Ədəbiyyat İnstitutunda kolumbiyalı şairlə görüş keçirilib

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən kolumbiyalı şair Kamila Çarri Noriyeqa ilə onlayn görüş təşkil olunub.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq qonaqları salamlayıb, görüşün qarşılıqlı elmi-ədəbi əlaqələrin gələcək inkişafına töhfə verəcəyini vurğulayıb. Akademik bildirib ki, indiyə qədər Kolumbiyanın dünya şöhrətli yazıçısı Qabriel Qarsiya Markes Azərbaycan-Kolumbiya ədəbi əlaqələrinin əsas siması olub, bu gündən etibarən isə Kamila Çarrinin timsalında yeni əlaqələr qurulur. Kamila Çarri haqqında iştirakçıları məlumatlandıran akademik İsa Həbibbəyli qeyd edib ki, o, Kolumbiyanın Boqota şəhərində anadan olub və 2003-cü ildən ədəbiyyat və incəsənət üzrə müəllim işləyir: “Şeirləri və hekayələri milli və beynəlxalq jurnallarda dərc edilib. “Los Conjurados Collection” tərəfindən nəşr olunan “Detras de la bruma” onun ilk şeirlər toplusudur. O, “Güllərin arxasında”, “Bu gün”, “Başqa gözlər”, “Günəş və bədən”, “Arde Babel” kitablarının müəllifidir. “Arde Babel” 2018 və 2019-cu illərdə Meksika və Qvatemalada nəşr olunub. Kamila Çarri Kolumbiyada qadınlar tərəfindən yazılmış poeziya və esselərə həsr olunmuş “La trenza” jurnalının həmmüəllifidir. Mədəniyyət Nazirliyi və “Elite Corporation”da Kolumbiya Yazıçılar Kitabxanasının redaktorunun köməkçisidir. O, Latın Amerika poeziyası və yaradıcı yazı müəllimidir”.

Akademik, həmçinin Ədəbiyyat İnstitutu və onun dünya ədəbiyyatını öyrənən bir neçə şöbəsi haqqında da məlumat verib. Bundan əlavə, “Dünya ədəbiyyatı” jurnalının bir nömrəsinin Kolumbiya ədəbiyyatına həsr olunmasını, Kamila Çarriyə xüsusi yer ayrılmasını tövsiyə edib.

Sonra Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Antonio Dimate Cardenas çıxış edərək görüşə görə təşəkkürünü bildirib, Azərbaycanla Kolumbiya arasındakı diplomatik əlaqələrin 26 illik tarixi olduğunu, yeddi ildir ki, Bakıda Kolumbiya səfirliyinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Səfir bu illər ərzində görülmüş işlərdən də söz açıb. Səfirliyin dəstəyi ilə Azərbaycan ədəbiyyatı antologiyasının ispan dilində, Kolumbiya ədəbiyyatı antologiyasının isə Azərbaycan dilində çap olunduğunu xatırladıb.

Daha sonra kolumbiyalı şair Kamila Çarri Noriyeqa müasir Kolumbiya ədəbi-mədəni mühiti haqqında mühazirə oxuyub.

Görüşdə Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu çıxış edərək Kolumbiya ədəbiyyatının ispandilli mədəniyyət kontekstində yeri barədə danışıb. O, Kamila Çarrinin redaktoru olduğu jurnalda azərbaycanlı qadın şairlərin əsərlərinin, AYB-nin mətbu orqanı olan “Ədəbiyyat qəzeti”ndə isə kolumbiyalı qadın şairlərin şeirləri və onlar haqqında araşdırma yazılarının çap edilməsini təklif edib.

Qeyd edək ki, görüşdə Ədəbiyyat İnstitutunun direktor müavinləri, dosentlər Əlizadə Əsgərli, Aygün Bağırlı, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, professor Gülər Abdullabəyova,  Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov, Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova və başqaları iştirak ediblər.

 

science.gov.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!