“Cəfər Cabbarlı” biblioqrafiyası təqdim edilib

 

1937-ci ildən ölməz sənətkarın adını daşıyan Respublika Gənclər Kitabxanası Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyi münasibətilə onun biblioqrafiyasını yenidən işləyərək istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, bu istiqamətdə araşdırmaları 2 ilə yaxın davam edib. Gərgin zəhmət və inadlı axtarışlar nəticəsində Respublika Gənclər Kitabxanasının ədibin yubileyi münasibətilə hazırladığı yeni biblioqrafiya onun yaradıcılığının və haqqında yazılmış materialların 1907-2020-ci illərini əhatə edir.

Dörd mindən yuxarı mənbəni əhatə edən, ümumi və 4 xüsusi hissədən ibarət olan biblioqrafiyanın layihə rəhbəri Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, elmi redaktoru və “Ön söz” müəllifi filologiya elmləri doktoru, professor İslam Qəribli, elmi məsləhətçi tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımı, tərtibçilər kitabxananın əməkdaşları Tamella Məmmədova və Yeganə Sadıqlıdır.

Biblioqrafiyanın ümumi hissəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamının tam mətni, göstərici haqqında qısa məlumat, kitabın elmi redaktoru İslam Qəriblinin “Əbədiyaşar sənətkar” adlı “Ön söz”ü, Cəfər Cabbarlının həyat və yaradıcılığının əsas tarixləri, Cəfər Cabbarlının seçilmiş fikirləri və ifadələri, görkəmli şəxsiyyətlərin Cəfər Cabbarlı haqqında söylədikləri fikirlər təqdim olunur.

Biblioqrafiyanın 9 yarımbölmədən ibarət olan I hissəsi C.Cabbarlının Azərbaycan dilində çap olunmuş bütün əsərlərini əhatə edir. Burada sənətkarın kitabları, kitablarda, dərsliklərdə, məcmuələrdə və dövri mətbuatda dərc edilmiş əsərləri, dramları, hekayələri, poema və lirik şeirləri, satirik şeir və felyetonları, məqalələri, çıxışları, məktubları, müsahibələri, xatirələri və tərcümələrinin çap olunduğu mənbələr xronoloji ardıcıllıqla verilib.

Biblioqrafiyanın ikinci hissəsi “Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında” adlanır.12 yarımbölməyə ayrılan bu hissədə C.Cabbarlı və onun irsi haqqında yazılan kitab, məqalə, monoqrafiya, dissertasiya, sözlərinə yazılmış mahnılar və s. bu kimi məsələlərə dair biblioqrafik təsvirlər qruplaşdırılaraq yığılıb.

Vəsaitin “Əlavələr” bölməsində “Elektron kitablar”, “Filmoqrafiya”, “Arxiv materialları”, “İzomateriallar”, “İnternet resursları” və “Cəfər Cabbarlının gizli imzaları” yarımbölmələri də verilib.

Biblioqrafiyanın III hissəsini sənətkarın həyatı və yaradıcılığı, əsərləri, haqqında yazılanlar və s. bu kimi məsələlər barədə rus və digər dillərdə olan materialların siyahısı təşkil edir.

Azərbaycan, rus və başqa dillərdə materialların öz əksini tapdığı biblioqrafik göstəricidə ədəbiyyat bölmələr daxilində xronoloji prinsip əsasında, əlifba sırası ilə verilib. Vəsaitdə ilk dəfə olaraq “Cəfər Cabbarlı dünya kitabxanalarında” bölməsi də yer alıb.

Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə tərtib edilən IV hissə “Köməkçi göstəricilər” adlanır ki, bu hissənin özü də Azərbaycan və rus dilində olmaqla iki bölmədən ibarətdir.

Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Biblioqrafiyanın tərtibçiləri vəsaiti tərtib edilərkən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, M.F.Axundzadə adına Milli Kitabxananın, AMEA Mərkəzi Elmi Kitabxanasının, AMEA-nın, Nizami adına Ədəbiyyat Institutunun, Nəsimi adına Dilçilik İnstitutunun, BDU-nun, ADPU-nun, ADMİU-nun kitabxanalarının fondlarından, ənənəvi və elektron kataloqlarından, internet resurslarından, C.Cabbarlının ev-muzeyi, C.Cabbarlı adına Teatr Muzeyi, M.Füzuli adına Əlyazmalar İnstitutunun, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə ediblər.

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!