Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev bu gün səhər vəfat edib.
Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.
O bildirib ki, səksən yaşlı sənətkarın harada dəfn olunacağı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, E.Quliyev bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
Eldar Quliyev 1941-ci il yanvarın 18-də Bakıda anadan olub. 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. “Biri vardı, biri yoxdu…” adlı ilk qısametrajlı filmini çəkib. Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.
1979-cu ildə “Babək” filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı, "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib. Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino kafedrasının professoru olub. E.Quliyev 1987-ci ildən "Debüt" Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi fəaliyyət göstərib. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan E.Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidenti idi.
Bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.
Allah rəhmət eləsin!
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!