Azər Turanın kitabı doğulduğu rayonda təqdim olundu
Oktyabrın 17-də Neftçala rayon Heydər Əliyev Mərkəzində "Ədəbiyyat qəzeti"nin baş redaktoru, ədəbiyyatşünas alim Azər Turanın "XX əsr - Fəryadın metafizikası" kitabının təqdimat mərasimi təşkil olunmuşdu. Ədəbi cameəmizin patriarxlarından xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, millət vəkili, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, xalq şairi Fikrət Qoca, xalq şairi Nəriman Həsənzadə, görkəmli şair Çingiz Əlioğlu, yazıçı Dilsuz, AYB-nin katibi İlqar Fəhmi, rejissor Ramiz Həsənoğlu, millət vəkili Arif Rəhimzadə, eləcə də AYB-nin sədr müavini Nazim İbrahimov, ədəbiyyatşünas alimlərdən Rüstəm Kamal, Elnarə Akimova, Məti Osmanoğlu və başqalarının qatıldığı tədbir əsl söz-sənət bayramı ab-havası yaratdı. Mərkəzin direktoru Ruhəngiz Nəcəfova qonaqları salamladı. Neftçala rayon İcra Hakimiyyəti başçısının müavini Güntəkin Sadıqova rayonun son illərdəki uğurlarından və orada Azər Turanın yaradıcılığına dərin sayğı yaşanmasından söz açdı. Sonra çıxışlar başladı. Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin əhatəli və məzmunlu çıxışından sonra kitabla bağlı müzakirələrə start verildi.
İlqar Fəhmi:
Bu qədər insanın ədəbiyyat adına, söz adına toplaşması böyük bir hadisədir.
Mən Azər Turanın ədəbiyyat sahəsində son iyirmi ildəki fəaliyyətini düşünəndə Şərq metafizikasının əsası olan hərəkət haqqında dörd kateqoriya yadıma düşür. Şərq metafizikasında dörd hərəkət var. Biri insandan insana hərəkətdir. İkincisi, məxluqdan haqqa hərəkətdir. Üçüncüsü, haqqın içində hərəkətdir. Dördüncüsü, haqla bir yerdə yenidən məxluqların içinə hərəkətdir. İnsan həqiqəti, ideyanı öyrənməyə doğru hərəkət edir. Sonra özü onun içində yetişir, bişir və sonra onun - ideyanın təbliğatçısına çevrilir və onu insanlar arasında yayır. Azər müəllimin əsasən də son dövrdəki fəaliyyəti bayaq xatırlatdığım dördüncü hərəkətin formasından ibarətdir. Yəni ideyanı təbliğ eləmək...
İndi dünyada gedən ədəbi proseslərin içərisində ideyasızlığın özü bir ideyaya çevrilib. Hansısa bir ideyanın ətrafında olmaq özü bir geriqalmışlıq hesab olunur. Amma belə bir dövrdə bir Şərq insanı olaraq Azər Turanın məhz ideya daşıyıcısı olmağı onu bizim gözümüzdə xeyli dərəcədə qaldırmış olur. Son 10-15 ildə Azər Turanın bütün yazıları, çıxışları ideya ətrafındadır. Bu ideya da bizim milli düşüncəmiz, milli şüurumuz və bədii təfəkkürümüzdür. Azər müəllim bu ideyanın yaradıcılarını həmişə araşdırıb, onları özünə mənəvi ata bilib. Onlardan nələrsə götürüb, onların 100 il bundan əvvəl demək istədiklərini bugünkü dövrə, bugünkü dilə uyğunlaşdırıb deyib. Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun dediklərini bu günümüzə şamil etmək, bu da böyük bir məziyyətdir. Mənə elə gəlir ki, ziyalılarımızın içində ideyalı insanlarımız nə qədər çox olsa, ədəbiyyatımız da bir o qədər yaşayacaq.
