Neftçalada “Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda elmi konfrans keçirilib

 

Neftçala rayonunun dilçi alimlərinin təşəbbüsü və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 4 sentyabr 2021-ci il tarixdə “AZLİNG2021 -  Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda elmi konfrans keçirilmişdir. Mövcud pandemiya şəraiti ilə əlaqədar “Zoom” platforması üzərindən təşkil olunan elmi konfransda respublikamızın tanınmış ziyalıları və elm adamları iştirak etmişdir.

Azərbaycandan və xaricdən 21 dilçi alimin məruzə ilə qatıldığı tədbiri giriş sözü ilə açan Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru, konfransın təşkilat komitəsinin sədri Könül Məmmədova, həmçinin Xəzər Universitetinin təsisçisi və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı qonaqları salamlayaraq, keçirilən konfransın əhəmiyyətindən söz açaraq, regionlarımızda belə tədbirlərin təşkilinin vacibliyini diqqətə çatdırmış və iştirakçılara uğurlar arzulamışlar. Sonra Azərbaycan Respublikasının Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının və AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru  akademik Möhsün Nağısoylunun konfrans iştirakçılarına ünvanlamış təbrik sözlərini əks etdirən videoçarxlar  nümayiş olunmuşdur.

 Plenar iclasda Pekin Xarici Dillər Universitetinin professoru Liu Zhaonun “Dede Korkut'tan Geriye İleriye Bakışla: Koşaçın Tarihi”, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyevanın “Kütləvi informasiya vasitələrində Azərbaycan dilinin düzgün tətbiqi” və  professor Hamlet İsaxanlının “Dilin fəlsəfi aspektlərinə baxış” adlı məruzələri dinlənilmişdir. 

Məruzələrdən sonra bölmə iclasları öz işinə başlamışdır. BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri - Ramil Bayramov və Pərvin Eyvazovun, AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Aqil Cəfərovun moderatorluğu ilə keçirilən üç paneldən ibarət bölmə iclaslarında 17 nəfər iştirakçı dilçiliyin müxtəlif problemlərinə həsr olunmuş mövzularla çıxış etmişdir. Çıxışların ardınca məruzələr ətrafında fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

Konfransın bağlanışında tədbirin təşkilatçıları - Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Çin Sosial Elmlər Akademiyasının ilk azərbaycanlı alimi, Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev və AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Qüdsiyyə Qəmbərova məruzələrdə toxunulan bir çox məsələlərin mühüm və  aktual olmasından, yaxın vaxtlarda konfransın xatirə jurnalının çap olunmasından, habelə belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətindən danışmış, iştirakçıların müzakirələrdəki aktivliyini yüksək qiymətləndirərək onlara təşəkkürlərini bildirmişlər.

Sonda bütün məruzçilərə təşkilat komitəsi adından sertifikatlar təqdim olunmuşdur.

 

PƏRVİN EYVAZOV

BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi

 

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!