Rəfail Tağızadə - ŞEİRLƏR

Sahilin tənhalığı

Bizim dənizimiz uzaqda qaldı,

Coşqusu, səs-küyü, pəsi uzaqda.

Bu sükut haradan çökdü dənizə?                  

Səni səsləyənin səsi uzaqda.                   

 

Görüb boş sahilin tənhalığını

Daha ləpələr də sahilə gəlmir.

Nə iz var yumağa, nə də ayaqlar...                       

Qumlu sahilləri kimlər ayaqlar?

 

Qayalar lal-dinməz, çəpiksiz qalıb,

balıqçı nə vaxtdır balıqsız qalıb,

dənizi gəmisiz, qayıqsız qalıb,

Ayı gecəsində könülsüz qalıb,

bu dəniz fikrindən görən dönübmü?

Sükutdan bu dəniz görən çönübmü?

 

Balığı, dalğası, həvəsi yoxsa,

səni səsləyəcək nəfəsi yoxsa,

sənə yüyürəsi ləpəsi yoxsa,                                   

daha bu dənizin nəyi dənizdi?

Sənsiz bu dənizin nəyi dənizdi...

 

Dəniz tək

Səni dəniz təki qucaqlayaydım,

səni dəniz təki öpə biləydim.

 

Səni dalğalar tək alıb qoynuma,

səni ləpələr tək sığallayaydım.

 

Bizi nə Ay görə, nə günəş baxa,

(yaman utanıram hər ikisindən).

 

Çəkilək dənizin dərinliyinə,

çəkilək meşənin sərinliyinə.

 

Bir özgə baxış da səni görməsin,

bir özgə çağrış da sənə gəlməsin.

 

Gəl gedək, gəl gedək biz olan yerə,

özümü dəniz tək göstərim sənə...

 

Sən mənim qoynumda, mən qucağında...                                

Yuxuma gəlmişdin,

yenə yuxuma.

Daha yuxulardı

görüş yerimiz.

Mən sənin qoynuna

girdiyim kimi,

yuxuma girmisən

yuxuma indi.                               

Nə yaman soyuqdur

əllərin sənin,

nə yaman soyuyub

qucağın sənin,

sönübmü içində

ocağın sənin?

Yəqin üşüyürsən,

yerin soyuqdu.

Sənsiz bu ürəyim

oyuq-oyuqdu.

Mən səndən soyuğam,

sən məndən soyuq.

Bizi nə qızdırar

bu aralıqda?

Həsrət qucağında,

dərd qucağında.

Evdə yerin də boş,

yatağın da boş.

Sənsiz xəyalımın

oylağı da boş.

Yuxusu didərgin

o kövrək atam,

boş yerə boylanır

hər gecə, axşam.

Gəl soyuq əlini

qoynuma qoyum,

üzünü-üzümə

sürtüm eləcə...                              

Bəlkə ruhlarımız

isinər belə,

bəlkə bu gecəmiz

isinər belə:

Sən mənim qoynumda,

mən qucağında...           

 

Duellərin yeni forması

Bu dünya ölümlə qucaq-qucağa,

bu dünya ölümlə qol-boyun gəzir.

Bayırda müharibə, içdə min savaş.

Mərmidən ölməyən özün öldürür.

Hardandı insanda ölüm sevgisi.

Nə yaman dəyişdi hər şey həyatda. 

Budumu düşüncə inqilabları?

Budumu inkişaf?

Bumu tərəqqi?

Yoxsa ağılların itibdi həddi.

Bu necə əsrdi, necə zamandı?

Ölüm hücum çəkir insan üstünə.

Birinci səhifədə ölüm xəbəri,

Sonuncu səhifədə ölüm xəbəri.

Bu gün qara xəbər meydan sulayır,

Kimi öz içində susur, ulayır.

Həqiqət yox olub, mərhəmət itib,

Nifrət baş qaldırıb, məhəbbət itib.

Qalıbdı insanlıq nadan əlində,

Sevgisiz bu dünya namərd əlində.

              * * *

Kimsə olanların payında deyil, 

Ölən marağında, sayında deyil.

Üstünə yüyürən, üstünə qaçan

Qara xəbərlərin hayında deyil...

 

İndi bütün ipdə sabun qoxusu,

İndi bütün ipdə qan ləkəsi var.

Hər ip dolaqları, ip ilgəhləri,

Ölünün özü tək qorxudur məni.

Artır intiharın sayı günbəgün.

İnsan öz-özüylə duelə çıxır

Hamı öz-özünə qəsd edir daha,

Bu da duellərin yeni forması.

Daha tapançadan güllə açılmır,              

Belə güllələrdən heç nə qaçılmır,

Qaçan sekundantdan, şahiddən qaçır,

Qaçır rəzalətdən. Dözəmmir, qaçır.

Qaçır bu adamlar özündən qaçır.                          

İnsanın özünə dəyəri itib,

Dəyərlər yox olan bu yer üzündə.

Hamı qüssəlidi, üzdən qəm yağan,   

İçi bataqlıqlı Yer kürəsində.

 

Qara quş          

Qar qapını tez aldı,

yaman uzandı bu qış.

Həyətdəki ağacda

nə oxuyur qara quş?

 

Əridi qar, çıxdı gün,

uç get burdan, qara quş.                      

