Allah adamı
Sağ ol dedin, sağalmadım,
Çoxal dedin, çoxalmadım,
Sağal dedin, sağalmadım,
Ölürəm, Allah adamı.
Axtarıram dəli kimi,
İtirdiyim bir incimi...
Qəm özümün, sevincimi
Bölürəm, Allah adamı.
Adam çoxdur, insan azdır,
Dünya özü natarazdır.
Avazın yaxşı avazdır,
Bilirəm, Allah adamı.
Sən taleyin hökmünə bax,
Budanıram budaq-budaq.
Saralıram yarpaq-yarpaq,
Soluram, Allah adamı.
Ləkə düşsə vicdanıma,
Boya məni al qanıma,
Quru bəyəm, ad-sanıma,
Gülürəm, Allah adamı.
Vərəqləyib yaddaşımı,
Tapanmıram başdaşımı.
Məlul-məlul göz yaşımı,
Silirəm, Allah adamı.
Əl tuturam yana-yana,
Bostanıma daş atana...
Gündoğandan Günbatana
Gəlirəm, Allah adamı.
Şəhriyarın məzarı önündə düşüncələr
Sevinc yaşı yanağımdan süzülür,
Salam, ustad, mən Təbrizə gəlmişəm.
Çox şükürlər arzularım çin olur,
Salam, ustad, mən Təbrizə gəlmişəm.
Ayrılığa bu gün kəfən biçmişəm,
Xan Arazın saf suyundan içmişəm.
Düşünürəm Çin səddini keçmişəm,
Salam, ustad, mən Təbrizə gəlmişəm.
Coşdu damarımda axan qanım da,
Səttarxan qeyrəti duydum canımda...
İndi bir qonağam xanimanında,
Salam, ustad, mən Təbrizə gəlmişəm.
Qoç gölünə durna gəlib, qaz gəlib,
Ozanlarım əllərində saz gəlib.
Qış adlayıb, Vətənimə yaz gəlib,
Salam, ustad, mən Təbrizə gəlmişəm.
Mən hazıram sualına, sorğuna,
Qurban olum əzabına, ağrına.
Qalx məzardan, səni basım bağrıma,
Salam, ustad, mən Təbrizə gəlmişəm.
Mənim son nəğməmə
hələ çox qalıb
Zaman kölgəsidir dar ağacının,
Bilmirəm baharda, ya qışdayam mən.
Özündə gəzdirən ağrı-acını,
Gözünü yummayan qarışqayam mən,
Mənim son nəğməmə hələ çox qalıb.
Yoxsa, dəryaların dibinə enib,
Hardadır taleyim yazılan qutu?!
Məndən uzaqlarda bəxtim gizlənib,
Sinəmin altında sevgi tabutu.
Mənim son nəğməmə hələ çox qalıb.
Yetiş tez haraya, kəs qeylü-qalı,
Ay Adəm, hardasan?!
Ox yayı dartıb...
Bəşərin taleyi tükdən asılı,
İp üstdə oynayan kəndirbaz artıb,
Mənim son nəğməmə hələ çox qalıb.
Hisslərim ağlıma kəsilib qənim,
Bəndəyəm, insanam, yaradanam mən.
Sünnülük, şiəlik qatı düşmənim,
Desinlər sadəcə müsəlmanam mən,
Mənim son nəğməmə hələ çox qalıb.
Qana çalxansa da bu gün dünyamız,
İnsanam, insana güllə atmaram.
O göy atamızdır, bu yer anamız,
Bir ana ağlasa gecə yatmaram,
Mənim son nəğməmə hələ çox qalıb.
Baş əy, Nizaminin ruhuna, baş əy
Nizami Gəncəvinin 880 illiyinə
Özüntək diri san məni cahanda,
Mən də canlanaram sən canlananda.
Nizami Gəncəvi
Toxunma, kül edər odu, atəşi,
Baş əy, Nizaminin ruhuna baş əy.
Sənət dünyasının sönməz günəşi,
Baş əy, Nizaminin ruhuna baş əy.
Bütün fəsillərdə solmayan bağdır,
Dağların içində ən uca dağdır.
Ziyarət yeridir - pirdir, ocaqdır,
Baş əy, Nizaminin ruhuna baş əy.
Sözü danışmamış bir düşün öncə,
Sağlam yurd yetirir sağlam düşüncə.
Gəncə Nizamidir, Nizami Gəncə,
Baş əy, Nizaminin ruhuna baş əy.
Şairlik nemətsə, cövhəridir o,
Ziynəti, altunu, gövhəridir, o,
Min illər keçsə də bəşəridir o.
