Gecə qapısı döyülən qadın... - Meyxoş Abdullah

Hekayə

Bu ağır xəbər elə gözlənilməz oldu ki, özümü  tamam itirdim. Əvvəlcə, nə edəcəyimi qərarlaşdıra bilmədim. Anamın ölüm ayağında olması başımda ildırım kimi çaxdı. Kənddəkilərin qarasınca gileyləndim. Niyə bu xəbəri mənə bir az ertədən  çatdırmayıblar? - deyə onları qınadım. Bu haqda fikirləşmək, artıq gec idi,  özümü  anama çatdırmalıydım.

Anam məni övladlarının hamısından çox istəyirdi. Onun bu halını təsəvvürümə gətirəndə içim sızladı, gözlərim doldu. Bilirdim ki, o mənim yolumu gözləyir.

Qarlı-çovğunlu qış gecəsi idi. Ertədən yağan qar axşamüstünə yaxın dizəcən qalxmışdı. Qar hələ də yağırdı.

Belə hallarda maşınsızlıq adamın əl-qolunu elə bağlayırdı ki... İndi kimin qapısına gedəsən, nə deyəsən, belə havada hansı ağıllı çölə çıxardı?

Beşmərtəbəli binada yaşayırdım. Bina sakinlərindən bir neçə nəfərinin maşını vardi.

Qapıqonşuluğumda yaşayan Əşrəf adlı qonşumun qapısını döydüm. Onun dükan-bazara mal daşımaq üçün sürdüyü köhnə bir "Qazel" maşını vardı. Əhvalatı ona danışdım. Bildirdim ki, anamın vəziyyəti agırdır özümü ona çatdırmalıyam.

Əşrəf boynunu ovuşdura-ovuşdura:

- Müəllim, maşınımın işıqları yaxşı işləmədiyinə görə, gecələr heç  vaxt çölə-bayıra çıxmıram. Mənimki hava qaralıncadır, harada olsam, qayıdıram evə. Yoxsa nə vardı ki, gedərdik. Heç, pul-zad da lazım deyil, qonşu deyilik bəyəm? - deyə əlavə etdi.

Onun sözünün üstən nə deyəcəkdim, kor-peşiman geri döndüm.

Gözlərimdən anamın əksi getmirdi. Hətta, qulaqlarıma onun zarıyan səsi də gəlirdi, o məni çağırırdı.

Binanın o biri girişindəki "Moskviç"i olan qonşunun qapısını döydüm.

Qapını onun xanımı acdı və məni görçək, müəllim, buyurun içəri - dedi.

- Fazil evdədir? - soruşdum.

-Hə, evdədir. Gəlin içəri, yemək yeyir, - deyə qadın geri qanrılıb: - Fazil, qapıya gəl! - dedi.

Fazil əlindəki dəsmalla ağzını silə-silə qapıda göründü. O məni görən kimi:

- Boy, müəllim, xoş gəlmisən. Qapıda niyə durmısan, gəl içəri? - dedi.

- Fazil, qadan alım, kənddən xəbər gəlib, anamın vəziyyəti çox ağırdır, onu xəstəxanaya çatdırmaq lazımdır. Qorxuram, yubanam sonra gec olar. Nə qədər pul lazımdır verərəm, gedək onu xəstəxanaya gətirək.

Fazil udqundu. Onun udqunmağı içimi göynətdi.

- Qonşu, sən canın, bircə, yox demə, arvadın başına bir iş gəlsə, ömrüm boyu özümü günahkar bilərəm. Qadan alım, gəl gedək.

Fazil gözlərimin içinə baxıb yazıq bir görkəm aldı.

- Müəllim, əziz canına and olsun, özüm ölüm, mənim bu lənətə gəlmiş "Moskviç"imin təkərləri keçəldir. Bu qarda bir addım da olsun gedə bilməz, batıb yolda qalarıq. Ha, deyirəm bir az pul yığım bu zibilləri dəyişdirim, amma çatdıra bilmirəm ki, bilmirəm, - deyə gileyləndi.

Ondan əl çəkmək fikrim yox idi:

- Fazil, bəlkə birtəhər gedək, sən Allah, sözümü yerə salma, - deyə ona yalvardım.

- Müəllim, balalarımın canına and olsun, yolda qalarıq, bu qış vaxtı qurda-quşa yem olarıq. Niyə mənə inanmırsız? İstəyirsiz, alın qarajın açarını özünüz gedin baxın. Görün, bu zibilə qalmışlarla çölə çıxmaq olar, ya yox?

Bir söz deməyib qapıdan aralandım. Bir istədim ki, evə gəlib səhərin açılmasını gözləyim. Amma anamın səsi qulaqlarımda cingildədi. Mənə elə gəldi ki, bu dəqiqə bütün kənd bizim həyətə axışıb, anamsa son nəfəsində: - Oğul, oğul, - deyə məni çağırır.

Gözlərim doldu, anamı itirəcəyimdən qorxdum. Yox, getməliyəm! - düşündüm.

Binanın həyətində durub ətrafa boylandım. Nə edim, indi kimin qapısını döyüm?

