Azərbaycanın milli, mədəni və mənəvi sərvəti olan mütəfəkkir, sözün “sahibi” və yüzillər boyunca şairlər ustadı Nizami Gəncəvi eyni zamanda vətənimizin dünyaya açılan qapısıdır. 30 ilə yaxın həsrətini çəkdiyimiz torpaqların mübarizə və mücadilə əzmi ilə geri qaytarılması xalqımızın inamını, milli qürurunu özünə qaytardı. Kədər və sevinc hisslərinin bir-birilə çulğalaşdığı bu qarışıq zamanlarda 2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi bir daha Azərbaycanın mədəni və güclü dövlətçiliyinin göstəricisi oldu. Bu çağırış ölkə boyu elm və tədris sahəsində çalışanları səfərbər etdi, dahi sənətkarın şəxsiyyəti və yaradıcılığı ilə bağlı müxtəlif mədəni-kütləvi tədbirlər, sempoziumlar təşkil olundu.
Təxminən doqquz yüz əsrdən bəri dünya söz xəzinəsində öz yerini tutan qüdrətli sənətkar Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş Respublika miqyaslı konfranslardan biri də Bakı Avrasiya Universitetində təşkil olundu. 26 aprel tarixində baş tutan konfrans maraqlı olduğu qədər bir çox məqamları ilə də diqqəti özünə çəkməyi bacardı, deyə bilərik. Konfransın açılış nitqində universitet rəhbərliyinin təmsilçiləri olaraq, prorektor, siyasi elmlər doktoru, professor Gülzar İbrahimova, Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Salman Süleymanov, xüsusi dəvətli məruzəçilərdən Nizamişünas alim, AMEA-nın müxbir üzvü Nüşabə Araslı və Füzulişünas alim, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli Nizami ilində alim və müəllimlərin üzərinə düşən vəzifələrdən, mənəvi-əxlaqi dəyərlərin təlqini və təbliğində Nizami irsinin yerindən bəhs etdilər. Açılış nitqlərinin sonunda bu konfransın ərsəyə gəlməsi üçün təşkilati işlərin ağırlığını öz çiyinlərində daşıyan, “Ümumi filologiya” kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Məmmədova Kekeç bu səpkili konfranslarının təşkilinin əhəmiyyəti və məqsədini nəzərə çatdırdı.
Nəsimişünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyevanın sədrliyi ilə baş tutan plenar iclasda Nüşabə xanım “Xaqani və Nizaminin ədəbi münasibətləri” yazısıyla dərin və məzmunlu çıxış edərək konfrans iştirakçılarını məlumatlandırdı. Öncədən qeyd edək ki, konfransdakı hər bir çıxışda Nizami Gəncəvi şəxsiyyətinə, irsinə müxtəlif aspektlərdən yanaşıldı və belə fərqli yanaşmalardan biri də professor Şəfəq Əlibəylinin “Nizami nəzmində akustik obrazlar” yazısında özünü göstərdi və məqalə başdan-başa orijinallığı ilə seçilirdi. “Nizaminin milli və ədəbi kimliyi” məqaləsi ilə çıxış edən professor Seyfəddin Rzasoy yazısındakı maraqlı və yeni fikirlərlə yanaşı, diqqəti yönəltdiyi problemlərlə də yadda qaldı. Ardınca professor Tərlan Quliyev də müzakirələrə qoşularaq, Nizaminin “Xəmsə”sinin yenidən tərcüməsi məsələsinin müzakirəyə möhtac olduğunu vurğuladı. Tərlan müəllim “Nizami Gəncəvi və səri bəhri” adlı məruzəsi ilə sənətkarın əruz vəzninin incəliklərinə, fars və ərəb əruzunun fərqlərinə dərindən bələd olması haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi. Konfransda maraqlı, yaddaşlarda iz buraxacaq çıxışlar içərisində filologiya üzrə fəlsəfə elmləri doktoru, dosent Seyfəddin Altaylının “Nizami və çağdaşı Həsənoğlu” məruzəsində dahi şairin dövrü barədə geniş məlumat verildi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadə “Nizami Gəncəvi yaradıcılığının tədrisi tarixi”nə nəzər salaraq, nişamişünaslığın bünövrəsinin artıq orta məktəblərdə qoyulması barədə düşünmənin vacibliyinə diqqəti yönəltdi. Konfransa təqdim olunan məruzələr içərisində əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə elmləri doktoru Bilal Həsənlinin “Nizami yaradıcılığının tədrisində