Vaqif Səmədoğlu
Xalq şairi
Əzizim Elxan, sənin "Polonez" silsiləni oxuyanda mənə elə gəldi ki, mən Elxan Zalı oxumuram, mən, Vaqif Səmədoğlu, 60-cı illərdə Polşa havasında yazmadığım şeirləri oxudum, yəni öz xatirələrimi oxudum. Nəyə görə məhz Polşa? Çünki mənim mənsub olduğum 60-cı illər nəslini Polşa ilə çox sıx tellər bağlayır, bizim həyatımızda Polşa və polyak xalqı böyük rol oynayıb. Bəlkə də siz gənclər bunları bilmirsiniz, o zaman 60-cı illərdə sosialist düşərgəsi vardı və bura daxil olan ölkələr içində Polşa bizim azadlıq istəyimizə, yenilik istəyimizə ən çox cavab verən ölkə idi. Polşa nəinki sosialist dünyasında, hətta Avropada, bütün dünya miqyasında irəlidə gedirdi. Polşa ədəbiyyatı, kinosu, teatrı, incəsənəti bəzən Amerikadan da, bəzən Fransadan da irəlidə gedirdi. Sənin şeirlərini oxuyanda mən həmin illərə qayıtdım, həmişə xəyalımda yaşatdığım Polşanı gördüm. Mən Polşada olmamışam, həmişə buna təəssüflənirdim, ancaq sənin şeirlərini oxuyana qədər. Bəlkə də Allah səni mənim yerimə Polşaya göndərdi və sən Polşa mədəniyyətinə, Polşa xalqına, öz qələminə layiq o gözəl şeirləri yazdın...
"Elxan Zalın Polon şərqisi"
yazısından
Nizami Cəfərov
Akademik, millət vəkili
...Elxan Zal Qaraxanlı bizim poeziyamıza təmiz, saf türkçülük mühitindən gəldi, onun ən üstün cəhəti də o oldu ki, türklərin tarixini, mədəniyyətini, ən qədim zamanlardan bəri gələn folklorunu, dil və obrazlar sistemini öyrənib, bunu poeziyanın əsaslarına hopdura bildi. Atilladan, ondan çox-çox əvvəlki dövrlərdən, miflərdən, eposlardan başlamış bir ruhu, yaradıcı bir şəxs kimi, istedadlı şair kimi, içərisində oyadıb şeirləşdirə bildi. Onun türkçülük mövzusunda olan şeirləri, mən düşünürəm ki, bizim müasir ədəbiyyatımızın ideya göstəricilərindən, Azərbaycan poeziyasının uğurlarındandır, ədəbiyyatımızda yeni bir mərhələdir.
"Elxan Zalın cəng şeirləri"
yazısından
Səlim Babullaoğlu
şair
Mövzu spektrinə görə onu Fazil Hüsnü Dağlarcaya, ovqatına görə ingilis Odenə, fransız Mişel Uelbekə, üslub xassələrinə görə Oljas Süleymenova bənzətmək olar. Elxan Zal "Tonqa-Konqo", "Kolizey-quzey", "Xırdalan-qurdalan", "hippi-Missisippi", "Bonapart-partapart", "Kafka-kepqa", "müzik-bizik", "momento-sakramento", "yakamoz-boz", "axır-ilaxır", "antik-romantik", "Donda-anakonda", "alay-qolay", "Mayami-daimi", "fortepiano-sirano" kimi cütlərlə poeziyamızdakı qafiyə vərdişlərimizi qırır, türkün qızıl dövründən danışırsa, bizi həmin danışığa, səs-küyə, cəng səsinə qulaq asdığımıza inandırır, müasirlərindən söz edirsə, bizə təkcə bugünümüzün sözlərini deyil, bugünümüzün qəhrəmanları, ədəbiyyat yaradan adları da göstərir. Elxan yeni qafiyələr yaratmaqla onların dəqiqliyinə də diqqət yetirir ki, sərbəst şeir meydanlarının saysız-sonsuz və qolkipersiz qapılarına top vuran "poetik Pelelik" dövründə o, ciddi, dəqiq, ölçülü-biçili, qapılı-qafiyəli poeziyanın həqiqi Maradonası kimi görünür.
"Ordu günündə doğulan şair"
yazısından
Çulpan Zarifova-Çətin
şair, ədəbiyyatşünas
(Tatarıstan)
Elxan Zalın şeir kitabı mənim son illərdə oxuduğum ən gözəl müasir şeir kitabıydı.
Bəzi şairlərin şeirləri xəfif və rahat oxunur. O kitablarda hər gün görüb tanıdığımız hadisələr və duyğular yenə hər gün gözümüzə ilişən nəsnələrin vasitəsilə anladılır.
Bəzi şairlərin şeirləri, onların dərinliyinə varmaq üçün geniş biliklər tələb edir. Elxan Qaraxanlının şeirləri də belədir. Nə ilə heyrətləndirdi məni şair? Hər şeydən əvvəl dünya çapında geniş bir bilgi sahibi olması ilə. Dünya mədəniyyəti, tarixi və ədəbiyyatına aid dərin biliklər, üstəgəl, həyata fəlsəfi baxış və duyğusallıqla.
Şair, bütün dünya mədəniyyəti və ədəbiyyatı ilə də ünsiyyət və təmas etməlidir ki, öz əsərləri də bu təmasdan zənginləşsin, bəslənsin. Elxan Qaraxanlı kimi.
"Hər zamanın öz Elxanı doğulur"
yazısından
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!