Anar:
- Yazıçılar Birliyi adından bu görüşü təşkil etdiyinə və böyük öndərimiz Heydər Əliyevin adını daşıyan belə möhtəşəm sarayın inşa edildiyinə görə Neftçala İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edirəm. Neftçala deyəndə şəxsən mənim ilk yadıma düşən ad rəhmətlik İmamverdi Əbilovun adıdır. O, bizim ailəvi dostumuzdur. Atamın dostu idi. Anamla qarşılıqlı hörmət münasibətləri vardı və mən də daha cavan olmağıma baxmayaraq, onunla yazışırdım, qarşılıqlı əlaqə saxlayırdım. O, Neftçalada bir ədəbiyyat ocağı yaratmışdı. Onun evi bir muzey idi, kitabxana idi. Müxtəlif ölkələrdən aldığı məktublar, fotolar, kitablar çox zəngin bir irsdir. Amma İmamverdi müəllimin ən böyük irsi onun övladlarıdır. Bu gün söhbət Azərdən getdiyi üçün mən Azəri xüsusi qeyd etmək istəyirəm. Ümumiyyətlə, indi təəssüf ki, çox kitab oxumaq imkanım azdı. Qəzetlərdən, televiziyadan xəbərlərə baxmaq adamın vaxtını alır. Hər halda, elə kitablar var ki, mən onları mütləq oxuyuram. Azər Turanın "XX əsr - Fəryadın metafizikası" kitabını da maraqla oxudum. Bu kitab çox vacib bir hissi, amalı ifadə edir. O da türk dünyasının birliyi, türk dünyasının mənəvi dəyərləridir. Açığını deyim ki, kitabın adı məni çox da qane etmədi. "Fəryadın metafizikası" nə deməkdir? Mən bunun mənasını tapa bilmədim. Amma bu kitabın məğzi, amalı, dediyim kimi, türk dünyasının birliyi, türk dünyasının mənəvi dəyərləridir. Türk dünyası heç bir başqa xalqa qarşı deyil. Türk dünyası bütün dünyaya barış təklif edən, bütün xalqlara hörmət edən və eyni zamanda öz mənəvi dəyərlərini qoruyan bir dünyadır. Türk dünyasının mənəvi birliyi Azər Turanın bu kitabından da qızıl xətt kimi keçir... Mən Azəri təbrik edirəm.
İsa Həbibbəyli:
- Hörmətli icra başçısı, əziz qonaqlar!
Bu gün Neftçalada "XX əsr - Fəryadın metafizikası" kitabının təqdimat mərasimində mən də Anar müəllim kimi sözün əsl mənasında ilk növbədə, bizim böyük müəllimimiz, dostumuz İmamverdi müəllimi xatırlayıram. Mən həmişə düşünmüşəm ki, Kür çayı və digər çaylar böyük nəhrlər yaratdığı kimi İmamverdi müəllim də bu regiondan böyük dənizlərə axan, onun əvəzsiz donoru olan Kür çayı kimi olub. Və onun məktubları, şəkilləri, kitabları, məqalələri, söhbətləri bizim ədəbiyyatımızı, ziyalı fikrimizi zənginləşdirib. Məncə, bizim hörmətli Azər müəllim də hər şeydən əvvəl İmamverdi Əbilov məktəbinin yetirməsidir. Hamımızın ağsaqqalı hesab elədiyimiz müəllimimizin geniş dünyagörüşü, böyük kitabxanası, öyüdü, istiqaməti Azər Turanın bu səviyyəyə gəlib yetişməsində müstəsna rol oynayıb.