Küçənin o biri üzündəki yaşayış evlərinin birində Qasım adlı biri yaşayırdı, köhnənin sürücüsü idi. Onun həyətində sınıq-salxaq bir "UAZ" markalı maşın görmüşdüm. Ara-sıra nərildəyə-nərildəyə, o baş-bu başa şütüyərdi. Əlacsılıqdan üzümü ora tutdum.

Qasım həyətdə idi. Darvazanın qapısını döyən kimi açdı. Məni görcək:

- Buyur, müəllim. Xeyir ola bu axşam vaxtı?

- Qasım, təcili kəndə getmək lazımdır. Anam can üstədir, özümü ona yetirməliyəm.

Bu sözləri deyərkən, gözlərim doldu, hıçqırdım. Elə zənn etdim ki, doğrudan da, anam can üstədir.

Bu halım Qasıma təsir etmədiyindəndi, ya ana sevgisinin nə olduğunu anlamadığındanmı, o,   dişlərini ağardaraq şit-şit güldü:

- Müəllim, başına xeyir, bu havada bu uluq, metallom maşınla, nəinki kəndə, heç bir addımlıq yola getmək olmaz.  Maşının salamat yeri yoxdur. Onu dörd-beş adam yerindən tərpədib, güclə hərəkətə gətiririk. Heç ağlınıza belə gətirməyin bu maşınla kəndə getmək olar.

Yaman pis olmuşdum. Əlacım hər yerdən kəsilmişdi. Çarəsizlikdən ağlamaq dərəcəsinə çatmışdım. Özümü qınayırdım, lənətləyirdim. Nə edim, hara gedim? Birdən, ağlıma gəldi ki, kəndə piyada gedim. Qoy, bu qar-çovğunda it-bata düşüm, lap elə qurd-quş yesin məni. İşdir,  anamın başına bir iş gəlib-eləsə, heç olmasa, məni qınamasınlar, deməsinlər ki, oğlu isti yorğan-döşəkdə  yatıb, anası isə onun yolunu gözləyə-gözləyə keçindi.

Artıq qərara gəlmişdim ki, kəndə piyada gedim, başqa çarəm yox idi.

Binanın həyətindən çıxıb asfalt yola dönmək istəyirdim ki, gördüm binanın arxa tərəfində bir maşın dayanıb. Gözlərimə işıq gəldi, ürəyim isindi. Qara bata-bata maşına tərəf qaçdım.

Maşın dayanan pəncərədən deyib-gülmək səsi gəlirdi. Bir az da irəli yeriyəndə, bayaqkı sevincim bir anda yox olub getdi. Ayaqlarım, sanki yerə mıxlandı. Maşın, binadakıların, elə mənim də, qəhbə kimi tanıdığımız Qəmzə adlı qadının pəncərəsinin önündə dayanmışdı. Bildim ki, bu maşının sahibi kimdirsə, Qəmzənin qonağıdır.

- Nə edim? - düşündüm. Gedim Qəmzəninmi qapısını döyüm? Qonşuluq etdiyim adamlar mənə yox deyəndə, pisgəzən Qəmzə mənə maşınmı verəcəkdi?! Maşın onun özünün olsaydı, dərd yarıydı. Onun yanına gələn hansısa birinin olmalıydı.

Geri dönmək istədim, elə bil, ayaqlarımdan daş asılmışdı, yerimdən tərpənə bilmədim. Elə haldaydım ki, bu anda anamı hər şeydən, lap qürurumdan da üstün tutdum... Mənə elə gəldi ki, anamın həyatda qalması bu dəqiqə Qəmzədən aslıdır.  Nə olursa-olsun, bu sonuncu şansımı da yoxlayacağam, - düşündüm.

Ehmalca qapını döydüm.

İçəridən Qəmzənin çingiltili səsi eşidildi:

-  Əyə, kimdir qapını döyən?

- Mənəm! - dedim, - Qonşun...

- Hansı qonşum, ə? Mənim qonşularım yoxdur. Get, vızqırt burdan... Yanımda adam var.

Elə bil ayılan kimi oldum. - Başıma soyuq dəyib nədi, mənim bu qapıda nə işim var? - fikirləşdim.

Geri dönüb pilləkənlərlə aşağı düşmək istəyirdim ki, birdən qapının açarı şaqqıldadı və elə həmin anda Qəmzə qapıda göründü:

- Ayə, bir geri dön, görüm kimsən?

Çəkinə-çəkinə geri boylandım.

O, əlini qaşlarının üstə qoyub diqqətlə mənə baxdı:

- Ə, müəllim, sənsən? Xeyir ola, məni güdürdün? Yoxsa, yenə yığışıb məndən polisə şikayət ərizəsi yazmısınız? Bu gecə vaxtı da gəlmisən ki, görəsən yanımda kişi var, ya yoxdur?  Var, müəllim, var. Yaz ki, gedib öz gözlərimlə gördüm.

