Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı “Bir əsərin tarixçəsi” adlı yeni layihə hazırlayaraq virtual izləyicilərinə təqdim edib.
İdarədən bildirilib ki, layihədə yazıçı və şairlərin əsərlərinin maraqlı tarixçələri izləyicilərə təqdim olunacaq. İlk paylaşım İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsəridir.
“Rəşid bəy və Səadət xanım” İsmayıl bəy Qutqaşınlının Varşavada çap etdirdiyi, fransız dilində yazılmış ilk Azərbaycan bədii nəsridir. Əlyazmanı ilk dəfə Salman Mümtaz əldə edib. O, öz xatirələrində uzun axtarışlardan sonra Xasay xan Usmiyevin sayəsində 1922-ci ildə hekayəni əldə etdiyini yazıb. Kitabı Xasay xandan 2-3 aylığa əmanət alan Salman Mümtaz onu tərcümə etmək istəyib, lakin səpmə yatalaq xəstəliyinə tutulduğuna görə əmanəti geri qaytarıb, yenidən istəyəcəyini bildirib. Lakin Salman Mümtazın xəstəliyi 6 ay çəkib, bu müddətdə isə Xasay xan Vladiqafqazda vəfat edib və əsərin izi itib. 1932-ci ildə Salman Mümtaz Azərbaycan Dövlət Muzeyinə elmi işçi kimi işə qəbul olunub, burada isə məlum olub ki, Xasay xan kitabı başqa kitablarla birlikdə muzeyə satıb.
Əsəri ilk dəfə Səlim bəy Behbudov tərcümə edib, lakin “Azərnəşr”də çapı nəzərdə tutulsa da, alınmayıb. 1937-ci ildə Salman Mümtazın həbsindən sonra əsər yenidən unudulub, iki il sonra 1939-cu ildə “Ədəbiyyat qəzeti”ndə Azərbaycan dilində dərc olunub. Hekayə 1956-cı ildə ilk dəfə olaraq kitab formasında çap olunub.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!