Bahar üçün darıxdım,

bir az tez gəl, qaranquş.

 

Bu gecə məni ağlayır             

Yenə turşudub qaşını,

Əyib buludlu başını,

Tökür gözünün yaşını,

Bu gecə yaman ağlayır.

 

Ay da yox kiridə onu,

İslanıb əynində donu.

Göz yaşının yoxmu sonu?            

Bu gecə yaman ağlayır.

 

Xətrinəmi dəyən olub?

Yoxsa yığılıb, dolub?        

Ağlamaqdan rəngi solub.  

Bu gecə yaman ağlayır.

 

Dərdimmi dərdinə köçüb,

Ağrımmı ağrına keçib,

Könlünmü könlümü seçib?

Bu gecə, məni ağlayır.

 

O sevgi

Sən harda basdırdın ölən sevgini?

Yolmu kənarında? Çay qırağında?

Gündüzmü, gecəmi? Bəs nə vaxt öldü?                        

Hər gecə yuxuna girən o sevgi.

 

De harda basdırdın ölən sevgini?

Üstünə nə yazdın?

Sonda nə dedi?

Demədi bəs nə vaxt dirilib gələr,

təzədən doğulub, sevinib gələr,

sənli təzə eşqə bürünüb gələr,

hər gecə yuxuna girən o sevgi?

 

Gecəni səninlə bölən sevginə,

səninçün hər zaman ölən sevginə,        

hər gecə yuxuna girən sevginə    

bəs niyə deyirsən, ölüdü, ölü?

Kənardan baxandan, vallah, diridi.                             

Hər gecə yuxuna girən o sevgi.

 

Gözəldən-gözələ             

Hər uzaq səfərdən, yaxın səfərdən 

"Sən mənə gözəllik gətir"- deyirsən.

Görən bundan çətin istək olarmı?

Gözələ gözəllik. Gözəldən gözəl...

Hər təzə səfərdə, hər təzə gündə

Gəzdim meşələri, gəzdim dağları,

Yaylanı, ormanı, bağça-bağları...

Gördüm, təbiətin gözəlliyinin                    

Hamısı səndə var, bütöv adında,                

Gözəllik adında, gözəl adında.

Səni yaradanın bəxş elədiyi,               

Üzünə, gözünə nəqş elədiyi -

Səndən apardığım o gözəlliyi,

Mən sənin özünə gətirdim yenə.

Səndən gözəlini görmədim hələ.                

 

Yaşayıram, varammı...         

Bu dünyada tək gümandan yapışan,

gecə-gündüz xəyallarla çarpışan,

dar cığırda mənim ilə tapışan

nə tapmısan, itirməkdən qorxursan?!

 

Mən kiməm ki, könlün belə narahat?

Sənin üçün zirvəyəmmi, dağammı?    

Elə bildim xatirəndə itmişəm.           

Mən hələ də yaşayıram, varammı?

 

Məndən artıq mənə dəyər verənim,

gümanların bir meh olub əsəcək.                   

Hara getsəm son ümidin göyərib

əvvəl-axır yollarımı kəsəcək.

 

Daha nə qaldı                                                                      

Ömrümə ömürlük xatirə yazıb,

biryolluq unudun, unudun məni.

Girin yuxulara günahım kimi-

gözlər xatirələr danışsın mənə.

Baxışlar keçmişlə yaşayır hələ.

Daha nə qaldı ki, qalan ömrümə                                

daha nə qaldı ki, yalan ömrümə,

illərdi dinməyən bu lal ömrümə,

ümid bağladığım xəyal ömrümə.

Hər şey sonda dönüb xəzan olursa,

günlər illərini belə qovursa,

anlar solğun ömrü dən-dən yolursa,

daha nələr qaldı bundan sonraya,

daha nələr qaldı, nələr, sonraya.

 

Sükutlu gecədə xatirə gözlər                             

bilməm bundan sonra daha nə gözlər...

 

Yaman dəyişmisən                                       

Yaman dəyişmisən o gündən bəri.

Ala gözlərinə bir həsrət qonub,

saçının tumarı dəyişib bir az,

əllər sığalını itirib bir az,

üzündə təbəssüm azalıb bir az...

Yaman dəyişmisən o gündən bəri.

 

Deyəsən bir az da solan kimisən.

Bir az da, bir az da dolan kimisən.

Gecən bir xoş sözün səsinə möhtac,

gecən bir öpüşün közünə möhtac,

gecən ehtiyacın özünə möhtac.

Yaman dəyişmisən o gündən bəri.

 

Yanağın allanmır, gözlərin gülmür,

ürəyin danışmır, ürəyin dinmir,

qısılıb içinə bir qonaq kimi,

ağıla uduzan bir qınaq kimi...

Yaman dəyişmisən o gündən bəri.

 

Gözlər gözlədiyi baxışı istər,

əvvəlki, o ərkli çağırışı istər,

açıb pəncərəni, açıb qapını

közərən ümidə boylanar yenə.

Sənin bu halına dözməz gözlərim:

təzə baxışlarım dəyişər səni,

üzdə naxışların dəyişər səni,

ürək alqışların dəyişər səni-

keçən günlərinə qaytarar səni.

Daha dəyişərsən bu gündən belə.

Yaman dəyişmisən, bir bax özünə...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!