Mən söhbətimə "Ədəbiyyat qəzeti"ndən başlamaq istəyirəm. "Ədəbiyyat qəzeti" Azərbaycan yaradıcı ziyalılarının, ədəbiyyat adamlarının əsas qəzetidir. Yazıçılar Birliyinin digər orqanları, daha çox fundamental ədəbiyyata xidmət edir, "Ədəbiyyat qəzeti" isə həm fundamental ədəbiyyatın yaranmasına dəstək verir, həm də gündəmi, ədəbi prosesi tənzimləyir və ona istiqamət verir. Çox vaxtlar olub ki, "Ədəbiyyat qəzeti" ədəbi prosesin arxasıyca gedib. İndiki halda Azər Turan və "Ədəbiyyat qəzeti" ədəbi prosesin önündədi. "Ədəbiyyat qəzeti" ədəbi prosesi irəli aparan hərəkərverici bir qüvvə olmaq funksiyasını layiqincə yerinə yetirir. Və bu gün "Ədəbiyyat qəzeti" ölkəmizdə gedən ədəbi prosesi ilk növbədə ifadə etməklə, ona işıq salmaqla, bələdçilik etməklə bərabər dünyada gedən ədəbi prosesin də aydın istiqamətlərini bizə göstərir. "Ədəbiyyat qəzeti" fəaliyyətinin heç bir dövründə indiki qədər milli ədəbi prosesi, ölkə ədəbi prosesini və bununla harmoniyada dünya ədəbi prosesini əks etdirə bilməyib. Bu, Azər Turan mərhələsidir. Azərbaycan ədəbi prosesi, onunla harmoniyada olan, üzvi bağlı olan dünya ədəbi prosesini əks etdirmək "Ədəbiyyat qəzeti"nin indiki simasını müəyyən eləyir. Bunun üçün də qəzetin baş redaktorundan geniş dünyagörüşü, mütaliə, baxış, mövqe tələb olunur. Məncə, Azər Turan bizim əsrin əvvəllərində olan Əli bəy Hüseynzadədən, Əhməd Ağaoğludan başlayan missiyanı layiqincə özündə simvolizə edə bilir. "Ədəbiyyat qəzeti" eyni zamanda yerlərdən, regionlardan olan ədəbiyyatı da özündə tam əhatə edir. Bu gün Azərin doğulduğu torpaqda, ancaq Azərbaycanın bir regionunda "Ədəbiyyat qəzeti" ilə görüşün keçirilməsi ölkə ədəbiyyatına regional deyil, tam baxışının ifadəsidir.
"XX əsr - Fəryadın metafizikası" kitabı barədə də fikirlərimi demək istəyirəm. Mən hesab edirəm ki, kitabın adı "XX əsr - Fəryadın metafizikası" deyil, "Metafizikanın fəryadı" olsaydı, daha obyektiv olardı. Çünki XX əsrin qlobal dəyişmələri, çöküşləri, qabarmaları, çəkilmələri əslində Azərin təbliğ etdiyi və ümumiyyətlə, hamımızın da keşiyində durduğumuz milli ideologiyanın, ədəbiyyatın, mənəviyyatın obyektiv axarının təzahürlərinə mane olub. Düzdür, söndürə bilməyib. Amma onu çığırdıb, onu sıxıb, onu Sibirdən, 37-dən keçirib, onu müxtəlif təzyiqlərlə üzləşdirib, müqavimətlərlə üz-üzə gətirib. Amma milli ideya, milli bütövlük müxtəlif metafiziki qabarmalardan - çəkilmələrdən, ağrılardan keçərək öz varlığını qoruyub saxlayıb və inkişaf elətdirib. Bu kitabdakı yeniliklərin bəzisini də oxucuların diqqətinə çatdırmaq istəyirəm. Birinci, hələ ki, Azərbaycanda modernizm cərəyan kimi təsdiq olunmayıb... Azər Turan modernizmin köklərini XX əsrin əvvəllərində görür. Burada incə bir məqam sezirəm. Onu Azər Turan da görüb. Amma mənim buna bir az fərqli baxışım var. Azər Turan Nəcib Fazil Qısakürək yaradıcılığıyla Türkiyədə modernist bir dalğanın gəlişməsindən söz açır. Və bunun xarakterini də izah edir. Azər Turan bunun xarakterini izah edərkən burda bir dekadans əhval-ruhiyyə görür. Həqiqətən də indiyə qədər ədəbiyyatşünaslıqda bu boşluq var idi. Biz iyirminci illərin əvvəllərində iki böyük cərəyan haqqında danışırıq. Onlardan biri tənqidi-realizm, digəri romantizmdir. 