Dilimizə ingilis dilinin ziyanlı təsiri barədə...
İngilis dilinin çağdaş dünyada ən böyük informasiya daşıyıcısı kimi real gücə malik olması, demək olar ki, bütün dillərə leksik zənginləşmə mənasında faydalı təsir göstərməsi obyektiv həqiqətdir. Müasir beynəlxalq münasibətlər sistemində onun hegemon rolunu etiraf etməklə bərabər, böyük tarixi ənənələrə malik fransız, ispan, alman, rus, yapon, Çin, ərəb, fars dilləri bu dilin bəzən bütün zəruri hədləri dağıdıb aşan ziyanlı təsirindən qorunmaq üçün əməli tədbirlər görməyə çalışırlar. Təbii ki, belə bir "ingilis təhlükəsi" türk dünyasının, o cümlədən bizim ölkəmizin dil mühiti üçün də aktualdır. Təkcə elə paytaxtımızın reklam və tərtibat mənzərəsini nəzərdən keçirmək həmin təhlükənin nə qədər ciddi və real xarakter daşıdığı qənaətinə gəlmək üçün kifayət edər.
Şəhərimizdə bir çox ticarət və xidmət müəssisələrinin, idman və turizm obyektlərinin, otel və istirahət ocaqlarının adlarının yazılışında Dövlət dili haqqında Qanunun onların əvvəlcə daha böyük ölçüdə Azərbaycan dilində, sonra isə həmin müəssisələrin fəaliyyəti ilə bağlı ehtiyac yaranarsa, həm də xarici dildə yazılması barədə tələbi kobudcasına pozulur.
Demək olar ki, hamının şərik olduğu "dilimizi qorumaq lazımdır" şüarını on dəfə dilə gətirəndə bir dəfə də özümüzə sual verməliyik: "Kimdən?". Ciddi və vicdanla düşünsək, yüz haldan doxsanında "ilk növbədə özümüzdən!" cavabını verməli olarıq. Əlbəttə, dilə biganə münasibət üçün zəmin yaradan ictimai-sosial şəraiti nəzərə almamaq olmaz, ancaq onu da boynumuza almalıyıq ki, müşahidə olunan pozuntuların hamısını "həyata keçirən" biz özümüzük - ya diqqətsizlikdən, ya savadsızlıqdan, çox zaman da sayğısızlıqdan. Heç bir ingilis, yaxud rus gəlib burada bizim ölkəmizin, ya şəhərimzin dil mühitini korlamır. Bir daha etiraf etmək lazımdır ki, bu məsələdə real faktorlarla yanaşı, subyektiv amillərin rolu da az deyil. Məsələn, iş adamımız Ağabala bəy təzə açdığı kafeyə qəşəng bir qız adı qoymaq istəyir. Təbii ki, bu zaman onun yadına nənələri Qızbacı və Gülxanımın adları düşmür, çünki bunlardan "brend" çıxmaz, ekzotika lazımdır. Və Ağabala kafenin adını İzabella, yaxud Şarlotta qoyur. Nə yaxşı ki, ingilis dili varmış, yoxsa "milli" sahibkarımız "obyektinin" adını Haykanuş da qoya bilərdi... Buna dövlət, ya cəmiyyət neyləsin? Dövlət qanunu verib, cəmiyyətin də "ictimai" qınaqdan başqa heç nəyə gücü çatmır.
Beləliklə, müasir ədəbi dilimizdə ingilis dilindən alınmış zəruri miqdarda yeni kəlmələrlə yanaşı, ehtiyac olmadan alınmış sözlər də az deyil. Onlara münasibət ictimai rəydə də, mütəxəssislər arasında da birmənalıdır: Öz dilimizin leksik vahidlərinin semantik potensialı fikrin ifadəsi üçün kifayət etdiyi hallarda alınma sözlərdən istifadəyə ehtiyac yoxdur.
