şöbəsinin əməkdaşlarından Zəhra Allahverdiyeva, Təhminə Bədəlova, Yelena Teyer, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi Pərvanə İsayeva, Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İmamverdi Həmidov və başqaları da nəşrin xüsusi önəmindən bəhs ediblər.

Sonda Avrasiya Yazarlar Birliyinin başqanı, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu çıxış edib. O, dərginin ilk sayının nəşrindən bəri akademik İsa Həbibbəylinin dəstəyini daim hiss etdiklərini vurğulayıb, əlaqələrin daha da güclənməsi yolunda əməkdaşlığın davam edəcəyini diqqətə çatdırıb.

 

literature.az

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!