Xəzər Universitetinin Dunya IB Məktəbi İstanbul İstək Bilgə Kağan və Düyər Şəhid Polis Mustafa Kılıç məktəbləri ilə 2021-ci ilin yanvar ayından “İki ölkə, bir hekayə” adlanan eTvinninq (eTwinning) layihəsini həyata keçirtmək üçün bir araya gəlmişlər. Bu layihənin əsas məqsədi gənc nəslə ortaq milli-mənəvi dəyərlərimizi aşılamaqdır.
Layihəyə əsasən hər iki tərəfin məktəbliləri müəyyən olunmuş mövzular əsasında (qardaşlıq, sevgi, hörmət və empatiya) ortaq hekayələr yazmışlar. Amma bu hekayələr ayrı-ayrı uşaqlar tərəfindən deyil, bir azərbaycanlı, bir türk olmaqla iki nəfərdən ibarət şagird qrupu tərəfindən yazılmışdır. Uşaqların hər biri öz fantaziyasına və marağına uyğun hekayə başlamış, kulminasiya nöqtəsində davamını yazmaq üçün mətni qrup yoldaşına ötürmüşdür. Beləcə, hər qrup seçilmiş mövzular üzrə ayrılıqda bir hekayə yazmışdır. Bu yaradıcı işi başlamazdan öncə isə layihə təşkilatçıları olan türkiyəli və azərbaycanlı müəllimlər uşaqları hazırlamaq, motivasiya etmək üçün müxtəlif fəaliyyətlər həyata keçirmişlər. Həmin fəaliyyətlərin bir qismi şagirdlərin bəzi azərbaycanlı və türk şair-yazarlarla görüşünün təşkili idi. Bu prosesin təbii axınına və planına uyğun olaraq hər iki məktəbin şagirdləri ilk olaraq Azərbaycanın məşhur və sevilən şairi Hamlet İsaxanlı ilə görüşdülər. Hamlet İsaxanlı bu görüşdə proyekt iştirakçıları ilə yazılacaq hekayələr üçün seçilmiş “Qardaşlıq” mövzusunda düşüncələrini paylaşdı. Bir saatdan artıq davam edən onlayn görüş həm faydalı, həm də maraqlı keçdi. Növbəti görüş tanınmış türkiyəli yazar Almila Aydınla təşkil olunmuşdu. Uşaqlara mövzu seçimi və hekayə yazma texnikası ilə bağlı maraqlı təqdimat hazırlayan müəllif görüş zamanı hər iki ölkənin şagirdlərini maraqlandıran məqamlara da aydınlıq gətirmişdir. Onlarla yanaşı, may ayına qədər məktəblilər azərbaycanlı yazıçı Günl Eminli və türkiyəli yazıçılar Hüsnan Şeker, Metin Özdamar ilə də onlayn görüşmüşlər.
Hər iki ölkədən ümumilikdə 30 şagirdin iştirak etdiyi layihədə şagirdlər hekayə yazmaq bacarıqlarını inkişaf etdirməklə yanaşı, müxtəlif fəaliyyət növləri ilə də məşğul olmuşlar, bu zaman onlar Egüvənlik, web2 biliklərini hər üç məktəbin müəllimlərinin köməkliyi ilə daha da artırmışlar.
Layihənin Azərbaycan üzrə təşkilatçıları və həyata keçirənləri Dünya İB məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimləri Könül Kazımova, Nərmin Cahangirova, Cahan Nəsirovadır.
Uşaqların böyük həvəslə davam etdirdikləri layihənin sonunda yazılan bütün hekayələrdən ibarət kitab çap olunması planlaşdırılır.
Nərmin Cahangirova
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!