Fuad Cəfərli - ŞEİRLƏR

İnanıram sabaha


İnanıram sabaha!

Tanımasam da, görməsəm də

inanıram sabaha.

İnanıram ki, sabahın sübhü daha azad olacaq.

Hər kəs yuxunu məğlub edib,

öz halal payını alacaq.

O zaman azadlığın carçısı quşlar

daha şövqlə civildəşəcək.

Bu nəğmə isə dünyanın himni olacaq.

Bütün çiyinlərdə bir cüt qanad çırpınacaq

və hər kəs bir-birini övlad sevgisi ilə sevəcək.

 

İnanıram sabaha,

inanıram ki, qəlbimiz torpağın üzünü qızdıracaq.

Sular daşı belə sevəcək,

Qar kamilliyə çatacaq.

Üstündən ərimək adlı lənəti götürüləcək...

İnanıram ki, rüzgar inadından əl çəkib

qucağını pəncərə təki taybatay açacaq,

insan günəşlə dostlaşacaq

... amma bu dostluq kölgənin qəlbini qırmayacaq...

 

İnanıram sabaha,

inanıram ki, ayın səfərlərdən canı qurtaracaq.

Göylər Aya göy verəcək,

ulduzlar işıq-işığa gəzəcək

Və bir ulduz belə yerə düşməyəcək.

İnanıram sabaha-

tanımasam da, görməsəm də

inanıram.

 

İlaxır çərşənbə

Getmək asan, çox asan

bu gün burdasan sabah isə...

 

Sabah demişkən,

bax, bu sabah qonşumuz Telman dayı

əsilzadələr kimi səssiz-səmirsiz getdi.

Çox yaxşı adam idi,

o qədər yaxşı adam idi ki,

odunların belə gedərkən qeydinə qaldı,

bir-bir sığalladı.

Qoymadı yandırmağa, qıymadı odunlara.

Qalanmadı sonuncu tonqalı çərşənbənin.

Daha deyə bilmərəm,

Bunu kim qandı, kim qanmadı...

...amma çərşənbənin sonuncu tonqalı qalanmadı.

Hə, getmək asan, çox asan,

bir sözdən dodaq kimi,

bir damladan göz kimi,

bir izdən addım kimi,

bir sığaldan ovuc kimi,

bir kürəkdən dost kimi,

bir qoldan yar kimi,

kimi, kimi, kimi...

çox asandı getmək...

 

Gecənin qaranlığında intihar edən ulduzla,

səhərin alatoranlığında qaratoyuqla,

Günün günortasında günəşin alovu ilə...

Bir sözlə,

hərə biri ilə getdi.

 Fəqət, hamı özü olub getdi.

Bircə xatirələri qaldı,

 gecənin qaranlığına

siqareti yandıran xatirələri...

 

 

Buludlar ...

Səsinin gecikdiyini bilə-bilə,

Bir şimşəyin ümidi ilə

Yola çıxan buluda bənzəyirəm.

Gah ulduzlardan, gah günəşdən keçirəm.

Çatlamış dodaqları yaxından

Şimşəyi isə uzaqdan seyr edirəm.

 

Bu nə vüsala həsrət tamaşa!

Nə yaxınıma sığal çəkə bilirəm,

Nə də uzaqlara əlim çatır

Ürəyimdə isə kimsə bilməz neçə alqış yatır.

Əllərini alınlarına qoyub hey baxsalar da...

 

Dağlara aldanmayın, daşlara qanmayın,

Buludlar ucadı ruzigardan küsməz.

Yoruldum deyib yolu tərk etməz.

Bəyaz buludlar, mavi buludlar, qızılı buludlar...

Bir kəs keçdiyi yerdən bir daha keçməz.

Səsinin gecikdiyini bilə-bilə

Bir şimşəyin ümidi ilə

Yola çıxan buluda bənzəyirəm

Bax belə...

 

Hər gün sən

Hər gün sən, sən - hər gün sən!..

Sıra ilə gündüz günəşə, gecə isə Aya, ulduza dönərsən.

Axı haradan çıxdın qarşıma sən?!

Hər gün sən, sən - hər gün sən...

 

Göydə olsan yerə, yerdə olsan göyə baxardım.

Yanlış olsan doğru, doğru olsan yanlış olardım.

Bax beləcə, səfa içində diyar-diyar dolaşardım.

