Ölən sevgili - Peyami Səfa

İnsan həyatda hər şeyə öyrəşir. Xəstəxanada keçirdiyim on səkkizinci gecə idi. Artıq otağın vahiməli çılpaq divarları üstümə gəlmirdi. Daha xəstələrin hüznlü, qərib şərqiləri məni həyəcanlandırmırdı. Gecənin bir yarısında ətrafı saran dəhşətli ölüm sükutu da mənə tabut üstünə çökən əbədi gecənin səssizliyini xatırlatmırdı.

Artıq həkimə: - Bax, həkim elə bil beynimin bax burasına bir çəngəl saplanıb, bütün gücüylə beynimi qarışdırır, aşağı dartır. Sizə gülməli gəlməsin, vallah doğru deyirəm. Bu qarmağı əməlli-başlı hiss edirəm, elə bil, beynimin içini didir, didişdirir - demirdim. Deyəsən əməlli-başlı sağalmışdım.

Mənim üçün artıq hər şey adiləşmişdi. Xəstəxanadan əvvəlki həyatımı, sevdiyim insanların simalarını, mənzərələri, səsləri və qorxuları unutmuşdum. Artıq otağıma girənlərin qırmızı döşəmədə sürünən çəkingən ayaq səsləri  ruhuma hopmuşdu. Beyinə işləyən dərman qoxusu, ağ xalata bürünmüş həkimlərin çəhrayı üzlərindəki amiranə sükunət, palatalarda yetim uşaqlar kimi ağır-ağır hərəkət edib, güclə addım atan xəstələr mənə yad deyildi.

Həkim dedi ki:

-Artıq yaxşılaşırsınız. Bir-iki günə burdan çıxacaqsınız. Müalicəniz qurtarır. Amma sizə axırıncı xəbərdarlıq: Soyuqqanlı olun! Oldu, özünüz görürsünüz ki, əsəb qədər müalicəsi çətin olan xəstəlik yoxdur. Əgər siz özünüzü ələ almasanız, bilin ki, hiss etdiyiniz o dəhşətli sancılardan qurtula bilməyəcək, xəstəxananın əbədi sakininə çevriləcəksiniz!

Tək qalan kimi, həkimin dediklərini öz-özümə təkrarladım. "Soyuqqanlı olmaq. Ancaq soyuqqanlı olmaq.." Bir həkim üçün bu, bəlkə də adi, anadangəlmə bir xüsusiyyətdir, amma mənim üçün... Bədənimə qırxayaq kimi soxulub cırmaqlaya-cırmaqlaya yüyürən əsəb gərginliklərindən ömrümdə heç olmasa bircə saniyə belə uzaqlaşmaq, qurtulmaq ilahi necə çətindir, çətin... Görəsən, burdan çıxandan sonra nə edəcəkdim?! Eh, burdan birbaşa, düz evə gedəcək, qapını açan yaşlı xidmətçimə həmişəki əmrləri verəcək, yazıq məni yaxşı eşitməsə, bürüşük qulaqlarına möhkəm-möhkəm qışqıracaqdım... Sonra ruhuma hakim kəsilən sükut içində yuxarı mərtəbədəki otağıma çəkilib, özümü yumşaq, rahat kresloya atacaqdım.. İlahi! Onun otağının qabağından keçəndə görəsən heç titrəməyəcəkdim?!

Qapısını kilidləyib, açarını bir kənara atdığım, bir daha açmamağa söz verdiyim bu otaq, mənim otağımın düz aşağısında, mumyalanmış Misir sərdabəsi kimi idi. İlahi, görəsən həmişə belə bağlı qalacaqdı?!

Öz otağımı xatırlamağa çalışırdım: Həmin gecə tərli gicgahlarımı kreslonun soyuq dirsəklərinə dayayaraq necə hıçqırmışdımsa, o vaxtdan bəri beynimi çulğalayan o xain uğultudan bir də xilas ola bilməmişdim. Çarpayımın baş tərəfindəki balaca masa, abajuru sınmış lampanın qabağına tökülmüş kitablar, boş siqaret qutuları, siqaret kötükləri və işləməli örtüyə tökülmüş küllər, küllər...

Evimdə tənha yaşamağa məhkum olduğum gündən bəri mənim üçün hər şey bir heçdir! Evimə qayıdandan sonra axı nə edəcəkdim?! Nə?! Bax, həkim bunu mənə desin, bunu öyrətsin! Eh.. Axı, pəncərəmin qarşısındakı köhnə qala divarlarına, qorxunc qaranlıqları saran sonsuz boşluqlara uzun-uzadı baxmaqdan başqa nə edəcəkdim?!..

Sanki çiynimin üstündə qara bir əli hiss edirmiş kimi, biixtiyar kitab şkafıma tərəf səndələyəcəkdim. Orda şkafın orta dolabını çəkib, titrəyə-titrəyə balaca bir qutu çıxaracaqdım. Ah... Həkim deyir ki:

- Onun haqqında qətiyyən fikirləşməyin, qətiyyən, qətiyyən... Bircə dəfə xatirəsi beyninizdə canlansa, xəstəliyiniz təzələnəcək. Başa düşürsünüz? Onun haqqında düşünməyəcəksiniz! Qətiyyən...

