Aqşin Babanın "Bir yolda gözüm qaldı..." kitabı üzərinə
Xalq şairi Fikrət Qoca haqlı yazır ki, "Qırx ildir, indi yarım əsrdən artıqdır ki, gözəl ziyalı, alim, nəhayət dostum Aqşin Babayevi tanıyıram. Sirr saxlamaqda bu qədər möhkəm olduğunu bilmirdim. Bu qırx il ərzində şeir yazdığını bir dəfə də dilindən qaçırmayıb... Sən demə, nəvə həsrətilə bir şeir yazıb... Dostuma ərk edib familindən "yevi" pozuruq. Babayev olmaqdan Baba olmaq gözəldir". Ustad sənətkar F.Qoca tamamilə haqlıdır. Kitabı vərəqlədikcə görürsən ki, gözəl şairliklə yanaşı, orada səmimi, müdrik bir baba obrazı var. Kitabdakı şeirləri oxuduqca müsbət idealı, əsas baş obrazı axtardım. Gördüm ki, bunlar bir deyil, iki deyil, hər bir şeirin öz mühiti, öz aləmi, öz obrazı-ideyası var. Mən Aqşin Babanın poetik - şeir xəyalının irəliyə uçuşunun sürəti ilə maraqlandım. Məlum oldu ki, bu xəyal uçuşunda həm zaman, həm tarix, həm də çox şeyə imza atan insan var. Əslində dünya da zaman da, tarix də, insan deməkdir. Deməli, "Bir yolda gözüm qaldı" kitabının baş obrazı insandır. Aqşin Babaya görə əgər dünyanı dilə-dişə salan insan "düzələrsə" dünya da düzələr. Bu baxımdan toplu Aqşin Babanın mənəvi-əxlaqı kamil insan axtarışlarının məhsuludur. Aqşin Babanın "Bu yolda gözüm qaldı"... kitabında gördüyümüz, insan və dünya onun bütün yaradıcılığında güclü ideal kimi əsas yer tutur. Bu idealı təmsil və təyin edən şairin niyyəti, güclü ədəbi-bədii sözüdür. Bu sözün, yəni insanın sorağı ilə kitabı şeirbəşeir vərəqlədim. Gördüm ki, bu söz, yeri gələndə son dərəcə kövrək, qüdrətli, milli-bəşəri, hissi-idrakı-əzəmətli-yanıqlı-həsrətli-kinli-küdurətli-arzulu-həyəcanlı, çox məqamlarda qəzəbli-mülayim əksərən də dünyagörmüş, müdrik, müasir düşüncəli ustad şair sözüdür. Təəssüf etdim ki, sənətkar şəxsiyyətinin öncül xüsusiyyətlərindən olan bu sənət sərvətləri, hikmətlər bu vaxta qədər dəfinə formasında qalıb, üzə çıxmayıb. Buna nə mane olub? Öz-özümə dedim ki, yəqin təvazökarlıq, o, deyəsən tələb olunandan artıq olub. Sevindim ki, gec də olsa "Oxucu Aqşini olduğu kimi görür. Bu nəsrdəki şux qamətli, ağayana Aqşin deyil. Onun qəlbindən acı qürbət, qəribçilik yelləri əsir. Sanki şair Vətəndə olanda da qürbətdədir". (Vaqif Bəhmənli)
Tanınmış şairlər Vaqif Bəhmənlinin ön sözü və Sərvaz Hüseynoğlunun redaktorluğu ilə işıq üzü görən topluda bəşəriyyətə - insana ünvanlanan hisslərdə, duyğu və düşüncələrdə, giley-güzarlarda, hətta qayğı-diqqət və bədii gülüşdə Aqşin Babanın özü, qüdrətli-müdrik-mülayim-tələbkar, kövrək bir obraz kimi iştirak edir və tam aydın görünür.
