şeirlər
ÇIRAQ
"Mən hər gecə hamıdan muğayat
olmaq üçün yatmıram. Qaranlıq otaqda
durub sönən çıraqlara baxıram.
Ən sonuncu çıraq sönəndə öz çırağımı yandırıram ki,
şəhərimiz işıqsız (çıraqsız) qalmasın".
Həllac Mənsur
Evlərdə işıqlar, şamlar sönməyib,
Evlərdə kağızlar, varaqlar sönüb.
Qələm nə gündədir, aləm nə gündə,
Arzular sozalıb, maraqlar sönüb...
Yoxdu elə bil ki, ürək ahı, yox.
Yoxdu elə bil ki, ürək axı, yox?!
Çıraq piltəsində ürək yağı yox...
O yağlar hardadı, o yağlar sönüb!
Günəş də yanıbdı bax, çıraq kimi,
İnsanı axtarır ah, çıraq kimi.
Yanardı sinədə dağ, çıraq kimi
O sinələr hanı, o dağlar sönüb?!
Sabahdı, dünəndi, bu gündü Mənsur,
Köküm hiss edir ki, kökümdü Mənsur.
Gələcək Nəsimi, bugünkü Mənsur,
Yandır çırağını... çıraqlar sönüb!
***
Adam çoxaldıqca... adam azalır,
İnsan çoxadıqca qar-qardaş artır.
Dərəyə yağdıqca əriyib gedir,
Zirvəyə yağdıqca qar qardaş, artır!
Elə ki, mərd olan mərdə yar olur,
Ya mədəd - deyənlər mədədkar olur.
Aqil məclisində mərd əyar olur,
Nadan məclisində yekəbaş artır!
Dönmə öz sevgindən ölüncə, Barat,
Sev incə, de incə, gül, incə, Barat!
Bir bəndə sevgisi görüncə, Barat,
Allahın sevgisi birə-beş artır!
BAX
Ağıl var elə bil, ağılı yoxmuş,
Könül var, sən ona ağıl kimi bax!
Nağıl var, oxusan dastan bilərsən,
Dastan var, oxuyub nağıl kimi bax!
Ömür çilik-çilik, bölük- bölükdür,
Yük var ki, bir tükmüş, tük var ki, yükdür...
İz var ki, cığırdan, yoldan böyükdür,
Yol var ki, uzanır cığır kimi... bax!
Su var ki, murada yetirər səni,
Xızır tək tərkinə götürər səni.
Sahil var, ümmantək batırar səni,
Ümman var, qoynuna sahil kimi bax!
Harda ki, viranə- xaraba varmış,
Orada deyirlər bayquş ularmış.
Həyat dedikləri xaraba- bayquş,
Ölümə bülbüllər oxur kimi bax!
Eşqə ki, ay Barat, kim can verirmiş,
Bəşərə o, şöhrət, o, şan verirmiş!
Özünü gözəllə nişan verirmiş...
Gözələ Allaha baxır kimi bax!
HƏNDƏVƏR
Həndəvər söyləmə hər həndəvərə,
Nə vardı yatmayıb, it hürsə idi.
At var - həndəvəri ərlər, ərənlər,
İt var - həndəvəri it kürsəyidi.
Minib öz atını çap, o ki, var, çap,
Rast gəlmə nə uçrum, nə döngələrə.
Özünə sən başqa bir həndəvər tap,
Hərlənmə sən başın, bu həndəvərə!
Həndəvər olarıq mində birimiz,
Yerdə qalanımız bəndə felləri.
Dağlardı, daşlardı həndəvərimiz,
Bəs nədi dağ-daşın həndəvərləri?!
Ey vətən, deyirəm haqqı qalıbmı
Hər bəndə deyənə bəndə deyəm mən?
Ruhumla bu yurdun həndəvərində
Gecə də, gündüz də keşikdəyəm mən!
Gəl demə, biz indi güvənək kimə,
Sən dayan, dur görüm, a həndəvər, bir...
Şəhid qəbirləri bəs nədi, bəs nə?
Sən deyən, mən deyən həndəvər deyil?!
Dünyada nə qədər həndəvərlər var,
Çaqqal həndəvəri, qurd həndəvəri...
Adamlar belinə kəmər taxırlar,
Yoxsa olmaq üçün yurd həndəvəri?!