Məlumdur ki, dünya praktikasında xüsusi adlar dildən dilə keçərkən tərcümə olunmur. Yalnız müxtəlif dillərin tarixi ənənələrinə uyğun olaraq, variantların meydana çıxması mümkündür. Məsələn, qədim yəhudi dilində orijinalı Mixael kimi səslənən şəxs adı dünyanın müxtəlif dillərində fərqli şəkillərdə - Maykl, Mişel, Mixail, Mixaylo, Migel, Mikele, Mikail və s. kimi işlədilir. Biz bu adı ərəbcədən ("Quran" mətnindən) Mikail kimi götürmüşük, lakin ötən əsrlər ərzində söz dilimizin fonetik qaydalarına uyğunlaşaraq Mikayıl formasına düşmüşdür. Yaxud başqa bir nümunə: Orijinalı qədim yəhudicə İosif olan şəxs adı dünyanın müxtəlif dillərində Yuzasif, Jozef, Yozef, Yusif və s. variantlarda işlədilir. Biz də tarixən bu sözü ərəbcədən "Yusif" kimi almışıq və bu söz ədəbi leksik normada bu gün də olduğu kimi qalır. Ancaq dilimizin fonetik və tələffüz qaydalarına uyğun olaraq, sonrakı təkamül prosesində Azərbaycan dilində bu adın "Usub" variantı meydana gəlib və uzun illər boyu hər iki variant paralel işlənib. Əfsus ki, bu hadisənin dil üçün qanunauyğunluğunu nəzərə almayaraq, son dövrlər ömrü boyu "Usubbəyov" familiyasını daşımış görkəmli Cümhuriyyət xadimi Nəsib bəyin soyadına "düzəliş edərək" onu "Yusifbəyli" kimi yazırlar, millilik yolunda canını qurban vermiş kişini guya daha da "milliləşdirirlər".
Çox qəribədir ki, son illər bizim mətbuatın dilində ingilis mənşəli bir çox xüsusi adları (şəxs, yer-yurd, qəzet-jurnal, idman komandası və s.) ingilis transkripsiyasında yazmağa başlayıblar. Məsələn, bu cür - "New York Times", "Boeinq", yaxud "Manchester United". Heç on illər boyu dilimizi siyasi və ideoloji basqılar altında saxlayan Rusiya (Sovet) İmperiyası bizdən, məsələn, "Komsomolğskaə pravda" yazmağı tələb etmirdi. İndi isə belə çıxır ki, Azərbaycan oxucusu azərbaycandilli qəzeti oxumaq üçün mütləq ingilis dilini də bilməlidir. Təbii ki, ingilis dilini yaxşı bilməyən azərbaycanlı bu sözləri düzgün oxuya bilməyəcək. Halbuki, dilin saflığının qorunması mətbuatın əsas funksiyalarından biridir. (Sonra da gileylənirik ki, xarici şirkətlər işçi axtaranda ingilis dilini bilməsini tələb edirlər.) Bu cür sözləri mətbuatın dilində ingilis qaydası ilə yazdıqları kimi, telekanalların dilində də ingilis (daha doğrusu, amerikan) intonasiyası ilə tələffüz edirlər. Acınacaqlı haldır ki, bizim bəzi vətəndaşlarımız milli xüsusiyyətlərə çox asanlıqla arxa çevirərək dünənki rusdillilik ədasını indi də ingilisdillilik lovğalığı ilə əvəz edirlər.
Zənnimizcə, müasir dövrdə ingilis dilinin Azərbaycan dilinə ziyanlı təsirindən bəhs edərkən təkcə leksik alınmalarla kifayətlənməmək, əsas diqqəti bu təsirin bəzən dilimizin qrammatik sisteminə müdaxilə təhlükəsi yaratdığına yönəltmək lazımdır. Ümumiyyətlə, leksik pozuntular dilin taleyi üçün o qədər də böyük təhlükə yaratmır, bu hadisə nə qədər kütləvi xarakter alsa da, bu sözlərdən yaxa qurtarmaq çətin də olsa, mümkündür. Ancaq yad elementlər dilin qrammatik sisteminə nüfuz edərsə, onların ziyanlı təsirini aradan qaldırmaq mümkün olmaz. Xoşbəxtlikdən, daha doğrusu, dilimizin qrammatik sisteminin mükəmməlliyi səbəbindən yad dillərin əsrlər boyu davam edən təsiri bu sistemə ciddi ziyan vura bilməmişdir. Müasir dilimizdə də bu təsir ayrı-ayrı ünsürlərin meydana çıxmasından uzağa gedə bilmir. Məsələn, "Respublika stadionu", "Moskva" univermağı" tipli ifadələrin hər iki komponenti əcnəbi söz olsa da, bütövlükdə bu söz birləşmələri Azərbaycan dili vahidləridir (ikinci növ təyini söz birləşməsi). "Dalğa Arena", "Park Bulvar", "Gənclik Mall", "Buta Palas", "Babək Plaza", "Bazar Store" kimi birləşmələr isə tərkibində milli sözlərimiz olmasına baxmayaraq, ingilis dili qrammatikasının məhsuludur.
Bütün bu sayılanlar dil haqqında Dövlət Proqramının və Dövlət dili haqqında Qanunun tələbləri ilə tam ziddiyyət təşkil edir. Unutmayaq ki, dilimizin sərhədlərini qorumaq dövlətimizin sərhədlərini qorumaq qədər mühüm bir vəzifədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!