Xalq yazıçısı Anarın Qərib Mehdiyə yubiley təbriki

 

Hörmətli Qərib Mehdi!

Sizi, ədəbiyyatımızda şair, nasir, publisist, dramaturq kimi öz yeri olan görkəmli sənətkarımızı 85 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm. Nizaminin, Məhsətinin, Vazehin vətəni qədim Gəncə bir çox görkəmli qələm sahiblərini yetişdirmişdir. Siz də Gəncə ədəbi mühitinin püxtələşdirdiyi dəyərli yazıçılarımızdansınız. Eyni zamanda Siz özünüz də bir sıra layiqli ədəbiyyat fədailərini yetişdirmisiniz. Qəşəm Nəcəfzadə, Sərvaz Hüseynoğlu, Musa Urud, Elçin İsgəndərzadə, Xəzangül xanım, mərhum Mahir Rəfizadə sizin xeyirxah müəllim münasibətinizi minnətdarlıqla xatırlayırdılar.

İllər uzunu Yazıçılar Birliyinə və şəxsən mənə qarşı davam edən şər və böhtan kampaniyasına dözməyərək etiraz səsinizi qaldırmanızı da unutmuram. "Ədəbiyyat qəzeti" redaksiyasına göndərdiyiniz "Bu dəfə dözəmmədim" başlıqlı məktubda mənim barəmdə yazdığınız xoş sözləri gətirməyəcəm. Bu dartışmalardan çıxardığınız nəticə belə idi ki, "dəniz üzməyi bilənlərlə asan dil tapır. Vay o günə ki bunun tərsi ola. Bəzən üzməyi bacarmayan, rəqib qismində özünü atır dənizə. Onunla çarpışmaq iddiasına düşür. Təbii ki, zavallı naşı üzgüçü tezliklə dənizin dərinliyinə təslim olmaq məcburiyyətində qalır".

Bu məktubu yazdığınız gündən on beş il keçsə də dəniz yenə həmin dənizdir. Üzgüçülər də - naşısı da, peşəkarı da yenə var.

Əlbəttə, bu yubiley günləri giley-güzar məqamı deyil. Gec-tez haqq öz yerini tapır.

On beş il bundan qabaq 70 illiyiniz münasibətilə Sizi təbrik etmişdim. Həmin mətndən yalnız son cümləni təkrar etmək istərdim: 

"Hörmətli Qərib müəllim! Bu yubiley gününüzdə, ömrünüzün müdriklik, sənətinizin püxtələşmiş çağında Sizə cansağlığı, üzün ömür, yeni-yeni yaradıcılıq uğurları diləyirəm".

İndi 85 illiyinizi qeyd edərkən arzu edirəm ki, ən azı on-on beş il də Sizi beləcə səmimi sözlərlə təbrik edim. Görürsünüz ki, bu istəklə yalnız Sizə yox, özümə də bu illəri yaşamağı arzu edirəm. Allah eləsin!

Yazıçılar Birliyinin fəxri diplomu Sizə olan hörmətimizin və rəğbətimizin kiçik bir bəliridir.

Təbriklər.

 

23 iyun 2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!