"Bir yolda gözüm qaldı..." toplusunda dörd yüzə yaxın şeir var. Hər biri müəyyən hiss-düşüncə, mətləb, tələb və ehtiyaclarla bağlı olan idrakı şeir nümunələridir. Hər birində Aqşin Baba müsbət ideal kimi iştrak edir. Hər birində düşünmək, duymaq, nəticə çıxarmaq təbliğ olunur. Hər birində Vətənə - ana torpağa, türk dünyasına - Azərbaycana - müqəddəs Tanrıya, təbiətə dərin məhəbbət hissi ifadə olunur. Hər birində çoxları üçün əlçatmaz olan hisslər, duyğular, daxili səslər- həyəcan və səksəkələr obrazlaşır. Hər bir şeirdə alın yazısı, tale, "istəsək də, istəməsək də sözlərin, nəğmələrin bəxti, açılan və açılmayan bəxti" var. Mən deyərdim ki, bu topluda qəribsəyən bütün hisslərin, kövrək duyğuların bəxtinin açılacağına möhkəm inam, o günün gələcəyinə güclü ümid var.
Toplunu vərəqlədikcə son dərəcə kövrək, nisgil-qəzəbli, ittihamçı şeirlərin, misraların məğzində dərin bir vətəndaşlıq qüruru, vətən-millət hissi məhəbbətinin varlığını gördüm. Xəyalımdan keçdi ki, Aqşin Baba kövrək olduğu qədər də milli və bəşəri ruhlu vətəndaşdır, vətənini sonsuz məhəbbətlə sevən bir insandır. O, radio-televiziyada olanda da, Türkiyədə işləyəndə də, xitabət kürsüsündə görünəndə də əsl vətəndaş, ziyalı qüruru göstərib. Onun elmi-ədəbi-bədii yaradıcılığı mənə haqq verir ki, deyim Aqşin Baba səviyyəsinə vətəninə, millətinə-xalqına bağlılıqla çatıb. Bu babalıqda hər şey, vətən qüruru və məhəbbəti, millət-xalq sevgisi, istiqlal, azadlıq məfkurəsinə bağlılıqla yanaşı, dünyanı-insanı-bəşəriyyəti azad və xoşbəxt görmək arzusu, oğulluq, kövrək atalıq, babalıq duyğuları, bütün yaxşılıqları qorumaq, pisliklərə nifrət etmək, ailə, övlad, nəvə məhəbbəti var. Aqşin Babanın hissləri, duyğuları, arzu və sevincləri, nəğmə çələnginə bənzəyir. O, əksər şeirlərində nəğmələrin, güllərin-çiçəklərin dili ilə danışır. Onun məhəbbət, sevgi şeirləri nəğmələrə bənzəyir. Ritmi, ahəngi, musiqisi yerində olan nəğmələrə:
Mən ulduz, sən asiman,
Mən yarpaq, sən çəmənzar,
Mən payızam, sən bahar,
Mən bir dünya, sən dəniz,
Bir damla, necə yaşar,
Səma boyda dənizsiz?
"Bir yolda gözüm qaldı..." toplusu ötən əsrin şeir nümunələri olsa da, indinin özündə də həvəslə oxunur. İdeya mövzusu ilə yanaşı topluda kövrək, lirik, romantik üslub, poetik səviyyə, mövzu rəngarəngliyi, fikir, hiss, deyim tərzi yüksək olduğu üçün təsir gücü də tələb olunan səviyyədədir. Aqşin Baba əksər şeirlərində nə qədər kövrək, həyəcanlı, narahat olsa da, bir o qədər, hətta daha artıq yaşamaq, həyat eşqi güclü olan dünyanın - insanın düzələcəyinə ümid bəsləyən şair kimi çıxış edir:
"Saçlarıma qar yağsa da,
Ölüm məndən iraqsa da,
Qocalıq bir çıraqsa da
Cavan olmaq istəyirəm."
Ədəbi-bədii irsinə dəyərli bir əlavə olan bu toplunun Aqşin Babaya geniş oxucu kütləsi qazandıracağı şübhəsizdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!