Türkiyənin yeni nəsil ədiblərindən olan, tanınmış türkiyəli yazıçı və tərcüməçi Ömər Küçükmehmetoğlu Azərbaycan ədəbiyyatının tərcüməsi və təbliğindəki xidmətlərinə görə Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə mükafatı ilə təltif edilib.
Bu haqda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu məlumat verib. Edebiyyatqazeti.az saytına eksklüziv açıqlamasında o deyib: “ Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması istiqamətində son illər bir xeyli işlər görülüb və görülməkdədir. Son 10 il ərzində Avrasiya Yazarlar Birliyi, İLESAM, “Temrin” dərgisi, “Qardaş qələmlər” dərgisi, “Türk ədəbiyyatı” dərgisi və başqa qurumlar və nəşrlər ardıcıl işlər görüblər, görməkdədirlər. Xüsusən Yasemin Bayer, İmdat Avşar və Ömər Küçükmühmetoğlunun fəaliyyəti məncə məhsuldar olub bu dövrdə. Bizim Mərkəz son 3-4 ildə Ömər Küçükmehmetoğlu, “Təmrin” dərgisi və Şərəf Özsoyla yaxın əməkdaşlıq ediblər. Ömər bəyin zəhməti çox böyükdür. Onun tərcüməsində xeyli romanlar və şeirlər tərcümə edilərək dərc edilib. “Təmrin” dərgisinin Mirzə Ələkbər Sabirə, Mikayəl Müşfiqə, Rəsul Rzaya, Bəxtiyar Vahabzadəyə, Anara həsr olunmuş xüsusi sayları işıq üzü görüb. 44 günlük savaş dövründə Ömer Küçükmehmetoğlu Azərbaycan həqiqətlərinin yayılmasında öz təmənnasız köməyini əsirgəməyib. Bütün bunlara görə Bədii Tərcümə Mərkəzi AYB rəhbərliyinə müraciət elədi və Ömər bəyin mükafatlandırılmasını tövsiyə etdi. Tövsiyəmiz məmnuniyyətlə qəbul edildi. Mən Ömər bəyi ürəkdən təbrik edirəm. Həm şəxsi yaradıcılığında, həm tərcüməçi kimi fəaliyyətində böyük uğurlar arzu edirəm...”
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!