Baş əy, Nizaminin ruhuna baş əy.
İşıqlı gündüzdür, nurlu torandır,
Özü peyğəmbərdir, sözü "Quran"dır.
Oddan yaranmışdır, türkdür, Turandır,
Baş əy, Nizaminin ruhuna baş əy.
Axı
Şəhidlərimizin əziz xatirəsinə
Döyüş meydanında mən mən olmuşam,
Dağlarda qayatək bitən olmuşam.
Dünən bir ocağın övladı idim
Bu gün şəhidləşib Vətən olmuşam.
Əlimdən dad çəkib qaniçən yağı,
Torpaq qorunanda Vətəndir axı.
Çəkilib səmadan o qara bulud,
Ay ata, ağlama, başını dik tut!
Bayrağa, bir də ki, sənə baş əyir
Qəhrəman xalqımız, dərd-qəmi unut
Ay ana! Gizlində söyləmə ağı
Torpaq qorunanda Vətəndir axı.
Tulanın haqqı yox vuruşa qurdla,
Haylar bilə-bilə oynadı odla.
Xocalı hayfını almışam on qat
Əbədi dünyaya köçdüm ağ atla.
Daha yurdumuzun sönməz çırağı
Torpaq qorunanda Vətəndir axı.
Qayıtdı Qarabağ, ulus qayıtdı,
Adəmim, Yusifim, Yunus qayıtdı.
Dünən pərən düşmüş milli birliyim,
Yüz illər toz basmış namus qayıtdı.
Ruhum göylərdədir şahin sayağı,
Torpaq qorunanda Vətəndir axı.
Qarabağ qayıtdı, torpaq qayıtdı,
Titrəyən qələmə varaq qayıtdı.
İgid oğulların qan bahasına
Babalar itirən papaq qayıtdı.
Ey gələcək nəsil, qoru papağı
Torpaq qorunanda Vətəndir axı.
Tozuna qurbandır Təmkinin canı,
Gözün aydın olsun Azərbaycanım.
Alqış qeyrətinə şanlı ordumuz,
Alqış hünərinə Baş Komandanım,
Çətində xalqımın oldun dayağı
Torpaq qorunanda Vətəndir axı.
Doğulduğum kənd
İstəkli yarımdır, şah vüqarımdır,
Yazda gülüstanım, qışda qarımdır.
İsti beşiyimdir, son məzarımdır
Qabaqtəpə kəndi, doğulduğum kənd.
Gəlsən duz-çörəklə qarşılar səni,
Yayda əskik olmaz yağışı, çəni.
Laçın oylağıdır, qartal məskəni
Qabaqtəpə kəndi, doğulduğum kənd.
Nəsilim, soy-köküm Ayrım elatı,
Ruhuma hopubdur layla, bayatı.
Hunun, göytürkümün ən dərin qatı
Qabaqtəpə kəndi, doğulduğum kənd.
Haqqa kömək olub, səsini verib,
Düşmən arzusunun tərsini verib.
Hayların neçə yol dərsini verib
Qabaqtəpə kəndi, doğulduğum kənd.
Kişilik bu yerin sonsuz varıdır,
Özü sudan duru, aydan arıdır.
Dağların boynunda bir mirvaridir
Qabaqtəpə kəndi, doğulduğum kənd.
Dillərdə əzbərdir Boz arı balı,
Hörmətli tutulur hər ağsaqqalı.
Qoruyur papağı, əzizlər şalı
Qabaqtəpə kəndi, doğulduğum kənd.
Loğman çiçəkləri dəvamdır mənim,
Çəməni döşəyim, gəvəmdir mənim.
Məkkəm, Mədinəmdir, Kəbəmdir mənim
Qabaqtəpə kəndi, doğulduğum kənd.
Tanımadım
Günəş özünü tanıdı,
Mən özümü tanımadım.
Atəş özünü tanıdı,
Mən özümü tanımadım.
Söz bu günün ən ucuzu,
Çöl daşıdır, küçə tozu.
Canavaram, yoxsa quzu?!
Mən özümü tanımadım.
Evi, eşiyi tanıdım,
Goru, beşiyi tanıdım.
İti, pişiyi tanıdım
Mən özümü tanımadım.
Nə şiəyəm, nə də sünnü,
Nə dinsizəm, nə də dinli.
Yaranandan qara günlü
Mən özümü tanımadım.
Göydən enib mən kim oldum...
Niyə yerdə sakin oldum?!
Adəm idim, Təmkin oldum?!
Mən özümü tanımadım.
Gəncə
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!