Amma əldən nə gəlir, nə-

şair misalı nə yerdəsən nə göydəsən?!

Hər gün sən, sən - hər günsən...

 

Nə alov olub yandırırsan,

nə su olub söndürürsən...

Nə bir daş uçurursan,

nə bir daş hörürsən.

Dostlardan da sordum;

bilmədilər kimsən, nəçisən...

Sən demə hamıdan çox

mən bilirmişəm, nərgiz ətirlim,

mən-

hər gün sən, sən - hər gün sən...

 

Aktyor deyil...

Bu məmləkətin insanı

Aktyorun adını deyil, oynadığı

qəhrəmanın adını bilər.

Axı mən aktyor deyiləm

Tənha qadın,

                    aktyor deyiləm.

Demirəm düzəm, demirəm əyriyəm,

ya dünyanın dərdini çəkən Zərdüşt,

ya da səhranı dəniz bilən dəliyəm.

Anla məni tənha qadın,

Anla, mən aktyor deyiləm!

Mən aktyor deyiləm ki,

Hər gün yeni bir qrimlə,

Bir rolla dayanım qarşında,

                      Üşüyüm səhnənin süni qarında...

sallanım süni yağışında,

Sonda isə fikirlərim qalsın alqışında.

Mən səhnədə deyil,

Bu dünyada sər ilə görüşdüm,

tənha qadın...

                   Mən səhnəni deyil,

bu dünyanı sənlə bölüşdüm.

 

Bilməm, ömür səhnəndən kimlər gəlib kimlər keçib,

ən köhnə şərabını kimlər içib, nəylə içib,

bilməm kim tələsib, kim gecikib?!

(Sənmi, mənmi, omu, bumu?).

Bilməm...

Bilməm məhəbbət anaların çirkab qorxusudurmu,

yoxsa uşaqların oynadığı o qummu?..

Bilməm...

Həqiqət yox ,

yalnız acı olduğumu bilirəm,

amma yalan da deyiləm qarşında əyiləm.

Anla məni tənha qadın, anla,

Mən aktyor deyiləm.

 

Bir neçə kəlmə

Əzəldən vurğundu şairlər qəmə.

Görən elçi göndərsəm yaz gələr, mənə?

Çox yox, bir neçə kəlmə...

 

Köhnə tanış kimi hərdən yaz mənə,

heç olmasa, məktubunda az mənə...

 

Şəhərinin Xəzər adlı dənizindən,

Sahilində qala tikən uşaqların əlindən,

sevinc dolu səsindən... və bir də istəsən,

 dalğaların oxşadığı izindən

çox yox, bir neçə kələmə...

Köhnə tanış kimi hərdən yaz mənə,

heç olmasa, məktubunda az mənə...

 

Küləyi dəli eləyən şalından,

Gözlədiyin axşamından,

yandırdığın ağ şamından,

inandığın şamanından,

çox yox, bir neçə kəlmə...

Köhnə tanış kimi hərdən yaz mənə,

heç olmasa, məktubunda az mənə...

Yadımdadı, bir dəfə xoşbəxtəm sözündən sonra,

amma- dedin, lakin- dedin, fəqət - dedin,

gözlərimə baxıb - için-için yandım dedin.

Bax, o "lakin"indən, "fəqət"indən, "amma"ndan,

"için-için yanmandan" çox yox, bir neçə kəlmə

Köhnə tanış kimi hərdən yaz mənə...

heç olmasa məktubunda az mənə...

 

Sonuncu sərnişin

Qocalıb geriyə baxanda

bir gəncin manifestini

görmək istəmirsənsə

bu şeir sənin biletin olsun

al, qaç -

sonuncu sərnişin kimi min uzaqlara...

 

İsmi təyyarələr olan uzaqlara.

Bir də gəlmə,

xəyalların dissident olduğu buralara...

 

Buralarda

boyu uca olan arzuları vururlar,

beşinci mərtəbəni keçməsin deyə.

 

Şəkərlər də barmaq arasında,

üzü siqaret tüstüsünə,

çay buxarı azmış kimi...

Mən bir alış-veriş siyahısına büküləcəm,

heç olmasa səni serroza bükməsinlər.

 

Aldatmasın səni göydələnlər,

Onların üzündə böyüdücü var.

Əslində sandığın qədər də uca deyillər...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!