“İnsan yeganə canlıdır ki, öz mövcud vəziyyəti ilə barışmır. İstənilən durumda olsa, yenə də o durumuna qarşı üsyan edir.”
Hər bir yazarın yaratdığı xaratkterlərə öz yanaşma tərzi var. Tolstoy mənfi xarakterlərdə belə nəsə müsbət cəhət kəşf edib ortalığa çıxarıb. Dostoyevskinin istənilən xarakteri istənilən oxucunun güzgüsüdür. Şekspir ən sadə adamların sadə sözlərində olan dərin məfhumları qabardıb oxucunun önündə sərgiləyib, Floberin xarakterləri pis-yaxşının öhdəsindədirlər, heç vaxt onları yarğılamır. Prust ilə Ceyms Coys xarakterlərinin arxasında gizlənib özlərini sərgiləyirlər, Milan Kunderanın xarakterləri təsadüfi vəziyyətin və proseslərin yaratdığı təsadüfi variantlardırlar və.s.
Alber Kamyunun xarakterləri isə, mənə görə həyatla birbaşa və ansızın qarşılaşmaq məşqidir. Uşaq kimi. Ona görə də, "Yad" romanında insanları Mersonun gözündən görürük. O, bir uşaq kimi plansız şəkildə hadisələrlə üzləşir. Buna görə də Rolan Baxt söyləyir ki: "Yad" əsəri neytraldır, heç kimin tərəfini tutmur, kimsənin lehinə-əleyhinə deyil. Kamyu fəlsəfənin sıfır nöqtəsidir".
Müəllif "Taun" əsərində insanların qısaca "teleqraf cümlələri" ilə bir-birinə münasibətini həyatın ən dözülməz halı kimi dəyərləndirir. "Yad" əsəri nəinki elə "teleqraf cümlələri" ilə başlayır, hətta müəllif teleqraf sözünü də işlədir: "Bu gün anam öldü. Bəlkə də dünən. Əmin deyiləm. Evdən gələn teleqraf deyir: Anan keçinib".
Cümlələr qısa, teleqraf cümlələri kimi yazılıb. Yeri gəlmişkən ilk cümlədə "ana" sözünü elə uşaq kimi "mama"(maman est morte) deyir, amma üçüncü cümlədə evdən gələn teleqrafda "ana" yazılıb. