İlk qurban - Cəmilə Məmmədli

HEKAYƏ

Nu-An səhərin ilk şəfəqləri ipək pərdələrdən süzülüb otağı aydınlatmamış oyandı.  Gözləri qaranlığa öyrəşənədək yatağından qalxmadı. Ömründə birinci dəfə idi ki, bu qədər rahat yatmışdı və bunu mümkün olduqca uzatmaq istəyirdi. Axır ki, qarşıda onu gözləyən mərasimi yadına salıb dikəldi. Həmin andaca otağın qaranlıq künclərindən yarıçılpaq, ancaq məhrəm yerlərini örtmüş qullar çıxdı. Nu-Anı ehtiyatla qaldırıb cəld qızıl ləyənin yanına gətirdilər. Üstü zərif işləməli kuzədən ilıq süd töküb birinci ayaqlarını, sonra isə bütün bədənini yudular. Təzə südün ətri Nu-Anı iştaha gətirsə də, bir söz demədi. Qulların yumşaq məhrəba ilə bədənini qurulayıb, zərif parçadan tikilmiş, qızılı və gümüşü saplarla işlənmiş libası əyninə keçirmələrinə icazə verdi. Bir göz qırpımında qızıl ləyəni gümüş sini əvəzlədi. Süfrədə Nu-Anın arzulaya biləcəyi hər cür nemət var idi: ocaqda bişmiş quş əti, qurudulmuş və şirin meyvələrlə qovrulmuş keçi əti, təzə qaymaq, giləmeyvə, bal, adamın ağzını sulandıran, ləzzətli buğ çıxan qarğıdalı çörəyi, bütöv bişirilmiş balıq və daha nələr... Nu-An isə nəfsinə hakim oldu. Çörəkdən bir tikə kəsib gümüş qədəhdəki süddə islatdı. Yumşaq çörəyi ağır-ağır ağzında gəvələdi. Yarım qədəh sərin su içib, süfrədən qalxdı. Qullar cəld süfrəni yığışdırdılar. Nu-Anı qızıl işləməli döşəkçədə oturdub, bədənini ətirli yağlarla ovmağa başladılar. Otağın isti və insana rahatlıq verən havası, dərisinin hər məsaməsinə diqqətlə yeridilən ətirli yağlar onu xumarlandırmağa başladı.

Gözlərini açanda günəşin şüaları bəbəklərinə sancıldı. Ağrıdan üzünü qırışdırıb, gözlərini möhkəmcə yumdu. Əlini sipər edib üzünü yenidən turşutdu. Birdən nə üçün burada olduğunu xatırlayıb cəld ayağa qalxdı. Yox, gecikə bilməzdi. Onu gözləyirdilər. Özü də illərdir bunu gözləyirdi. Adi adamlara nadir halda verilən bu şərəfi əldən qaçıra bilməzdi. Yox, axı, o, nə sərkərdə idi, nə də qalabəyi. Heç evinin sütunları qızıldan olan tacir də deyildi. Nəinki özünə və ailəsinə, bütün şəhər əhalisinə şərəf və uğur gətirəcək mərasimə gecikə bilməzdi. Gözlərindən yaş axa-axa günəşə baxdı. Sürətlə döyünən ürəyi birdən yavaşladı, bədənini rahatlıq hissi çuğladı. Günəş təpədə deyildi - hələ vaxt var idi.

Pərdələri açan qullar bir anda gözdən itdilər. Əvəzinə Nu-Anın çılpaq bədəninə zərif parçadan tikilmiş əba geyindirən başqa qullar gəldi. Digərlərindən fərqli olaraq onlar paltar geyinmişdilər. Hərəsi Nu-Anın bir qolundan tutub özləri ilə apardılar. Məbəd uzaqda deyildi. Çadırdan çıxan kimi məbədin ilk pillələri ilə rastlaşdı. Ayağını ilk pilləyə qoyan kimi sürətini artırmağa çalışdı - Günəş hər an təpədə ola bilərdi. Qollarından yapışmış qullar onun sürətini yavaşlatdılar. Üzlərində heç bir ifadə yox idi, amma Nu-An anladı ki, tələsmirlər və onun tələsməyini də istəmirlər. İtaətkarlıqla boyun əydi və addımlarını onların sürətinə uyğunlaşdırdı. Hər addımda daha yavaş hərəkət edirdilər. Nu-An çox keçmədən bunun səbəbini anladı.

