Gəncə qurbanlarına və erməni işğalçıları ilə cəbhədə döyüşən nəvələrim Səbuhiyə, Nurçinə və Elşada
Qarabağ adlı Vətən müharibəsi uğurla davam etdirilir. Erməni işğalçılarından azad edilən torpaqların qələbə soraqları mavi ekranlarda yayımlanır. Azərbaycan ordusunun gücünü görən, döyüş məharətinə şahid olan işğalçılar canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilər verərək geri çəkilmək məcburiyyətində qalırlar. Tam qələbənin üfüqləri görünməkdədir. Döyüş meydanında uduzan düşmən öz məğlubiyyətinin əvəzini dinc əhalini hədəfə almaqda görür. Onlar çarpışmadan uzaq olan yaşayış məskənlərini top, raket atəşlərinə tutur, günahsız insanları qırır, çoxəsrlik tarixə malik olan memarlıq abidələrini viranəliyə çevirirlər. Beləliklə, ermənilər dinc əhali arasında çaxnaşma, ruh düşkünlüyü yaratmağa çalışırlar. Onların bu cinayətkar hərəkətləri beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş müharibə qaydalarına tamamilə ziddir. Vəhşiliyin bütün növlərini nümayiş etdirən düşmənin məğlubiyyətdən başqa heç bir çıxış yolu qalmayıb. İşğalçılar bilmirdilər ki, Azərbaycan indi 30 il əvvəlki Azərbaycan deyil.
Düşmən çirkin niyyətini davam etdirməkdədir. Sərhədyanı şəhərlər, kəndlər atəşə tutularaq viran qoyulur. Döyüş meydanından yüz kilometrlik məsafədə olan qədim Gəncə şəhəri dalbadal ballistik raketlərlə vurulur. Mülki obyektlər, yaşayış binaları dağıdılır, dinc insanların - qocaların, gənclərin, uşaqların günahsız qanı tökülür. Ancaq düşmənin gözlədiyi olmur. İtkilər əhalinin, yenilməz əsgərlərin düşmənə olan nifrətini daha da itiləyir.
Gəncədə yaşayan çoxsaylı ailələrdən biri də Səlcuq babanın külfətidir. Vaxtilə Səlcuq babanın özü bu ailənin başındaydı. İndi kiçik dövlətə onun ruhu "ağsaqqallıq" edir. Baba birinci Qarabağ savaşında şəhid olmasaydı, bu günlərdə baş verən hadisələrin gedişindən qürur duyardı. Varisləri ondan vətəni sevmək dərsini vaxtında öyrəniblər.
Səlcuq babanın oğlu Şahin ehtiyatda olan əsgər idi. Sentyabrın 27-dən - Ali Baş Komandanın əmrilə Vətənin bütövlüyü uğrunda əks-hücum başlananda o, əsgər paltarını yenidən əyninə geyindi. Könüllü olaraq savaşa qoşulan təcrübəli, silahın dilini bilən əsgər indi döyüş meydanında düşmənlə çarpışmaqdadır.
Şahinin ömür-gün yoldaşı Şəfa həkim artıq xeyli vaxtdır ki, başqa bir cəbhədə, başqa bir düşmənlə vuruşmaqdadır. Onun bəşəriyyətə yeni bəla kimi gələn gözəgörünməz düşməni koronavirusdur. Bu təhlükəli virus milyonlarla insanın canını alıb, amma yenə də gözü doymur. Şəfa həkim də öz həyatını risk altında qoyaraq, amansız virusu məhv etmək üçün əlindən gələni əsirgəmir.
Bu günlər evin ağbirçəyi Şəkər nənə Allaha ibadətə daha qəlbən bağlanıb. O, namazını vaxtında qılır, dualı dodaqları ilə Yaradana aramsız ismarışlar göndərir. Koronavirus hamını bir gözdə görür. Ondan betər olan erməni isə seçim eləyib - dünyanın ən ədalətli milləti olan türkü özünə düşmən sayır. Bütün bunları Tanrıya çatdırmağa çalışan Şəkər nənə namazdan sonra sözünü belə qurtarır: "Ədalətini əsirgəmə, Tanrım! Bilirəm ki, Sən zülmə, zalıma şərik deyilsən!". Sonra əli təsbehdən, dili duadan qalmayan nənə sözünü günümüzə bağlayır: "Yer verdiklərimiz yerimizə, ev verdiklərimiz evimizə göz dikdilər. Yaxşılığı itirənlərin cəzasını özün ver, İlahi!".