Belə bir qadağa. Yaxşı, bəs onun haqqında fikirləşməmək üçün, onu xatırlamamaq üçün mən hansı qüvvə ilə çarpışmalıyam?! Budur, balaca qutunu açıram, gözlərim qutunun qapqara içliyinə dikilir. Heç axtarmadan tapıram. İncə bir kağız büklümü.. İçərisində... telləri bir-birinə sarılaraq, düyünlənmiş saçlar... Saçlar, ah, onun saçları.. tovuz quşunun lələkləri kimi ovcumda parıldayır. Sonra onu titrəyən barmaqlarımla açıram, parlaq, incə, yumşaq saçlar... Barmaqlarımın arasından axır, qutuya tökülür, onu yenə ovuclayıram, sıxıram...

"Onun haqqında fikirləşməyin! Qətiyyən fikirləşməyin!" Qətiyyən!

Bütün varlığı ilə mənim olan, mənə kölgəmdən də yaxın olan o incə vücudu, köksündə yalnız mənim üçün çırpındığına inandığım o əziz qəlbi necə unuda bilərəm?! İlahi, o həyat eşqiylə çırpınan ürək sonra necə söndü?! O vücud, sonra necə tükəndi?!

Həkimlər;

-Xanımınızdan çox muğayat olun! -demişdilər.

Tez Çamlıcaya çəkildik. Dizinin dibindən ayrılmırdım. Bədəninin islaq təri əllərimə, üzümə yapışırdı. Yana-yana xəstəliyinin mənə gəlməsini diləyirdim. Onunla birlikdə ölməyə hazırdım. Hər şeyə razı idim. Gecə səhərə qədər öskürdü, bir-iki dəfə qaytardı. Sinəsi, saçları və ovucları qan-tər içində idi. Səsi zəifləmişdi. Hərdən, "Qurban sənə, sən danış, mən qulaq asım" deməyi vardı.

Sonra üzü saraldı, göyərdi, solğun dodaqları titrəməyə başladı. Tez-tez hıçqırır, gecələr yuxusundan birdən-birə sıçrayır, qorxunc xəyalətlərdən ürkərdi. Bir dəfə gecə yuxusunda sayıqlayaraq qışqırdı:

"-Neçə nəfərsiniz? Bu ağları çıxarın əyninizdən!"

Ertəsi halsız və yorğundu. Yanaqları çuxura düşmüş, burnu sanki uzanmışdı. Hələ o saralmış gözlər?.. İki dərin çuxura düşmüş o gözlər donuq və bulanıqdır.

Həmin gün, əllərini tutanda soyuq tər barmaqlarımı dondurdu. Dəhşətli bir həyəcanla əlindən tutub, qolunu yuxarı qaldırdım. Qolu qırılmış bir budaq kimi yanına düşdü. Çətinliklə nəfəs alırdı. Əyilib, gözlərinə baxanda əbədi ayrılıq fəryadını qopardım.

O gündən sonra sanki vücuduma ilanlar sarıldı. Əsəblərim tarıma çəkilmişdi. Var gücümlə bağırdım. Tabut evdən çıxanda başımdan dəhşətli bir ağrı qopdu. Elə bil beynimə qarmaq sancılırdı. "Bu qarmağı çıxardın" - deyib bağırdım, yerə yıxıldım.

Gözlərimi açanda xəstəxanada idim.

Bu dəhşətli anları xatırladıqca, o zərif, yumşaq, parlaq saçlar barmaqlarıma dolanırdı. Onları əlimdən qoparmaq, barmaqlarımı qurtarmaq istəyirdim. Heç nə alınmırdı. Ah..o tellər, tellər...

Ah, budur, yenə də o qarmaq beynimə sancılır, məngənə kimi sıxırdı... Heyhhh... eyvah.. Hanı, bəs mən sağalmışdım axı?

Yox, bax budur yenə də beynimi gəmirərək, aşağı çəkirdi.

Hayqırır, hayqırır, bütün varlığımla hayqırırdım:

-Ehey... Gəlin! Gəlin o qarmağı çıxarın beynimdən!!!

Həkim cəld otağıma girdi. Qəzəblə üzümə baxdı:

- Mən sizə bir də onun haqqında fikirləşməyin deməmişdim?

Sonra üz-gözünü acıqla qırışdıraraq əmr elədi:

- Qalxın, bu dəqiqə birlikdə bağçaya çıxırıq! Havanızı dəyişməlisiniz!

O həkim mənə çox can yandırırdı, üstümdə haqqı vardı. Ona görə də dinməzcə tabe oldum. Qoluna söykənib, palatanın qapısından çıxdım. Sübh günəşi gözlərimi qamaşdırdı.

Həkim:

- Bax, görürsən təbiət necə də gözəldir!

-"Sevgilisi ölməyənlər üçün" cavabını verdim.

 

Türkiyə türkcəsindən uyğunlaşdırdı:

Eşqanə BABAYEVA


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!