İnsanlar. Məbədin dörd tərəfi insan izdihamı ilə çevrili idi və daha qabağa gəlib Nu-Ana yaxından baxmağa can atırdılar. Nu-An çevrilmədən ailəsini, ya da tanıdığı kimisə görmək ümidilə gözucu izdihamı süzdü. Tanış üzə rast gəlmədi. Həyəcandan və yüksəklikdən gözü qaralmağa başlayırdı. Budur, artıq sonuncu pillədədir. Bir an kahinin işıldayan qızıl dəbilqəsi gözünə sataşdı. Ürəyi fərəh və qürurla doldu. Son ana qədər qorxurdu ki, kahinlər səhv etdiklərini, onun lazımi ulduzun altında doğulmadığını, əvəzinə başqasını seçdiklərini elan edərlər. Amma burdadır və günəş az qala zenitdədir...

Kahinlə qarşılaşdıqda bütün gücünü dodaqlarının qaçmaması üçün sərf etdi. Hər iki yanında bürüncdən tökülmüş heykəllər kimi ifadəsiz və dimdik dayanan qulları təqlid etməyə çalışdı. Çiyinlərini arxaya verdi, başını qaldırdı və kahinin tünd qırmızı boya ilə sürmələnmiş gözlərinə baxdı. Kahin də öz növbəsində başını razılıqla yelləyib, biləyindən tutub əlini qaldırdı. Məbədin ətrafında az qala bir-birinin üstünə çıxan camaata göstərib, ancaq özünə və səmalara aydın olan dildə bir neçə söz dedi. İzdihamdan anlaşılmaz gurultu yüksəldi. Nu-An kimin nə dediyini eşitmirdi, amma ümumi sevinc ab-havasını  duyurdu. Çadırdan çıxandan bəri ilk dəfə özünə gülümsəməyə icazə verdi - hər kəsin son ümidi olmaq xoşuna gəlmişdi.

Qulların onu qızılı taxta tərəf dartmasıyla özünə gəldi. Bu dəfə də itaətkarlıqla onları izlədi, amma təəccüblə yerimək əvəzinə ayaqlarını sürüdüyünün fərqinə vardı. Ürəyində heç kəsin bunu görməməsi üçün dua etdi. Necə böyük utanc olardı! Ailəsi, xələfləri hansı üzlə camaat arasına çıxardı, məclislərdə iştirak edərdi?! Yox, buna imkan verə bilməzdi. Az qala qulların əllərindən dartınaraq çıxıb taxta uzandı. Qulların üzündə ilk dəfə gördüyü narazılıqdan düzgün eləmədiyini anladı, amma dodağının altında nəsə mızıldanan kahin heç nəyin fərqinə varmamışdı. Bir qul ayaqlarından, digəri də əllərindən yapışıb onu qızıldan taxta pərçimlədilər. Əlini, ayağını elə bərk sıxırdılar ki, elə bil durub qaçacaqdı. Yox, bunu əsla etməzdi. Bu gün dəyərsiz həyatındakı ən şərəfli gün idi...

Gözləri qeyri-iradi başının üstündə şəfəq saçan günəşə sancıldı. Aylardır oradaydı və heç getmək niyyətində deyildi. Onun ucbatından Nu-An, ailəsi, bütün şəhər böyük aclıq çəkirdi. Kahin, qızıl kasadakı qırmızı maye ilə çılpaq sinəsinə simvollar çəkən zaman, onun ürəyi günəşə qarşı olan nifrətlə dolub-daşırdı. Qarnına, sinəsinə çəkilən simvollar elə həmin andaca qızmar günəşin şuaları altında buxarlaşmağa, Nu-Ana narahatlıq verməyə başladı. Ax, o, Günəşə necə də nifrət edirdi! Həm nifrət edir, həm də qorxurdu...

