Şuşada oxuyan bülbüllər - "Nənələr"

 

Qalib ölkənin qalib Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Bu ad Azərbaycanımızın mədəniyyət tarixində böyük rolu olan şəhərin qalibiyyət mövqeyinə yaraşır və qırx dörd günlük Vətən müharibəsində çətin döyüş şəraitində Azərbaycan bayrağını burada qaldırmış igid oğullarımızın şücaətinə, şəhid olmuş övladlarımızın xatirəsinə verilən qiymətdir.

Məlum olduğu kimi, 1989-cu ildən başlayaraq əsrarəngiz təbiət qucağında yerləşən Şuşa şəhərində hər il "Xarıbülbül" musiqi festivalı keçirilmişdir. Xarıbülbül Şuşada bitən və ləçəkləri bülbülə oxşayan nadir Xarıbülbül gülünün adından götürülüb. Festival 1990-cı ildə Beynəlxalq status almış və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə də öz töhfəsini vermişdir. Otuz ilə yaxın bir dövrdə düşmən işğalı səbəbindən festival keçirilmirdi.

Çox əlamətdardır ki, böyük qələbədən sonra möhtərəm Prezidentin tapşırığı əsasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 12-13 may günlərində "Xarıbülbül" musiqi festivalı yenidən bərpa olundu və mültikulturalizm siyasətinin təzahürü olaraq açılış günü Azərbaycanda yaşayan xalqların nümayəndələrinin çıxışına həsr edildi.

Adəti üzrə Cıdır düzündə keçirilən bu musiqi bayramının səhnəsi hər tərəfdən təbiətin ağuşuna açılır. Bir-birinin ardınca öz məharətini göstərən xalq sənətçilərini dinlədikcə Azərbaycanımızın rəngarəng təbiəti kimi zəngin mədəniyyət yurdu olduğu görünür. Neçə-neçə xalqı təmsil edən bu insanları birləşdirən əməl və amalın güclü olduğuna bir daha inanırsan. Azərbaycan-türk, avar, talış, kürd, ləzgi, tatar, udi, molokan-rus, lahıc, yəhudi, gürcü, ingiloy, saxur, Ukrayna xalq mahnıları və rəqsləri insanı musiqi aləminə aparır və onu yaradan insanların birliyindəki gücünə heyran olursan. Bəli, bu birlik 44 günlük Vətən müharibəsində özünü göstərdi. Bu birlik Dəmir Yumruqdakı barmaqların birliyidir.

Xalq sənətçilərini dinlədikcə səhnədən üzbəüz dağ döşündəki ağacların bir torpaqda bitdiyini duyurdum; göz önünə çinar, palıd, nil, vələs, şam, küknar, dəmirağac və başqa ağaclar gəlirdi; zəngulələrdə Xanın, Bülbülün, Rəşidin, Gülağanın, Yaqubun, Şövkətin, Məmmədbağırın, Canəlinin, Qədirin, Baloğlanın... səsi canlanırdı; Natiq Şirinovun ifa etdiyi "Qarabağ ritmləri"nə cəlb edildikcə sanki Qarabağ atlarının kişnəməsi, qəhrəman döyüşçülərimizin silahlarının gurultusu, yalnız irəliyə atılan addımların tappıltısı eşidilirdi; Gənc Kənanın "Bayatı-Şiraz"ı sevinc və qürurdan doğan kövrəklik bəxş edirdi: Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası, Cəngi və qızğın ləzgi rəqsinin coşqunluğu hamını ruhlandırırdı; Şirzadın ifasında "Sarı gəlin", Mənsumun "Qaçaq Nəbi"sində xalq ruhunun qəhrəmanlıq doğuran sədaqəti necə gözəl vəsf edilmisdir!

Nizami, Füzuli və Vaqifin şirin qəzəllərinin yatımlı musiqilərini (Elçin - "Sənsiz", Yusif - "Sevgili canan", Mirələm - "Qarabağ" və b.) dinlədikcə yaradıcı insanları yetirən xalqın qüdrəti haqqında düşünürsən. Festivalda Azərbaycanı, Qarabağı tərənnüm edən mahnılar dinləyicini ölkəmizin tarixi haqqında düşüncələrə aparır, əsaslı nikbinlik yaradır və Qarabağın Azərbaycan olması reallığı yaşanırdı.

Beləliklə, bütün sənətçilərin çıxışı qürur doğururdu. "Nənələr"ə növbə çatdıqda yaşanan qürur daha da artmaqda idi. Hamımız böyük həyat dərsi keçmiş bu insanların üzlərindəki təbəssümü, ritmik hərəkətlərindəki ahəngi və nizamı doğmalıqla qəbul edirdik. Bütün azərbaycanlı ana və nənələrin sevinc və kədərini ifadə edən çıxışçılar, o sıradan nənələr hərarətlə alqışlanırdı. "Xarıbülbül" festivalının səhnəsində nənələri dinlədikcə bu torpağın işğaldan azad edilməsi üçün canlarından keçən şəhidlər yada düşür, igid oğullar göz qabağında canlanırdı. Ümumiyyətlə, Azərbaycanımızın cəsur igidləri ilə fəxr edirsən, Həzi qəhrəmanlığı, Polad iradəsi, Mübariz qeyrəti... göstərmiş insanlarla öyünürsən.

Nənələri dinləyəndə insan müdrikliyi səni məşğul edir.

Nənələrin bu səhnədə ifa etdikləri kompozisiyada talış xalq motivləri, nəğmə nəqarətləri, talış elinin nəzakəti var idi.

"Veteranlar qrupunun" hazırladığı "Qarabağ bizim ürəyimizdir" (Qərəboğ çəmə cone) təqdimatı Dəmir Yumruqda birləşmiş barmaqlar kimi Azərbaycanımız uğrunda döyüşən insanların səsidir. Axı burada bütün azərbaycanlılar vuruşub; ləzgi də, talış da, kürd də, yəhudi də, rus da, tatar da, tat da... şəhid olub. Tərtər ərazisində Talış adlı kəndin azad edilməsi uğrunda döyüşlərdə olduğu kimi. Ona görə başqa çıxışlar kimi nənələr hərarətli alqışlarla qarşılandı. Mən "Nənələr"lə fəxr etdim və bir az da kövrəldim. Çıxışlardan sonra nənələrlə görüşdüm və onlara təşəkkür etdim. "Nənələr", "Halay" və digər qruplar elin mədəniyyətini qoruyub saxlayan birliklərdir. Onlara həmişə qayğı göstərmək gərəkdir.

"Xarıbülbül" musiqi festivalı bir daha sübut etdi ki, Azərbaycanda multikultural dəyərləri qoruyan dövlətin siyasəti ardıcıl şəkildə həyata keçirilir.

Bəli, biz Şuşaya qayıtmışıq... Azərbaycan mədəniyyəti tarixində Şuşanın layiqli yeri bərpa olunur. Bütün Qarabağ kimi, Şuşa Azərbaycandır.

 

İmamverdi HƏMİDOV

Talış icmasının rəhbəri


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!