Akademik İsa Həbibbəylinin "Molla Pənah olan Vaqif" monoqrafiyası nəşr olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin görkəmli Azərbaycan şairi və tanınmış dövlət xadimi Molla Pənah Vaqifin həyatı və yaradıcılığından bəhs edən "Molla Pənah olan Vaqif" monoqrafiyası işıq üzü görüb. Akademik İsa Həbibbəyli monoqrafiyada ilk dəfə olaraq Molla Pənah Vaqifi Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının banisi kimi tədqiqata cəlb edib.

XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından olan Molla Pənah Vaqif Azərbaycanın ictimai-siyasi, eləcə də bədii fikrinin formalaşmasında mühüm xidmətləri olub. Monoqrafiyada görkəmli şairin həyatı, müasirləri ilə münasibətləri, ictimai-siyasi fəaliyyəti bütöv şəkildə tədqiqata cəlb edilib.

Akademik İsa Həbibbəyli görkəmli şair Molla Pənah Vaqifə göstərilən yüksək səviyyəli münasibətin əhəmiyyəti barədə monoqrafiyada ətraflı bəhs edib. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Qarabağın tarixi-inzibati mərkəzi olan Şuşa şəhərində Molla Pənah Vaqifin möhtəşəm məqbərəsinin ucaldılmasının görkəmli şairin xatirəsinə olan ehtiramın böyük ifadəsi olduğu vurğulanıb. Monoqrafiyada qeyd edilir ki, Qarabağın erməni vandalları tərəfindən işğalından sonra Azərbaycanın maddi-mənəvi sərvətlərinə vurulan zərbələr Molla Pənah Vaqifin məqbərəsindən də yan keçməyib. Lakin Azərbaycanın müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən savaşında qazanılan möhtəşəm qələbə, Şuşa şəhərinin düşmən işğalından azad olması ilə Molla Pənah Vaqif məqbərəsinin ruhu və abidəsi də düşmən işğalından xilas olub. Monoqrafiyada Molla Pənah Vaqifin məqbərəsinin yenidən, yüksək memarlıq tələblərinə uyğun olaraq bərpa edilməsinin böyük sənətkarın ədəbi-tarixi xidmətlərinə müstəqillik dövründə verilən yüksək qiymətin ifadəsi, ədalətin zəfər çalması olduğu vurğulanıb.

Akademik İsa Həbibbəyli monoqrafiyada Molla Pənah Vaqifin həm ictimai-siyasi fəaliyyətinin, həm də bədii yaradıcılığının  bütün mərhələlərini özünə qədər aparılmış ciddi elmi tədqiqatlara istinad etməklə tədqiqata cəlb edib. XVII əsrdən etibarən Azərbaycan ədəbiyyatında baş verən keçid proseslərinin, realist şeirə doğru baş verən meyillərin məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə özünün zirvə nöqtəsinə çatması "Molla Pənah olan Vaqif" monoqrafiyasında təhlil edilib. İlk dəfə olaraq akademik İsa Həbibbəyli tərəfindən bu dövrə erkən realizm, Molla Pənah Vaqif isə erkən realizm ədəbi cərəyanının banisi kimi təqdim edilib. Akademik İsa Həbibbəyli bu barədə monoqrafiyada yazır: "Erkən realizm mərhələsi Azərbaycan ədəbiyyatında realist meylin davamlı prosesə çevrilməsi üçün mühüm zəruri şərtlər hazırlamışdır. Erkən realizm - Azərbaycan ədəbiyyatında realist hərəkatın təməli, bünövrəsidir. Erkən realizm - sadəcə təmayül deyil, özünəməxsus ideya-estetik prinsipləri olan ədəbi cərəyandır. XVII əsr Azərbaycan ədəbiyyatında Saib Təbrizi ilə başlanan yeniləşmə meyilləri tədricən inkişaf edərək XVIII əsrdə Molla Pənah Vaqifin ədəbiyyatdakı islahatları ilə başa çatmışdır. Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının yaradıcısı və banisidir".

 

Monoqrafiyada Molla Pənah Vaqif şeirinin poetikasından,vəzn və janr, dil və üslub problemlərindən, onun əsərlərinin özünəqədərki ənənəyə uyğun və fərqli xüsusiyyətlərindən geniş bəhs edilib. Akademik İsa Həbibbəyli monoqrafiyada Molla Pənah Vaqif yaradıcılığı ilə heca vəzninin Azərbaycan şeirində ana vəznə çevrildiyindən yazıb. Molla Pənah Vaqif ədəbiyyata gətirdiyi yeniliklərlə Molla Pənah olmağın mümkünlüyünü sübut edib.

Qeyd edək ki, akademik İsa Həbibbəylinin "Molla Pənah olan Vaqif" monoqrafiyası AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Sənətkarın elmi pasportu" seriyasından (23-cü kitab) çap olunub. Kitabın məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!