Kahin, qızıldan dəstəyə kobud iplərlə bağlanmış, üstündə qırmızı ləkələr olan daşdan ibarət baltasını havaya qaldıranda Nu-An nifrət etdiyi şeyin günəş yox, bu adət olduğunu anladı. Və qorxduğu...  Artıq heç nə - ailə şərəfi, aclıqdan qırılan şəhər əhalisi, nə də səma vecinə deyildi. Yerində qurcuxmağa, qulların dəmirdən möhkəm pəncələrindən qurtulmağa çalışdı. İllərdir buna öyrəncəli qulların üzündə tük də tərpənmədi. Baltanın havada şığıyıb kəlləsinə enənə qədər keçən qısa müddətdə bircə şeyi fikirləşməyə vaxt tapdı: ölmək istəmirdi.

Yaxından baxılanda bayram libaslarının altından sümüyü çıxmış qolları, gözlərinin ətrafı qara halqalarla dairələnmiş arıq üzləri görünən camaatdan bu ölüvay hallarına yaraşmayan güclü sevinc nidası qopdu...

Kahin qanlı baltanı başı üzərinə qaldırıb zəfər ədası ilə bağırdı. Onun səsinə yerdəki izdiham daha böyük uğultuyla cavab verdi. Qullar Nu-Anın cansız bədənini taxtdan yığışdıranda insanlar bir-bir evlərinə dağılışmağa başladılar. Budur, artıq mümkün olan hər şey edilmişdi. Kasıb evlərinə, acından tərpənə bilməyən uşaqlarının yanına rahat, fərəhlə qayıda bilərdilər. Onlar hər şeyi etdilər, artıq səmanın mərhəmətinə ümid etmək qalır...

Kahin qulların köməkliyi ilə məbədin yaxınlığındakı evinə qayıtdı. Baltanı ehtiramla evinin ən gözəl güşəsindəki yerinə yerləşdirib, qulların əvvəlcədən hazırladıqları süfrəyə əyləşdi. Qullar cəld ləyənlə su gətirib kahinin qanlı əllərini və qan sıçramış üzünü yudular. Artıq təmiz olmasına baxmayaraq, təzə qanın iyi burnundan getmirdi. Bunun səbəbi hələ də üstündə qurumamış bir-iki damla qan süzülən balta olduğunu bilirdi. Birinci dəfə deyildi, buna öyrəşmişdi, amma yenə də iş bitəndən - səmaların istəyini yerinə gətirəndən sonra baltaya baxmamağa çalışırdı. Baltanın üzərindəki qan əsla tam qurumağa fürsət tapmırdı. Kahin bala batırılmış isti qarğıdalı çörəyini ağzında gəvələyə-gəvələyə baltanın tökdüyü ilk qanın izinin gedib-getmədiyini düşündü... O, bir neçə saniyə sonra ocaqda bişmiş quşu əli ilə parçalayırdı.

*  *  *

Didilmiş kürkü bədəninin çox az hissəsini örtən adam boynunda müxtəlif heyvanların sümükləri asılan iri gövdənin qızardılmış çöl siçovulunu gəmirməyinə acgözlüklə tamaşa edirdi. Aylardır yağış yağmırdı, otlar qurumuşdu və heyvanların hamısı daha yaşıl otların olduğu yerlərə köç eləmişdi. Meyvə ağacları yarpaqlarını bükmüş, giləmeyvə kollarının demək olar, hamısı qurumuşdu. Quraq və bəhərsiz torpaqda yaşamağa davam edən canlılardan ikisi də bu mağaranın sakinləri idilər və sakinlərdən biri günlərdən bəri ovladıqları yeganə siçovulu ləzzətlə mədəsinə ötürürdü. Yarıçılpaq adam daha baxmaq istəməyib başını çevirdi. Amma ağız marçıltısına qulağını bağlaya bilmədi. Gözücu həmin adama, əlindəki tikəyə və yanındakı yarı-gəmirilmiş sümüklərə baxdı. Ağlından keçən fikrin dəhşəti ilə özü də diksindi. Yox, qorxmurdu. Ən azından fınxırıb, tikəni parçalamağa çalışdıqca boynundakı sümükləri şaqqıldayan adamdan və onun ayaqlarının dibində yatan, ağac budağına kol-kosla bağlanmış daşdan ibarət baltasından qorxmurdu. Qorxduğu şey elə həmin adamın boynundakı sümüklər idi - bu işarə idi. Ancaq səma ilə danışan adamların boynundan sümük asılırdı və bu an heyvanları, bitkiləri - bütün yeməklərini alovlu şuaları ilə qaçıran dəhşətli günəşlə, qorxudan bağrı yarılmadan danışan adamdan qorxmaq lazım idi. Bunu bilirdi, amma heyvani qorxusuna ondan daha güclü hiss qalib gəlirdi: aclıq.

Özü də bilmədi nə vaxt sürünə-sürünə göylərlə danışan adama yaxınlaşdı. Cəld hərəkətlə üstündə ət qalmış sümüklərdən birini qapıb götürüldü.  Elə həmin andaca buna peşman olmuşdu. Qaçırdı, var gücü ilə qaçırdı. Artıq itirəcək heç nəyi qalmadığını, qayıdacaq yuvası olmadığını bildiyi üçün hara gəldi qaçırdı. Arxasınca gələn vəhşi çığırtılar yaxınlaşırdı. Aclıq və təpədə olan günəşin haldan saldığı bədəni sürətini saxlaya bilmirdi. Dili ağzından çıxmış, ürəyi dəli kimi döyünürdü. Qaça bilməyəcəyini başa düşəndə sümüyü sinəsinə sıxıb olan-qalan gücü ilə irəli sıçradı. Özünü quruyub cadar-cadar olmuş torpağın üstünə atıb bir az yumalandı. Çığırtılar yaxınlaşdı, başına yığışmışdılar. Göylərlə danışan adam qarnından təpiklə vurdu. Əyilib əlindən sümüyü dartıb çıxarmağa çalışdı. O, buraxmaq istəmirdi. Göylərlə danışan adam var gücü ilə çəkişdirsə də, sümüyü ala bilmədi. Buna qəzəblənib bərkdən qıyya çəkdi və əlindəki baltanı havaya qaldırdı. Bu vaxt gözlərini qamaşdıran günəşin üzərini qara buludlar örtdü və üzərinə şığıyan baltanı görə bilmədi. Sümüyü sinəsinə bərk-bərk sıxdı...

Göylərlə danışan adam cansız bədənin əlindən sümüyü dartıb çıxardı. Qanlı baltasını göyə qaldırıb qıyya çəkdi. Onun və ölünün başına yığışan səfillərə qəzəbli baxışlarıyla meydan oxudu. Hər kəs baxışlarını qaçırdı. Bu təslimiyyəti qəbul etdi, baltasını bir də göyə qaldırıb çığırdı. Bir damla qan baltadan yerə süzülüb torpağı islatdı. Ardınca biri də və biri də...

Hamı yerindəcə donub göydən yerə yağan damlalara, göy otlara, üstü şirəli meyvələrlə dolu budaqlara, qarıldayan quşlara, bol otdan yeyib kökələn, nəşəylə ətrafda qaçışan heyvan sürülərinə baxırdı. Səfillər sevinclə çığrışıb, atılıb-düşməyə başlayanda göylərlə danışan adam özünə gəldi. Hə, yağış yağırdı. Xilas olmuşdular. O, qəbiləni xilas etmişdi.

Baltasını göyə qaldırdı, ancaq özünə və səmalara aydın olan dildə qıyya çəkdi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!