“Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) tərəfindən toplanmış kitablar arasında təşkilatın başkanı Mehmet Nuri Parmaksızın Ankarada nəşr olunmuş “Qaranlıqda bir işıq” (A Light in the Darkness) adlı kitabı da yer alıb. Kitab iki dildə – türk və ingilis dillərində çapdan çıxmış, kitaba hər iki dildə Azərbaycan yazıçısı, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli ön söz yazmışdır. Kitab 2000 nüsxə ilə nəşr edilib və toplanan şeirləri də ingiliscəyə K.Nəzirli çevirib.
“Qaranlıqda bir işıq” Mehmet Nurinin fəlsəfi şeirlər toplusudur, məzmun və forma etibarilə böyük Ruminin coşqu və sevgi dolu şeirlərini, bir qədər də Şəms Təbrizinin ruhunu xatırladır. Kitaba toplanmış “Oyan, ey insan, oyan”, “Sükut quşu”, “Kalu-bela” qoxusu”, “Pərdə”, “Ruzgar”, “Gecəni gündüzə boyayıram”, “Açılacam dünyaya”, “Ölümün içindəki ölüm”, “Göz yaşlarıyla yuyulan xəyal” və s. şeirlər qoca Şərqin dahi şairlərindən sayılan Mövlana Cəlaləddin Ruminin məsnəvi, rubai və qəzəllərindəki dərin fəlsəfi fikirlərin və mənəvi-əxlaqi dəyərlərin daha anlaşıqlı başa düşülməsinə kömək edir.
“Allaha çatmağın çox yolu var, mən bunlardan Eşqi seçdim” deyən Mövlananın ruhuna sadiq qalan Mehmet bəy öz əsərlərində Allaha sevgini anlatmağa çalışır, insanları bu İlahi varlığa yaxınlaşmağa səsləyir, – deyə kitabın tərcüməçisi və ön sözünün müəllifi Kamran Nəzirli müxbirimizə bildirib. – Böyük qüdrət sahibinə olan Eşq onun yaratdığı hər şeyə sevgiylə, qayğıyla yanaşmağı tələb edir, kamil insan bunu anlamalıdır. Kitabda toplanan şeirlərin əsas məğzi də bundan ibarətdir.
“Qaranlıqda bir işıq” ofset üsulu ilə Türkiyənin “Əfsun” Nəşriyyat və Yayın Evində nəşr edilib. Kitabın redaktoru H. Ömer Ünal, yayınçı və genel yayın yönətməni Arif Dəmirbaş, genel kordinatoru Nelihan Gürsoydur.
ayb.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!