Orhan Arasın Azərbaycana köç edən almanlar haqqında kitabı çap olunub

Almaniyada yaşayan yazıçı Orhan Arasın “Qanun Nəşrlər Evi”ndə Azərbaycana köç edən almanlar haqqındakı "Helenendorfun sonuncu şahidi" kitabı çap olunub.

Kitabda 19-cu əsrin əvvəllərində Qafqaza köç edib gəlmiş almanların Azərbaycan ərazilərində qəsəbə, kəndlər salaraq üzümçülük və kənd təsərrüfatı işləri ilə məşğul olmalarından, eləcə də sonrakı talelərindən bəhs edilir. Gəncə yaxınlığındakı Helenendorf qəsəbəsində, Qazax rayonunun kəndlərində  alman əsilli insanlarla görüşlərində insan taleləri, onların həyata olan sevgiləri və faciəli sonluqları ağrılı şəkildə təsvir olunur. Sonuncu alman olan Sami ilə görüşlərində müəllifin qələmə aldığı söhbətləri oxuduqca acı taleli bu mavi gözlü zavallı insanların arzu və istəklərinin soyuq Sibir çöllərində sona yetməsini ağrısız təsəvvür etmək olmur.

Birinci Qarabağ müharibəsində Şuşadan köçkün düşən tarix müəlliminin də taleyindəki ağrılı naxışlar alman əsilli Saminin taleyi ilə üst-üstə düşür. Əsərdə Azərbaycanın zəngin təbiəti, insanların qonaqpərvərliyi, mənəvi dəyərlər, tolerantlıq qabarıq şəkildə təsvir olunur. Kitabı Türkiyə türkcəsindən dilimizə şair-publisist Nazim Əhmədli uyğunlaşdırıb.

 

525.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!