Qapını çırpıb getmək istəyirdi ki, nə fikirləşdisə geri döndü:

-  Düz eləmirsiz, müəllim, adam çörəyə baisçilik eləməz... Bir də ki, bilirəm  məndən niyə yanıqlısız? Ona görə ki, mənim bu binada yaşayan kişilərdən xoşum gəlmir... Qəlbinizə dəyməsin, bu binada heç kişi yoxdur.

Yazırsınız, gedin oğrudan, rüşvətxordan, ana-bacısını satanlardan yazın, məndən niyə yazırsınız?! Nə edim, gedim dilənim?! Yoxsa, oğurluq edim? Bəlkə, başqaları kimi onu-bunu şərləyib pul qazanım?! - Kişisiz əyə, gedin arvad-uşağınızın dərdini çəkin. Bu binada elə kişilər var  ki, arvadı şəhərin əksər kişilərinin alt tuman-köynəyinin razmerini əzbərdən bilir. İndi gəlib mənim namusumu çəkirlər, oğraşlar.

Qışın bu zəlo-zəlo vaxtında Qəmzənin sözləri başımdan tüstü çıxarırdı. Qızdırmalı adamlar kimi bədənim su içərisindəydi. Bir az da gözləsəydim, həyəcandan yıxılıb yerə dəyəcəkdim. Odur ki:

- Qəmzə, anam bərk xəstədir kənddən xəbər gəlib. Arvadın vəziyyəti ağırdır, getmək istəyirəm, maşın tapa bilmirəm. Pəncərənizin qarşısında bir maşın gördüm, ona görə gecə vaxtı qapınızı döydüm. Mümkünsə...

Qəmzə bir müddət lal-dinməz dayanıb, üzümə baxdı, sonra yavaşca:

- Anan xəstədir?!.

- Hə, vəziyyəti çox ağırdır, - dedim.

O, geri boylanıb içəridəki adama səsləndi:

- Etibar... Edik...

Səs gəlmədi. O, bir də səsləndi:

- Edik!.. Səninləyəm.

Yenə də cavab verən olmadı.

Qəmzə bu dəfə üzünü mənə tutub:

- Qonşu, Edik çox içib, möhkəmcə keflidir. Onsuz da, bu vəziyyətdə o, maşın sürə bilməyəcək. Sən özün maşın sürə bilirsənmi?

- Hə, əlbəttə, sürə bilirəm. - dedim.

O gedib maşının açarlarını gətirdi və mənə uzatdı:

- Onda al, bu açarları maşını özün sür get.

Sonra, daha bir söz deməyib, qapını örtüb getdi.

Açarlar əlimdə bir müddət qapının ağzındaca donub qaldım. Hələ də inana bilmirdim ki, mən kəndə, anamın yanına getmək üçün maşın tapmışam.

Maşına oturub yola düşdüm. Qar çox yağsa da, hələ şaxta düşməmişdi. Ona görə də, maşın narın qar örtüyünü yara-yara irəliləyirdi. Yolboyu çox şeylər barədə düşündüm. Sən demə, bizim ağlımızın dərk etməyəcəyi hələ çox mətləblər varmış bu həyatda. Özümüzü hamıdan ağıllı bildiyimizə görə, bu mətləblərin yanından, sən demə, saymazyana ötüb keçirikmiş.

Maşını həyətə sürüb, mühərriki söndürdüm. Bir müddət sakitcə oturub evə diqqət kəsildim. Sakitlikdi.

Maşından düşüb eyvana qalxdım. Otağa girəndə anamın çarpayıda uzanılı vəziyyətdə, gözlərinin isə qapıya zilləndiyini gördüm. Baxışlarımız toqquşdu, hər ikimiz gülümsədik. Şükür ki, o sağ-salamat idi...

... Xəstəxanaya çatanda, artıq, hava işıqlaşırdı. Anamı palataya yerləşdirib, maşını sahibinə çatdrmaq üçün binaya tərəf sürdüm. Çox narahat idim.

Binanın qarşısına çatanda səhər açılmışdı. Hər kəs iş-güc dalınca tələsirdi. Qonşumuz Əşrəf də, Qasım da, hətta o biri küçədə yaşayan Fazil kişi də maşınlarını qarajdan çıxarıb harasa getməyə hazırlaşırdılar...

Maşını haradan götürmüşdümsə, orada da saxlayıb yerə düşdüm. Başımı qaldıranda Qəmzəni otağının pəncərəsinin qabağında, qalın, yun adyala bürünmüş vəziyyətdə gördüm. Gözlərindən yuxu tökülürdü. Elə zənn etdim ki, gec qayıtdığıma görə, maşın üçün narahatdır.    Amma məni görcək pəncərəni açıb:

- Qonşu, anan necədir?! - soruşdu.

Nitqim qurudu, bir söz deyə bilmədim... Bir tikə qəhər, elə bil, boğazıma tıxanıb məni boğurdu. Dinsəydim, hönkürəcəkdim. Ona görə də, Qəmzəyə baxıb, başımın işarəsiylə; - yaxşıdır, - dedim və zorla da olsa, gülümsədim.

O da gülümsədi. Sonra yuxulu gözlərini ovuşdura-ovuşdura:

- Qış gecəsi yaman uzun olurmuş, - dedi və pəncərəni bağlayıb getdi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!