Nənəsinin dualarını təkrar-təkrar dinləyən Oğuz bir dəfə ondan soruşdu:
- Nənə, sən istəyirsən Tanrı kimisə cəzalandırsın?
Nəvəsinin sualına təəccüblənən nənə dedi:
- Bu nə sualdır verirsən? Adam gördüyünü, bildiyini soruşmaz. Allaha rica edirəm ki, çörəyimizi yeyib, başımıza od yağdıran nankor erməniləri cəzalandırsın.
Nəvə sadəlövhcəsinə:
- Allah sənin sözlərini eşidirmi? - soruşdu.
Nənə arifanə cavab verdi:
- Tanrıdan mənə vəhy gəlib. Qüdrətinə, ədalətinə qurban olduğum Ona sidq ilə ibadətdə olan bəndəsinə, yəni mənə anlatdı: "Mən bu işi oğlun Şahinə tapşırmışam!..".
Eşitdiklərinə səmimi-qəlbdən inanan nəvənin qürurdan sinəsi qabardı. Uşaq nənəsinin dualarına qoşulub əsgər atasına uğur dilədi.
Döyüş meydanında işğalçılara qarşı mərdliklə çarpışan Şahin iki övlad atasıdır. Qarabağ Şahini qızı Səhərin və oğlu Oğuzun, o cümlədən onların yaşıdlarının xoş gələcəyi üçün düşmənlə ölüm-dirim mübarizəsi aparır.
Orta məktəbin 8-ci sinfində oxuyan Səhər zülməti arxada qoyan Günəşin kainata bəxş etdiyi səhərə oxşayırdı: pak, parlaq və inanclı. Səhər bütün dərslərindən "əla" qiymət alırdı. O, oxuduğu məktəbə şərəf qazandıran bir şagird idi. Üstəlik, evdə qardaşı Oğuzun da dərslərinə köməklik göstərirdi, xüsusilə hesab dərsinə. Şəkər nənə həmişə xatırladırdı ki, hər kəs öz hesabını bilsə yaxşıdır. Bu öyrətmədə vurma cədvəli və bu cədvəldəki məlum mətləbə işarə olan 30 rəqəmi onu daha çox maraqlandırırdı.
Səhər soruşurdu:
- 6 dəfə 5 neçə eləyir?
Oğuz cavab verirdi:
- 30.
Səhər qardaşının yaddaşını möhkəmləndirmək üçün vurmanı başqa formada soruşdu:
- Bəs 5 dəfə 6 neçə eləyir?
Oğuz gülə-gülə cavab verirdi:
- Məni çaşdıra bilməzsən, hasil yenə 30-a bərabərdir. Sən nə yapışmısan bu 30-un yaxasından?
Səhər nənəsinin üzünə baxırdı. Nəvəsinin sualı ilə sinəsinə çalın-çarpaz dağlar çəkilən nənə cavab verirdi:
- Başımızı aşağı eləyən bu 30 rəqəmi paslı bir qıfıldır. Zaman bu qıfılı açan oğulu yetirənədək biz 30 rəqəmini təkrarlamalıyıq.
Xeyli xəyalpərəst olan sonbeşik Oğuzun səmimiyyəti, həyatsevərliyi ailənin daha çox diqqətini çəkirdi. Şəkər nənəsi sevgi yarışında qalib olanın lap divanəsi idi. O, Səlcuq babanın, oğlu Şahinin qoxusunu ondan alırdı. Nənə canamazını açıb, möhürünü alınlıq edib namazını qılandan sonra Oğuzun dua payını o birilərindən bir az artıq edirdi. Şəkər nənə şirin danışığı ilə nəvəsini nağıllar, rəvayətlər, əfsanələr, dastanlar dünyasına aparırdı. Oğuz ən çox "Məlikməmmədlə Divin nağılı"nı xoşlayırdı. O bu nağılda mərdliklə namərdliyin sərhədini ayırd edə bilirdi. Günümüzün ağrılı-acılı hadisələri nənəni nağıllar aləmindən real həyata çəkib gətirirdi. Məqsədi bu xəyalpərəst oğlanı da gerçək vəziyyətlə tanış etmək idi. Nənə yaxşı bilirdi ki, vaxtında gerçəyə alışmayan, sonra çətinliklərə düçar olur.