20-ci illərə doğru romantizm öz səviyyəsindən aşağı düşdü. Amma nə baş verdi? Niyə belə oldu? Bunu mənim oxuduğum kitablar içərisində ilk dəfə ifadə edən Azər Turanın yeni kitabı oldu. Azər məhz iyirminci illərin əvvəllərinin dekadans ədəbiyyatını modernizmin başlanğıcı hesab edir. O, bu çöküş əhvalını, dekadans qatı Azərbaycan ədəbiyyatından yalnız Məhəmməd Hadidə görməklə kifayətlənir. Amma mən Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadu"sunda da, Yusif Vəzir Çəmənzəminlidə də həmin çöküşü də, dekadansı da, hətta mifologiyaya olan meyli də görürəm. Cəlil Məmmədquluzadənin iyirminci ildən sonrakı və ömrünün sonuna qədərki yaradıcılığında da bu çöküşün əlamətlərini görürəm. Azər bunu modernizm adlandırır. Və bunun dekadans olduğuna işarələr edir. Sosialist-reailizmi ilə tənqidi realizm, romantizm arasında dekadentizm cərəyanı dayanır. "XX əsr- Fəryadın metafizikası"nin bu qədər ciddi bir işi meydana qoyması özü böyük xidmətdir. Azər Turanın kitabı ədəbiyyatşünas-publisist düşüncəsi ilə yazılsa da, ciddi ədəbiyyatşünaslığa bu mənada öz layiqli töhfəsini verə bilib. Bu bizi düşündürür və dekadentizm, modernizm barədə müxtəlif məslələrə fərqli istiqamətlərdən yanaşan yarıpublisistik, yarıədəbiyyatşünaslıq üslubda yazılmış bu kitabı biz ciddiyə alırıq. Bu məsələləri akademik düşüncəylə yenidən öyrənməyə borcluyuq və bu məsələnin ilkin konturlarını bizə Azər Turanın "XX əsr - Fəryadın metafizikası" verdi. Məncə, bu həm də dekadentizmin fəryadıdır. Biz onu eşitdik və bununla ciddi şəkildə sözsüz ki, məşğul olacağıq.
Bir məsələni də deməklə kifayətlənmək istəyirəm. Bizim ədəbiyyatda, bədii yaradıcılıqda türkoloji, türkçü düşüncə var. Qaspıralı var, Əli bəy Hüeynzadə var, Hüseyn Cavid var, Məhəmməd Hadi var. Bu günə qədər gəlib çatan böyük dalğa var. Amma elmdə bizdə türkologiya deyəndə daha çox dilçilik başa düşülür: Samət Əlizadə, Tofiq Hacıyev, Kamal Abdulla, Nizami Cəfərov miqyasında türkologiya götürülür. Anar müəllim, diqqətlə fikir versəniz, bizdə dilçiliyin türkologiyası var, ancaq ədəbiyyatşünaslığın türkologiyası yoxdur. Ədəbiyyatşünaslıqda türkçülük konsepsiyası barədə danışmaq məqalələr səviyyəsindən irəli getməyib, sistemli olmayıb. Məncə, ilk dəfə olaraq Azər Turanın "XX əsr - Fəryadın metafizikası" əsəri ədəbiyyatşünaslıqda türkçü elmi baxışı özünəməxsus sistemlə meydana qoyub. Burası da mənim üçün son dərəcə qiymətlidir ki, bu ümummilli ideyanın əsas daşıyıcılarından olan türkçülük cərəyanına Azər Turan Azərbaycan prizmasından baxır. Onun türkçülük düşüncəsində Azərbaycan faktoru əsasdır, aparıcıdır.
