Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin yeni və mərhələli ədəbi layihəsi bitmək üzrədir. Birinci mərhələ "Ulduz” jurnalı ilə ortaq gerçəkləşib. Belə ki, "Ulduz” jurnalının sonuncu 4-cü sayında 12 monteneqrolu şair və yazıçının əsərlərindən ibarət "Çağdaş Monteneqro ədəbiyyatı” "xüsusi bölməsi” işıq üzü görüb. Jurnalın Monteneqro ədəbiyyatı bölməsi Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadənin geniş "Azərbaycan-Monteneqro ədəbi-mədəni əlaqələrinin işığında” yazısı ilə açılır. Yazıda indiyəqədər görülən işlərdən danışan Seyran Mirzəzadə haqlı olaraq qeyd edir ki, bütövlükdə Azərbaycan ədəbiyyatının Monteneqroda təbliği istiqamətində bır sıra işlər görülsə də Monteneqro ədəbi mühiti Azərbaycan oxucuları üçün yaddır: «Bu baxımdan Monteneqronun müasir yazıçı və şairlərinin əsərlərinin ilk dəfə Azərbaycan dilində çap olunması və bunun Azərbaycan ədəbiyyat səhnəsində öz yeri olan "Ulduz” jurnalında baş verməsi monteneqrolu dostlarımıza bir vəfa borcunu qaytarmaqla yanaşı mədəni əlaqələrimizin inkişafına da böyük töhfə olacağına əminəm. Əlaqələrimizin daha da dərinləşməsinə xidmət edəcək bu əhəmiyyətli töhfəyə görə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə Mərkəzinə, eləcə də "Ulduz” jurnalına və zəhməti keçən, əməyi olan hər kəsə, ilk növbədə dəyərli naşir və tərcüməçilərə ürəkdən təşəkkür edirəm...”
O deyib: " Biz "Ulduz” jurnalı ilə birlikdə birinci mərhələni yekunlaşdırdıq, yeri gəlmişkən, mən jurnalın baş redaktoru Qulu Ağsəsə təşəkkür edirəm. Bizim ədəbiyyatın Podqoritsada çap olunması ikinci mərhələdir ki, o da artıq yekunlaşmaq üzrədir, yəqin bir həftəyə, 10 günə, inşAllah, kitab əlimizdə olacaq. Kitabda nəsr bölməsində Xalq yazıçıları Anar və Çingiz Abdullayevin, Əyyub Qiyas, Məqsəd Nur, Alpay Azər, İlqar Fəhmi və Müşfiq Xanın hekayələri, şeir bölməsində isə Nurəngiz Gün, Vaqif Səmədoğlu, Elxan Zal, Rəşad Məcid, Qulu Ağsəs, Nigar Həsən-zadə, Leyla Əliyeva, Səlim Babullaoğlu, Qismət, Fərid Hüseyn və Şəhriyar Del Geraninin şeirləri yer alıbdır. Müəlliflər doğum tarixlərinə görə sıralanıblar. Kitaba "ön söz”ü Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə, "son söz əvəzi” yazısını isə kitabın tərcüməçiləri- Bojidar Proroçiç və Dijana Tiganj yazıbdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!