Oğuzu nənəsinin ibrətli bir hadisə kimi söylədiyi "Boksçuların döyüşü" daha çox düşündürürdü. Bu qəribə hadisə ona "Məlikməmmədin Divlə savaşı"nın davamı kimi görünürdü. Beləliklə, üçüncü sinif şagirdi Oğuz nağıllar aləmindən gerçək aləmə doğru yol almışdı. "Boksçuların döyüşü"ndə Oğuzu nələr maraqlandırırdı? O, Şəkər nənənin gerçək nağılını növbəti dəfə yadına salmağa başladı. Nənə nəvəsinin gözlərinə vaxtsız enən, düşünən beynini dumanlandıran yuxunu qovmaq üçün dünən söylədiyini bu gün yenidən təkrar edirdi. Bu gerçək, ibrətamiz nağılı Şəkər nənəyə uzaqgörən ömürdaşı - Oğuzun babası Səlcuq ərən söyləmişdi. İndi o da bu hikməti nəvəsinə danışırdı:
- Boksçuların dünya birinciliyi uğrunda Beynəlxalq yarışı keçirilirdi. Rinqə girən döyüşçülər qalib olmaq üçün bir-birinə zərbə endirirdilər. Əlbəttə, hakimlər daha fəndgiri, daha güclünü qalib elan edirdilər. Azarkeşlər qızğınlıqla qalibləri alqışlayırdılar. Budur, elandan sonra yeni rəqiblər güclərini göstərmək üçün rinqə daxil olurlar. İdarəçi hakimin fiti rəqibləri döyüşə səsləyir. Onlardan uzunboylusu döyüş qaydalarını pozmadan ustalıq nümayiş etdirərək donqarburun rəqibinə aman vermir, hədəfə dəyən zərbələri ilə onu yaman günə qoyurdu. Aydın görünürdü ki, bir azdan donqarburun məğlub olacaq. Rinqin yaxınlığında olan azarkeşlərdən biri uzunboylu boksçunu daha qızğınlıqla alqışlayırdı. Buna dözməyən, hədsiz pərt olan donqarburun gözlənilmədən rinqin sərhəd göstərən kəndirindən aşıb rəqibini alqışlayan, qələbəyə həvəsləndirən azarkeşin üstünə yeridi və onun sifətinə dalbadal zərbələr endirdi. Bu gözlənilməz hal hamını heyrətdə qoymuşdu. Azarkeşin üz-gözü qana bulaşmışdı. Tamaşaçılar günahsız azarkeşin təcavüzkara nə deyəcəyini gözləyirdilər. O, qan içində olsa da, halını pozmadan sakitcə dedi: "Sən qəbul olunmuş oyun qaydalarını pozaraq məni vurdun. Fərq etməz, təsəllin yoxdur. Çünki yolverilməz bu hərəkətin səni məğlubiyyətdən xilas etməyəcək…". Hakimlərin yekdil qərarı azarkeşin sözünü təsdiqlədi: donqarburuna məğlubiyyət elan edildi.
Oğuz uşaq ağlı ilə hiss edirdi ki, nağılın ayıldıcı yozumu çoxistiqamətlidir.
Sentyabrın 27-dən əks-hücuma başlayan Azərbaycan ordusu uğurlu əməliyyatlar apararaq düşmənə sarsıdıcı zərbələr endirir, getdikcə azad olunmuş ərazilərin sahəsini genişləndirir, döyüş meydanında uduzan ermənilər isə əvəz çıxmaq üçün mülki əhalinin yaşadığı məskənləri atəşə məruz qoyurdular. Dinc əhali itki verir, ancaq qələbəyə olan inamını əldən vermirdi.
Adamlar televiziyanın önündən çəkilmir, hər saat, hər gün cəbhədən alınan ümidverici təzə xəbərlərlə qürurlanırdılar. Oğuzgilin ailəsi də müjdəli təzə xəbərlərə ürək çırpıntıları ilə qulaq asırdı.
Bu ailədə həyat rejimi əvvəlki kimi davam edir, Şəkər nənə də gündə beş rükət namazını qılıb zülmə, zalıma şərik olmayan Allahın ədalətinə sığınırdı.
Evin gəlini Şəfa həkimin gəlinliyi yadından çıxmışdı. Öz sahəsinin bilicisi kimi koronavirusa qarşı döyüşən həkim hərbi hospitalda yaralı əsgərlərin müalicəsi ilə məşğul olurdu. Dincəlməyə, uşaqlarının dərslərinə nəzarət etməyə demək olar ki, vaxt tapa bilmirdi.
Bu çatışmazlığın ödənci Səhərin boynuna düşürdü. Əyani tədris yerində dərslər onlayn üsulu ilə keçirildiyindən o, həm öz dərslərini hazırlayır, həm də qardaşı Oğuzun dərslərinə kömək edirdi, əlbəttə ki, 30 rəqəmi yaddan çıxmamaq şərtilə.