Nəriman Həsənzadə:
- Bu gün ayın 17-sidi. Sabahkı gün Azərbaycan xalqının öz müstəqillik aktına imza atdığı gündür. Yəni bugünkü təqdimat çox əlamətdar bir vaxta təsadüf edir. Təqdim olunan kitaba görə Azəri təbrik edirəm. Onun kitabının bu rakursdan təqdim edilməsi də, ümumiyyətlə ədəbiyyata, "Ədəbiyyat qəzeti"nə gəlişi də təbiidi. Azər ilk növbədə Caviddən, Əli bəy Hüseynzadədən, İmamverdi Əbilov ocağından gəlir, Azər bu insanları ruhən yaşayan və yaşadan bir şəxsiyyətdir. Azər ədəbiyyatımıza halallıqla xidmət edən oğuldu. Mən onun bu xidmətinə, redaktorluq fəaliyyətinə xüsusi hadisə kimi baxıram. Azərin "Ədəbiyyat qəzeti"ndəki fəaliyyəti də yeni bir mərhələdi. Mən onunla fəxr edirəm. "Ədəbiyyat qəzeti"ndə yaratdığı mühit üçün Azərə minnətdarlığımı bildirirəm. Bu qəzetin hər dövrü bir mərhələdir. Azər bu mərhələlərə sədaqətlidi və o, qəzetə, ədəbiyyatşünaslıq elmimizə məhz bu sədaqət duyğusu ilə xidmət edir.
Millət vəkili Arif Rəhimzadə:
- Mən Azər Turanı çoxdan tanıyıram. Onun əxlaqına da, intellektinə də yaxşı bələdəm. Azər Turan vətənini, dövlətini sevən, onu uca tutan dəyərli şəxsiyyətdir. Əlbəttə, mən ədəbiyyatşünas deyiləm, amma onun bütün kitabları ilə tanışam. Yeni kitabı haqqında da burda müsbət fikirlər səslənməkdədir. Mən də bu təbriklərə qoşuluram. Azərin kitabının təqdimatında, neftçalalıların xoş günündə burda olmağı özümə borc bildim.
Çingiz Əlioğlu:
- Azər Turan bu gün Azərbaycan elminin, ədəbi-bədii fikrinin ən yeni generasiyasına məxsus son dərəcə gözəl alimimiz və naşirimizdi, onun bu şəkildə doğulmağı, bu əxlaqın, bu tərbiyənin, bu elmi biliklərin sahibi olmağı təsadüfi deyil, tam təbii bir hadisədir. Bu salonda bizim çağdaş Azərbaycan ədəbiyyatşünaslıq elminin akademik İsa Həbibbəylidən tutmuş Elnarə Akimovaya, Rüstəm Kamala, Məti Osmanoğluna kimi çox dəyərli simaları əyləşiblər. Və çağdaş ədəbiyyatımızı çox dərindən araşdıran alimlərimizin yanında mənim üçün "XX əsr - Fəryadın metafizikası" kitabı barədə danışmaq çətindir. Məsələ burasındadır ki, "Fəryadın metafizikası"nı oxumaq üçün gərək əlində qeyd dəftərin, qələmin olsun, qeydlər edəsən. O qədər elmi fikirlərlə zəngin, o qədər dəqiq elmi müşahidələr və Azərbaycan ədəbiyyatının bugünkü gəlişiminə, mənzərəsinə ədəbiyyatın, xüsusən poeziyanın yeni çağırışları səviyyəsində cavab vermək və buna nail olmaq bu əsərdə o qədər güclüdür ki, mən hesab edirəm, o kitab mənim stolumun üstündə hələ uzun müddət qalacaq. Mən o kitaba görə Azərə təşəkkür eləmək istəyirəm. Və deyim sizə ki, mən kitabı oxuyandan sonra son dərəcə böyük sevinc hissi keçirdim. Gördüm ki, bu gün bizim "Ədəbiyyat qəzeti"mizin başında dayanan adam Azərbaycan ədəbiyyatına, nəsrimizə, poeziyamıza münasibətində çağdaş