şagirdlərə milli və ümumbəşəri mənəvi dəyərlərin aşılanması imkanları”, tanınmış tənqidçi, filologiya elmləri doktoru, dosent Elnarə Akimovanın “Modern sənət prinsipləri kontekstində Nizami”, Şahin Yusiflinin “Nizaminin “İsgəndərnamə” poemasında şahmat oyunu ilə bağlı leksik fiqurlar və onların linqvopoetik əhəmiyyəti”, filologiya üzrə fəlsəfə elmləri doktoru, dosent Pərvanə Məmmədlinin “Nizamişünaslıq Rüstəm Əliyev, Qulamhüseyn Beqdeli və Cavad Heyətinin araşdırmalarında”, filologiya üzrə fəlsəfə elmləri doktoru, dosent Afaq Yusiflinin “Tənhalığın 30 ili və ya Məcnunun eşq çeşməsi” məruzələri fərdi axtarış və təhlillərin nəticəsi kimi yadda qaldı. Filologiya üzrə fəlsəfə elmləri doktoru, dosent, tanınmış tənqidçi İradə Musayeva “Mühacirət ədəbiyyatşünaslığı və M.Ə.Rəsulzadə Nizami Gəncəvi irsi haqqında” məruzəsi ilə çıxış edərək, Rəsulzadənin dahi mütəfəkkir haqqında düşüncələrini elmi baxımdan dəyərləndirməklə yanaşı, professorlar Seyfəddin Rzasoy və Tərlan Quliyevin qaldırdığı problemlərə də maraqlı yanaşması ilə diqqət çəkdi, problemlərin elə problem olaraq qalması məsələsinə də münasibət bildirərək elmi və ictimai müstəvidə həlli yollarının axtarılmasının da vacibliyini vurğuladı. Maraqlı və məzmunlu çıxışlar icərisində filologiya üzrə fəlsəfə elmləri doktoru, dosent Nəzakət Məmmədlinin, filologiya üzrə fəlsəfə elmləri doktoru, dosent Maral Yaqubovanın, filologiya üzrə fəlsəfə elmləri doktoru, dosent Əzizağa Nəcəfzadənin çıxışlarını da göstərmək yerinə düşər. Nəzakət xanım “Nizaminin “İskəndərnamə” əsərində saqinamələr” adlı məruzəsində orijinal mətn əsasında etdiyi tərcümələri ilə şairin irfani görüşlərinin tərcümələr zamanı təhrif olunduğunu faktlarla əsaslandırdı, Əzizağa müəllim “Nizaminin “İskəndərnamə” poemasının türk qaynaqları” məqaləsində qaranlıq dünya motivi ilə, Maral xanım isə “Mifik – tarixi mətndən bədii mətnə transformasiya: Leyli və Məcnunun hekayəsi ilə” yazısında ilk və son “Leyli və Məcnun” əsərinin Gəncə torpağında yaranması kimi maraqlı və dəyərli fikirləri ilə konfransın diqqət çəkən çıxışları arasında öz yerlərini aldılar. Bundan başqa, konfransda Nizami Gəncəvinin dünya ədəbiyyatındakı mövqeyi, Azərbaycan və Qərb tədqiqatçılarının dahi mütəfəkkir haqqında elmi və bədii yanaşmaları, fikir və düşüncələri kimi mövzularda çıxışlar da diqqət çəkən və maraq doğuran məqamlardan oldu.
Konfransa Gəncə şəhərindən – dahi şairin diyarından qatılan alimlər də öz tədqiqatlarını təqdim etdilər. Əlimuxtar Muxtarov Nizami Gəncəvinin Azərbaycan poeziyasındakı tərənnümündən bəhs etdi. Səba Namazova isə “Nizami Gəncəvi əsərləri Həmid Araslının araşdırmalarında” adlı məruzəsi ilə görkəmli alimin Nizami ilə bağlı fikirlərini dəyərləndirdi. Afaq Yusifli isə “Tənhalığın 30 ili və ya Məcnunun eşq çeşməsi” məruzəsi ilə yadda qaldı.
Bakı Avrasiya Universiyetində baş tutan konfransda Nəsimişünas alim, filologiya üzrə fəlsəfə elmləri doktoru, dosent Səadət Şıxıyevanın əməyi danılmazdır. Səadət xanımın konfransın təşkilatçılığı ilə yanaşı, həm moderatorluğu, məruzəsi (“XIX əsr Azərbaycan divan ədəbiyyatında Nizami mövzuları”), həm də mövzu ilə əlaqədar konfrans iştirakçılarını maraqlandıran məsələlərə elmi yanaşmaları və izahları konfransın ən yaddaqalan, maraqlı məqamlarından biri oldu.
Fəxrlə deyə bilərik ki, konfrans qarşıya qoyduğu məqsədə nail olaraq Şərq mədəniyyətinin ən parlaq siması, qürür mənbəyimiz, milli kimliyimiz olan düha sənətkar Nizami Gəncəvi ilinə ən maraqlı və dəyərli töhvələrdən də biri kimi yaddaşlarda hələ uzun müddət qalacaqdır.
Əfsanə Nağıyeva
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!