Əsibdi, coşubdu bir qarı yenə,
Baxmır nəvəsinə kim vurulubdu.
Deyir, bir də qızın həndəvərinə
Hərlənsən, ölmüsən, ay köpəyoğlu!
Necə saraldıblar gör aşiqləri,
Demirlər, sevənlər mində birdilər.
O qədər qına ki, sarmaşıqları,
Bunlar da bu təhər həndəvərdilər!
Canda canımız yox, qəmdə yerimiz,
Bəlkə biclik edək,
fəndə əl qoyaq?!
Boşalıb... boş qalıb həndəvərimiz,
Bəlkə adımızı həndəvər qoyaq?
NƏFƏSİM
Görürəm çoxunu təlaşa salır,
Məhəmməd nəfəsim, Əli nəfəsim.
Çox şükür, hələ ki, nəfəsim gəlir,
Gəlir Nuhdan qalma gəmi nəfəsim!
Yaxşı tanıyıram özüm nəfəsi,
Ürəyim nəfəsi, gözüm nəfəsi!
Qoymaram kəsilsin sözün nəfəsi,
Söz nəfəs alanda... gəlir nəfəsim!
Bülbülə güllər də qəfəs kimidir,
Həm kəsilən səsdir, həm səs kimidir.
Elə insanlar da nəfəs kimidir,
Kimi düşmənimdi, kimi nəfəsim?!
Yaman varlandırıb bu "gəlir" məni,
Eyləyib hamıyla birgəli məni.
Ağıllı eyləyib bu dəli məni,
Ağıllı nəfəsim, dəli nəfəsim.
Mən baxtlı adamam, baxtsız adamam,
Mən bax, bu adam yox, bax, bu adamam.
Barat, mən nəfəsə məxsus adamam,
Mən elə bax, buyam-bəli, nəfəsim!
KÖHNƏ YOLÇU
Çəkib sübh yelini ciyərlərimə,
Ürək harayacan getsə gedəcəm.
Sığınıb haqqımın nəzərlərinə,
Ürək harayacan getsə, gedəcəm!
Mən köhnə dərvişəm, köhnə yolçuyam,
Mən yolçu olmuşam, yenə yolçuyam.
Allah, heç kimə yox, sənə yolçuyam,
Ürək harayacan getsə, gedəcəm!
Yol kimi uzanıb mən yol uzunu,
Tapacam özümün mən yol-izimi.
Ürək gedən yoldu yolun uzunu,
Ürək harayacan getsə, gedəcəm!
İnsan min illərdir nədən yerdədir?
Ruh uçur göylərdə... bədən yerdədir.
Cənnət elə ürək gedən yerdədir,
Ürək harayacan getsə, gedəcəm!
Qüvətim, qüdrətim, taqətim ürək,
Dünyanın özündən ta qədim ürək,
Mən öz mətləbimə ta yetdim, ürək,
Ürək harayacan getsə, gedəcəm!
SONUNCU ŞAİR
...Ən çox şairlərdi dərdini bilən,
Onunçün şairi öldürməmisən.
Allahım! Dünyaya yazığın gəlib,
Sonuncu şairi ödürməmisən!
Çoxları bilsə də, çoxları bilmir,
Baharlar can verir, qışlar yaşayır.
Dünyada heyvan var, kökü kəsilib,
Dünyada sonuncu quşlar yaşayır.
Gün görən de hansı gün görüb axı,
De hansı zirvədə hələ də qıy var?
Dünyada bəlkə də hönkürüb axır,
Sonuncu bulaqlar, sonuncu çaylar?!
Nəsli kəsilibdi Qırat, Düratın,
Dilboz atları da az-az görürəm.
Bu yazda deyəsən, yazlıq qalmayıb,
Avazda bir özgə avaz görürəm.
Allahım, rəhm eylə, ölün, dirin, var,
Bilirəm dərdini, sən deməsən də.
Şairlər içində bir şairin var,
Sağ ol, "Son" desən də, "Son" deməsən də!
Sənə oxşamışam... guya bilmirsən,
Deyir yalanı yox, doğrunu, şair.
Allah, "Son" sözünü deyə bilmirsən,
Demək, namaz üstə doğulub, şair!
Yenə nə eyləsən insafa bax, et,
Qoyma şairini ölə, bilmərrə!
Sən məni sonuncu dərd kimi yox et,
Sonuncu şairtək ölə bimərəm!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!