Ramiz Əliağa Vahid oğlu - QƏZƏLLƏR

Aşiqi-mərdəm, yanımdan nazlı canan getməsin,
Düşməsin ayrı canımdan, can verən can getməsin.

Sevgi yolunda halaldır bu qanım dildarıma,
Yara qurban olmağa özgəsi qurban getməsin.

Can fədadır yara, qeyri kuyi-yara gəlməsin,
Haqq tərəfə aşiqin könlü pərişan getməsin.

Yolunu azmış bir xar cənnətdən əl üzsün tamam,
Heç zaman bülbül kimi bağa firavan getməsin.

Rəqibin viranəlikdir məskəni bayquş kimi,
Bir dəxi canan tərəf əzazil insan getməsin.

Bir-birindən məşuqəylə aşiq heç ayrılmasın,
Minnətə ədnaya heç bir vaxt müsəlman getməsin.

Ramiza, hər adama öz doğma yurdu yaxşıdır,
Vətənindən qürbətə şairi-dövran getməsin.

***

Ömrüm, günüm, həyatım, a canan, səninlədir,
Çoxdan bəri bu əhd ilə peyman səninlədir.

Qurban olum, unutma məni, aşiqəm sənə,
Bir mən kimi bu eyddə qurban səninlədir.

Yaddan çıxarma gəzdiyimiz yerləri, gülüm,
Zülfüntək ətirli gülü-reyhan səninlədir.

Hicran ayırsa bizi, müvəqqəti sayılır,
Al bu canımı aşkara - pünhan səninlədir.

Bir qızsan qəşəng bir ananın, yanındadır,
Mən istəyən o mehriban insan səninlədir.

Yaddır bizim dilimizə bu ayrılıq sözü,
Harda olursan ol, nigarım, can səninlədir.

Ramiz, könül quşun vətənindən uçurtma gəl,
Bil, harda olsan Azərbaycan səninlədir.

***

Bədr Ay kimi nur saçdı çıraqlar gözümüzdə,
Gur sulu bulaqlar yenə çağlar gözümüzdə.

Daşa-daşa çaylar dənizə axmada sel tək,
Ağ çalma qoyub başına dağlar gözümüzdə.

Yer tez isinir al günəşin istisi ilə,
Yaz çağı yaşıllaşmada bağlar gözümüzdə.

Yaddaşlara həkk olmada şimşək çaxır hər dəm,
Yağa-yağa yağış bulud ağlar gözümüzdə.

Ləzzətli xörəklər, yumşaq tazə çörəklər,
Artır yeni təndirlər, ocaqlar gözümüzdə.

Doğma vətəni qorumada ordumuz indi,
Bir-bir yekəlir körpə uşaqlar gözümüzdə.

Ramiz, vətənin naminə yüzlərlə qəzəl yaz,
Dostlaşmada hörmətli qonaqlar gözümüzdə.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!