dünyanın çağırışları səviyyəsində yanaşa bilən bir adamdır. Və böyük bir əxlaq daşıyıcısıdır. Burda söhbət fərdin, şəxsiyyətin əxlaqından getmir. Hansısa bədii nümunələrə, cərəyanlara bir intellekt və əxlaq yanaşmasından gedir. Bunu sən hansı tövrlə, hansı təhərlə insanlara təqdim edirsən, bu çox vacib bir şərtdir. Səksən beş illiyinə hazırlaşdığımız "Ədəbiyyat qəzeti"nin bu gün son dərəcə istedadlı bir yaradıcı kollektivi formalaşıb. Burda artıq qəzetin özəyini təşkil eləyən insanlar var ki, bunlar xüsusən poeziya mənzərəsini öyrənən, izləyən, onun inkişaf təmayüllərini araşdıran bizim çox istedadlı, dərin bilikli insanlarımızdır. "Ədəbiyyat qəzeti" mənim mütəmadi olaraq oxuduğum, hər nömrəsini gözlədiyim qəzetdir. Etiraf edim ki, ondan başqa hər hansı bir ayrı qəzetə, ayrı nəşr nümunəsinə o çırpıntı ilə yanaşmıram, həyəcanla gözləmirəm. Nə gözəl ki, bu cür gənc, işıqlı, istedadlı bir adam doğma Azərbaycanımızın bir qədər ucqar mühitində böyüyüb, yetişib. Bu, son dərəcə fərəhverici bir hadisədir. Və bizi əmin edir ki, Azərbaycanımızın hər yerində, ölkəmizdəki indiki inkişafın, tərəqqinin reallığında elmimizdə də, ədəbiyyatımızda da, hər cür yeni müasir axtarışlarla zəngin, geniş biliyi, maraq dairəsi olan gənclər yetişir. Bu gün Azərbaycan ədəbi və mədəni həyatında bir hadisə var ki, o hadisənin adı Azər Turandır. Mən Azər Turanla bağlı bütün neftçalalıları, bütün mədəniyyətimizi və ədəbiyyatımızı təbrik edirəm.
Elnarə Akimova:
- Mən bayaqdan dinləyirəm çıxışları, burada İmamverdi Əbilovun adı Azər Turanın adı ilə demək olar ki, bahəm səslənir. Yadıma İmamverdi Əbilovun son kitabı olan "Elmin və ömrün romantikası"ndan oxuduğum Turan Cavidin ona ünvanladığı məktubdakı fikirlər düşür: "Sizin Azərbaycan xalqı qarşısında xidmətlərinizi üst-üstə yığsaq, "Azər Turanın atası" statusundan ağır və şərəfli ola bilməz". Mən bu gün mənə doğma olan Neftçala camaatına və rayon rəhbərliyinə ilk növbədə, ona görə təşəkkür edirəm ki, İmamverdi Əbilovun ruhunu onun oğluna verdiyi dəyərlə sevindirir. Çünki İmamverdi Əbilovun ağıl və ədəb keyfiyyətlərinin birləşdiyi və parlaq ifadəsini tapdığı ən qiymətli əsəri Azər Turandı. Özü də bunun fərqində idi, bütün təmənnasızlığının və ədəbiyyat fədakarlığının müqabilində Azər Turan kimi oğulla mükafatlandırıldığının fərqində idi. "Mənim Azərə olan sevgim şaxələnib Vətən, millət anlayışını çevrələyib", - demişdi televiziya verilişlərinin birində. Məncə, bu fərqin səbəbi İmamverdi Əbilovun ürəyinin bir küncündə gizlətdiyi bir çox duyğuların indi məhz, oğlunun şəxsində gerçəkləşməsi, vüsət alması idi. Əli bəy Hüseynzadə mücadiləsi, gerçək ədəbiyyat mücadiləsi, halal və təmiz insan olmağın mücadiləsi… "Oğul atanın sirridir" deyirlər".
