“Azərbaycan ədəbiyyatı tarixi”nin dördüncü cildi işıq üzü görüb

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” kitabının (on cilddə) dördüncü cildi nəşr edilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, dördüncü cild “Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər)” bölməsini əhatə edir.

“Elm” nəşriyyatında işıq üzü görmüş kitab AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər)” və Həmid Araslının “Azərbaycan ədəbiyyatının yeni bir mərhələsi” adlı tədqiqatları ilə başlayır.

Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının dördüncü cildində ilk dəfə XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı milli ədəbiyyat tarixinin ayrıca bir inkişaf mərhələsi kimi təqdim olunur. XVII əsr Azərbaycan ədəbiyyatı orta əsr romantik ədəbi ənənələrindən yeni dövrün realist ədəbiyyatına keçid prosesi, hazırlıq mərhələsi hesab olunur. XVIII əsrdə isə Azərbaycan ədəbiyyatında Molla Pənah Vaqifin və müasirlərinin simasında erkən realizm ədəbi cərəyanının formalaşmasından bəhs edilir.

Elmi icmallar və portret-oçerklərdən ibarət kitabda İsa Həbibbəyli, Həmid Araslı, Araz Dadaşzadə, Mahirə Quliyeva, Nüşabə Araslı, Əliyar Səfərli, Qədim Qubadov, Möhsün Nağısoylu, Məhərrəm Qasımlı, Aynur Xəlilova, Azadə Rüstəmova, Ataəmi Mirzəyev, Siracəddin Hacı, Paşa Kərimov, Firəngiz Xəlilova, Çingiz Sadıqoğlu, Səltənət Əliyeva, Təhminə Bədəlova, Zəkulla Bayramlı kimi alimlərin tədqiqatları yer alıb.

Kitab “Erkən yeni dövr Azərbaycan ədəbiyyatında bədii nəsr”, “XVII əsr Azərbaycan ədəbiyyatı” və “XVIII əsr Azərbaycan ədəbiyyatı” bölümlərindən ibarətdir.

Azərbaycan, türk, fars, ərəb, rus və digər Avropa dillərində 396 sayda ədəbiyyat siyahısını və əlyazmaları Elnarə Zeynalova və Lalə Ələkbərova sistemləşdirib. Kitabda ingilis və rus dillərində ətraflı xülasələr yer alıb.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!