24 aprel 2021- ci il tarixində Qərbi Kaspi Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının təşkilatçılığı ilə “Ədəbiyyatda Qarabağ mövzusu” adlı Respublika elmi konfransı keçirildi. Maraqlı məruzələrlə yaddaşlara həkk olunan konfrans iştirakçıların sevicinə səbəb olub. Yenicə zəfər çalmış, düşmən əsarətindən qurtulmuş, üzərindən qara ləkəsini silmiş Qarabağdan danışmağın sevinci hədsiz dərəcədə qürurverici idi. Konfransın mövzu dairəsi geniş olsa da, ilk diqqəti çəkən, əlbəttə ki, 44 günlük müharibənin sevincini bölüşmək oldu. Konfrans boyu Qarabağ mühiti, Qarabağ ziyalıları, Qarabağ poeziyası xatırlandı.
“Ədəbiyyatda Qarabağ mövzusu” adlı konfrans respublikamızın əksər elm ocaqlarının nümayəndələrini öz ətrafına toplamışdı: AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik, akad. Z.Bünyadov adına Şərqşünaslıq, Füzuli adına Əlyazmalar İnstitutu, AMEA-nın Gəncə, Lənkəran, Şəki, Naxçıvan Regional bölməsinin professor və elmi işçi heyəti, Gəncə, Naxçıvan, Mingeçevir, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Avrasiya Universiteti, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu idarəsı, ADA Universiteti, Bakı Slavyan Universitetinin professor və elmi heyəti, o cümlədən şəhər orta məktəblərinin müəllim heyəti iştirak edirdi.
Sevindirici haldır ki, Qarabağ sevgisi Qardaş ölkənin Qarabağsevərlərinin də diqqətini çəkmişdi. Türkiyənin Amasya Üniversitesi, İstanbul Üniversitesi, Mehmet Akif Ersoy Üniversitesinin professor heyəti bizi bu gündə də tək qoymadı. Qarabağ savaşında olduğu kimi, birlik göstərdilər.
Konfransın açılışını edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri A.Əsədova maraqlı nitqi ilə qonaqları salamladı. Bildirdi ki, Qarabağ mövzusunda keçirilən ilk konfransın məsuliyyəti və sevincini sizlərlə belə bir zamanda bölüşmək çox sevindirici haldır. Konfransın simvolunun məhz xarıbülbül seçilməsi də təsadüfi deyildi. A.Əsədova ölkənin uğurlu siyasətindən də söz açaraq, bu sevinci bizlərə yaşadan Ali Baş komandana, Milli ordumuzun mərd ogullarına təşəkkürünü bildirdi. Eyni zamanda şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyərək konfransı açıq elan etdi.
Bu ışığa toplaşan ziyalılar içərisində A.Ü.Binnətova nitqini vətən azadlığı uğrunda canından keçmiş 20 yanvar şəhidi Ülvi Bünyadzadənin “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!” misraları ilə başladı. Konfrans təşkilatçılarına təşəkkürünü bildirərək, bir daha qələbə sevincini bölüşdü. Bildirdi ki, “İkinci Qarabağ Vətən Müharibəsinə başlamaq üçün 2020-ci ilin 27 sentyabr günü təsadüfən seçilmədi. Bu günə 30-32 ili arxada qoyan dərd-ələm dolu illəri ağır addımlarla gəlmişdik. Nə edəcəyimizi, necə edəcəyimizi düşünürdük. Tarix boyu türk sınan, əyilən, məğlub xalq olmayıb. Zaman fürsətini, məqamını gözləməyi də bilən, səbr sahibi olub, kəmfürsət olmayıb, haqq meydanına cəsarətlə kişi kimi girib, qalib olaraq çıxıb. Düşmən bir olsa idi, onun başını bir göz qırpımında əzmək Azərbaycan üçün çətin iş deyildi. Amma görünməyən düşmənləri, ilana ağı verən əqrəbləri, ağır hərbi texnikanı, raketləri, silah-sursat alıb-satanları, insanlıq nə olduğunu bilməyən kəsləri dərdimizə bükülüb kənardan müşahidə edirdik. Çünki zamana ehtiyac vardı.”
Konfransın elmi və təşkilati komitəsinə Səadət Şıxıyeva, Hüseynqulu Bağırov, Adilə Əsədova, Nəzakət Məmmədli, Ruhiyyə Nağıyeva, Solmaz Ələsgərova, Natəvan Kərəmova və Mərziyyə Nəcəfova daxil idi.
Konfransın digər qonaqları Elnarə Akimova, İsmayıl Kazımov, Rüstəm Kamal və digərləri Qərbi kaspi Universitetinə təşəkkür və təbriklərini bildirdilər. Növbəti konfransın Qarabağın gözü olan Şuşada, xarıbülbüllərin əhatəsində keçirilməsini dilədilər. Konfrans maraqlı məruzələrlə Qərbi Kaspi Universitetinin 24 aprel tarixinə həkk olundu.
İlhamə Ağazadə
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!