Yaşadıqca, ədəbi təcrübən artıqca insan sərraflığında təcrübəsi də artır insanın. İstedadı istedadsızdan, püxtəni xamdan, diletantı peşəkardan ayırmağı daha yaxşı bacarır. Həm də ən azı, onu bacarır ki, mətnin arxasında dayanan şəxsiyyətin kimliyini də yetərincə görmək iqtidarına malik olsun. Azər Turanın "XX əsr - Fəryadın metafizikası" kitabına yazdığım ön sözü yazıya alarkən bu hissləri keçirdim. Sözlə şəxsiyyətin bir nöqtədə birləşib fəza elementinə çevrildiyini duydum. Gözəl şairimiz V.Bayatlı da əbəs demir axı: "Azər Turanın əsərləri türkün ən böyük, ən şahanə uçuşlarındandır".
Bu kitabdakı yazılar Azər Turanın yaradıcı kredosunu tam şəkildə görükdürə bildiyi üçün ilk növbədə, elə müəllifin yaradıcılığı üçün müstəsna hadisədir. "İrfan çobanı", "Xalid Səid Xocayev", "Cavidnamə", "Əli bəy Hüseynzadə", "Darülmöminin" kimi əsərlərdən məlum olan Azər Turan obrazı bu kitabda daha tam, daha kamildir.
Azər Turan haqlı olaraq, XX əsri fəryadın metafizikası kimi simvolizə edir, ümumi əhval və uslub konkretliyi ilə şərh etsək, bu, bütün parametrləri ilə əsrin məzmununa, onun psixoloji hal və vəziyyətinə tam adekvat anlayışdır. Həmin dönəmdə Birinci və İkinci Dünya müharibələrinin ardınca gətirdiyi iqtisadi-siyasi, ictimai-sosial tənəzzül, bunların fonunda mənəvi böhran yaşayan insanın gerçəkliyi dərkinin yeni forma axtarışlarına meyli, onun avanqard xarakterli konsepsiyalar irəli sürüb klassik modelləri inkara çalışması kimi əlamətlər tamam fərqli sənət hadisəsidir və zənnimcə, Azər Turan yeni kitabında bu fərqliliyi yetərincə dəqiq xarakterizə edir.
"XX əsr - Fəryadın metafizikası" kitabını mən həm də vətən kimi görürəm. Türk dövlətini quranlar, türk dilinin əzəmətini meydana qoyanlar, türk tarixini yazanlar və tədqiq edənlər, türk nəsrini yaradanlar, dünya poeziyasının türk şahzadələri - hamısı bir yerdədir. Onlar hamısı bu kitaba cəm olub Vətən qururlar. Kimisi onun dilinin, kimi ədəbiyyatının, kimi tarixinin, kimi də taleyinin keşiyində dayanıb Vətən adlı müqəddəs mehraba tapınmağın nümunəsini verirlər. Azər Turan bu fəzilət sahiblərini bir ocağın başına yığmaq üçün onların addım-addım izinə düşür, etibar etdiyi zəka sahiblərinin, ədəbiyyat tarixçilərinin araçılığı ilə tarixin dərin qatlarına nüfuz edib bizim üçün toxunulmamış, yaxud yarımçıq qalan mövzuları yeni çağın problematikasına daxil edir. Ədəbiyyatda, sənətdə dirilik isə qoyulan nöqtədən deyil, mübahisələrə yol açan sualların doğuluşundan başlayır.
Azər Turan içində böyük sadiqlik duyğusu ilə yaşayan insandır. Cavid yadigarı Turan xanım, dostu Faiq İsmayılov onun yaddaşında daim canlı və diridilər. Əbədi xoşbəxtlik və rahatlıq içindədilər. Və yalnız onlarmı?! Ruhları şad olan, ləyaqətli bir vətən oğlunun tədqiqlərində gerçək siması aydınlayıb özünə dönən, zamanın yanlışlarına, unutqanlıq və laqeydliklərinə xərclənən yaradıcılıqların məhz, onun sayəsində vətənə qayıdıb layiq olduğu haqqını qazanan o qədər "ilk"lər var ki, ortada.
Azər Turan haqda tez-tez səsləndirdiyim bir fikir var: o, bütün naqislikləri yarıb keçməyi və onların fövqünə qalxıb insanları sevməyi davam etməyi bacarır.
