XALQ ARTİSTİ RƏFİQƏ AXUNDOVAYA
Əziz Rəfiqə xanım! Yubileyiniz və təltif olunmanız münasibətilə Zemfira xanımın və öz adımdan Sizi ürəkdən təbrik edirəm. Sizin və həyat, sənət yoldaşınız Maqsudun ailəvi dostlarımız olmağınızla qürur duyuram. Taleyimə minnətdaram ki, Sizin quruluşda baletlərimizin Parisdə böyük uğur qazanmasının canlı şahidi olmuşam. Böyük bəstəkarlarımızla, rəssamlarımızla, dirijorlarımızla, balet ifaçılarıyla birlikdə sənət tariximizə əvəzsiz töhfələr vermisiniz.
Sizə, Maqsuda ən səmimi dostluq hisslərimi və ən xoş arzularımı çatdırmaq istəyirəm.
ANAR
XALQ ARTİSTİ FLORA KƏRİMOVAYA
Hörmətli Flora xanım! Yubileyiniz və təltif olunmanız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin ecazkar sənətiniz uzaq gəncliyimizin munis xatirələrindəndir. Siz estradamızın ən parlaq ulduzlarından idiniz və indi də eyni cür parlaq ulduzu olaraq qalırsınız. Məmnunam ki, bənzərsiz ifanız mənim ssenarim əsasında Arif Babayevin çəkdiyi “Gün keçdi” filmində unudulmaz dostlarım Emin Sabitoğlu və Vaqif Səmədoğlunun “Bir axşam taksidən düşüb payıza” və Eminlə mənim yazdığımız “Düşürsən yadıma” mahnılarında əbədi təravətiylə səslənir. Sizə yeni sənət uğurları, ürəyinizcə xoş günlər arzulayıram.
ANAR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!