Oğuz isə vaxt qıtlığından şikayət etmirdi. O, asudə olanda gah Məlikməmmədlə acgöz Divin, gah da uzunboylu boksçu ilə donqarburun boksçunun savaşı barədə xəyallara dalır, haqlının, ədalətlinin yanında özünə yer eləyir və bu seçimində özündən razı qalırdı.
Hər dəfə Ali Baş Komandan ekranda görünəndə, gün ərzində qəhrəman Azərbaycan əsgərlərinin qələbələrindən danışanda, işğaldan azad olunmuş yaşayış məskənlərinin adlarını bir-bir çəkəndə hamı sevinirdi. Oğuzun da fərəhdən qəlbi dağa dönürdü. Ali Baş Komandan tam qələbə gününün yaxınlaşdığını xüsusi vurğulayırdı. Ümumi sevincin içində özəl bir sevinc də vardı: Deməli, Şəkər nənənin oğlu, Şəfa xanımın həyat yoldaşı, Səhərlə Oğuzun atası Şahin bəy də qalib əsgər kimi öz doğma ev-eşiyinə, dinc həyata qayıdacaq. Ali Baş Komandan hər dəfə çıxışını bu şüarlarla bitirirdi: "Qələbə bizimdir! Qarabağ Azərbaycandır!".
Ailədə heç kim Oğuza gəldiyi qənaətlə bağlı heç nə deməmişdi. Ancaq onun saf uşaq qəlbi israrla özünə sifariş verirdi: "Prezidentin çıxışından sonra səndə qəribə hisslər baş qaldırır, Ona demək istədiyin səmimi sözlər dağ çayı kimi çağlayır. Çəkinmə, cəsarətli ol. Düşündüklərini, minnətdarlığını məktub şəklində yazıb göndər. İnan ki, Prezident sənin bu addımından məmnun qalar. Hələ, bəlkə, sənə cavab da yazar".
Oğuz niyyətini qətiləşdirdi: o, mütləq Ali Baş Komandana məktub yazacaqdı.
Quduz ermənilər Azərbaycanın şəhər və kəndlərini, mülki obyektlərini və dinc əhalini müxtəlif silahlarla atəşə tutmaqda davam edirdilər. Ölənlərin və yaralananların sayı getdikcə artırdı. Beynəlxalq təşkilatların yumşaq etirazları erməniləri vəhşi əməllərindən çəkindirmirdi. Media işçiləri bombardman olan yaşayış məkanlarından - Tərtərdən, Tovuzdan, Beyləqandan, Goranboydan, Bərdədən, Ağcabədidən, Mingəçevirdən erməni vəhşiliklərini ifşa edən görüntülər və reportajlar paylaşırdılar. Bu paylaşımlar söz sahibi olan dünyadakı bütün dövlət başçılarına bir sual ünvanlayırdı: "Yetim qalan, yurd-yuvası dağıdılan bu məsum uşaqların göz yaşlarına kim cavab verəcək?". Hələlik, dünya birliyindən təsirli bir cavab yox idi. Ən düzgün qərarı şair Qabil vermişdi: "Ümid sənədir ancaq, Azərbaycan əsgəri".
Təsəlliverici xəbərlər döyüş meydanından yenə gəlirdi. Şəhidlər versə də, Azərbaycan ordusu düşməni əzişdirməkdə, hərbi qənimətlər götürməkdə davam edirdi.
Gecə saat 2-yə az qalırdı. Oğuzun gözlərinə yuxu getmirdi. Həkim anası xəstəxanada koronavirusla, əsgər atası düşmənlə döyüş meydanında çarpışırdı. Ağzıdualı Şəkər nənə və bacısı Səhər öz otaqlarında dərin yuxuya dalmışdılar. Yalnız o və bir də yatanları oyatmamaq üçün astadan cəbhə xəbərləri verən televizor oyaq idi. Oğuz Ali Baş Komandana yazdığı məktubu tamamlamışdı. Ancaq ehtiyatlanırdı - birdən hardasa səhvə yol verə bilərdi. Məsuliyyət hissi ona yazdığı məktubu dönə-dönə oxumağa məcbur edirdi. O, uşaq qəlbinin çırpıntıları ilə Azərbaycanın bütövlüyü uğrunda qazanılan möhtəşəm qələbələrlə yeni tarix yazan Prezidentinə təşəkkürlərini bildirirdi. Məktubunu Ali Baş Komandanın hər dəfə çıxışının sonunda dediyi "Qələbə bizimdir! Qarabağ Azərbaycandır!" ruhverici sözləri ilə bitirmişdi. İndi yalnız məktubu imzalamaq qalırdı. Məhz bundan sonra məktub tarixi sənəd statusu alacaqdı.