Rüstəm Kamal:
- Kitabdakı məqalələrin, demək olar ki, hər biri gözümün qabağında "böyüyüb". Azər hər yazını bəzən həftələrlə içində daşıyıb, düşünüb və yaşayıb Ç.Aytmatova, F.Köprülüyə, Rəsul Rzaya, Nazim Hikmətə və digər böyük türk şairlərinə, nakam şairimiz Faiq İsmayılova həsr olunmuş yazılara nə qədər sevda var! Hələ paradoksal müqayisələrini, poetik ümumiləşdirmələrini demirəm!
Azər Turan türk poeziyasının bilicisi və sevdalısıdır. Yüksək filoloji mədəniyyət və esse azadlığı bu kitabın əsas məziyyətidir. Azər Turan özü içində mükəmməl bir şairdir. Əks təqdirdə bu kitab belə poetik alınmazdı. İntellektlə sevginin birləşdiyi bir əsərdir "XX əsr - Fəryadın metafizikası". Qardaşım Azər Turanı ürəkdən təbrik edirəm.
Məti Osmanoğlu:
- Mən bu məclisdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin müəllimi kimi iştirak edirəm və fürsətdən istifadə edib Neftçala rayonunun təhsil işçilərinə öz təşəkkürlərimi bildirmək istəyirəm. Orta məktəbi bu rayonda bitirmiş tələbələrimizin ədəbiyyat hazırlığı daha yüksək olur və mən bunu bu torpağın ənənəsi ilə izah edərdim. Professor İmamverdi Əbilovun bu rayonda təhsil sahəsində çalışması burada yaxşı bir ənənənin bünövrəsini qoymuşdur. Bunu Azərbaycanın dövlət müstəqilliyinin ilk dövründə Firidun bəy Köçərlinin Qazaxda Müəllimlər Seminariyasını yaradıb orada fəaliyyət göstərməsi ilə müqayisə etmək olar. Böyük şəxsiyyətlərin ətrafında yeni iqlim yaranır və həmin havanın enerjisi sonrakı nəsillərə ötürülür...
Bu gün "XX əsr - Fəryadın metafizikası" kitabının təqdimat mərasimində iştirak etdiyimiz Azər Turan bu mühitin yetirməsidir. O, Əli bəy Hüseynzadə, İmamverdi Əbilov ocağının sadəcə qan daşıyıcısı, hüquqi varisi deyil, həm də missiya varisidir. Vaxtilə "bizə fədailər lazımdır" - deyən Əli bəy Hüseynzadənin əsasını qoyduğu ideologiyanın çağdaş davamını Azər Turanın fəaliyyətində görürük. İstər kitabda toplanmış əsərləri, istərsə də ictimai fəaliyyəti, "Ədəbiyyat qəzeti"nin baş redaktoru kimi ortaya qoyduğu işlər Azər Turanın fədailik - fədakarlıq missiyasını necə ləyaqətlə davam etdirdiyini göstərir.
Dünya, eləcə də türk mədəniyyətinə dərindən bələd olan Azər Turan tarixin müxtəlif fəzalarını bir müstəvi üzərinə gətirib təhlil etməyi bacaran düşüncə adamıdır, yetkin ziyalıdır. Mən Azər Turanın bu kitabdakı və bu kitabda olmayan əsərlərini öyrənmək üçün oxumuşam...
Sonda söz Azər Turana verildi:
- Doğulduğum rayonun rəhbərliyindən belə bir təklif alanda sevindim. Duyğulandım. Düşündüm ki, həm də atam İmamverdi Əbilovun ruhunu şad etmiş olaram bununla. Bu görüşü təşkil etdiyinə, ədəbiyyata, sözə həssas münasibətinə görə rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevə və bu dəyərli günü mənimlə paylaşan hər kəsə sonsuz minnətdarlığımı bildirirəm.
Hazırladı: Sərvaz Hüseynoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!