Divar saatına baxdı. Əqrəblər səhərə doğru yol alan 2-ni göstərirdi. Məktubu imzalamaq üçün qələmi əlinə aldı. Elə bu an məşum bir gurultu qopdu, yer-göy titrədi. Ermənilərin Gəncəyə atdığı ballistik raket Oğuzgilin yaşadığı məhəllədə partladı. Bir an içində böyük bir radiusda viranəlik yarandı. Hər yan zülmətə qərq oldu. Şirin yuxuda olan insanlar uçqunlar altında qaldı. Partlayışın şiddətindən Oğuzgilin də evinə ciddi ziyan dəydi.
Oğuz ilk saniyələrdə nə baş verdiyini anlamadı: yermi göyə qalxmışdı, göymü yerə enmişdi? Tədricən düşüncəsində uyğunlaşma yarandı. Əl fənərinin düyməsini basıb otağı işıqlandırdı. Məktub yerində idi. Dinc əhali ermənilərin adamyeyən, evdağıdan əjdahasına - raketinə məruz qalmışdı. Oğuz ya qəlpə, ya da uçqun yarası almışdı. Onu bildi ki, qan onu aparır. Yaraları isti olduğundan kəskin ağrı hiss etmirdi. O, anlar ötdükcə vahimələnirdi. Yerindən tərpənmək istəsə də, bacarmadı. O, zəif səslə, hıçqırıqla uçqunlar altında qalan nənəsini, bacısını səslədi: "Səhər, gəl məndən 6 dəfə 5-in neçə elədiyini soruş!.. Şəkər nənə, donqarburun boksçunun günahsız tamaşaçını döyməsini bir də danış!.. Səsinizi çıxardın, bilim ki, siz sağsınız!". Onlardan cavab gəlmədi. Bəlkə də, həyatları bitmişdi. Çox keçmədən vahimədən səsi də tutuldu.
Oğuzun, sadəcə, yerində oturub ölümü gözləməkdən başqa bir əlacı qalmadı. Həyat onu tədricən tərk edirdi. O, özünü ələ almağa çalışdı, hətta hansı xilaskarasa ümidləndi. Namərd düşməninin kim olduğunu dərindən dərk etdi. Ermənilər bu saldırılarla nə demək istəyirdilər? Yenə nənəsinin söylədiyi "Boksçuların savaşı"nı xatırladı. Ermənini donqarburun boksçuya, özünü isə günahsız tamaşaçıya oxşatdı. Rinqdə döyülən, əvəzində acığını günahsız tamaşaçıdan çıxan, onu qanına qəltan eləyən donqarburun boksçuya təəssübkeşin dediklərini dilə gətirdi: "Əbəs yerə günahsızlara zərər yetirirsən. Tutduğun yol səni məğlubiyyətdən xilas etməyəcək". Məktəbli Oğuz bu sözləri pıçıldayarkən hətta gülümsədi də.
Bu zaman imzalamaq istədiyi məktub yadına düşdü. Qələm yox idi, barmaqlarından qan axırdı. O, məktubu necə imzalayacaqdı? Beyni sürətlə işləyir, çıxış yolu axtarırdı. Nəhayət, tapdı! Hətta öz tapıntısına sevindi də. O, qana qərq olmuş şəhadət barmağını qələm əvəzinə məktubun üzərinə endirərək qanı ilə Ali Baş Komandana yazdığı məktuba qol çəkib, imzasını təsdiqlədi. Bundan sonra sakitləşdi, ürəyinin döyüntüsü azaldı.
Dağılmış evdən indi yalnız uçuq bir divar qalmışdı. Raketin güclü dalğası ilə zərbə almış Oğuzun bədənindən axan qan onun ətrafında gölməçə yaratmışdı. Əlindəki məktubu sol ovcunda sıxıb saxlamışdı. Göz qapaqları getdikcə ağırlaşır, yavaş-yavaş yumulurdu. Qulaqlarında diktorun bir az bundan əvvəl qürurla səsləndirdiyi azad olunmuş məskənlərin adları təkrarlanırdı.
Uzaqdan xilasedicilərin səsi eşidildi. Oğuzun onları haraylamağa heyi çatacaqdımı?!
20.10.2020.
Gəncə şəhəri
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!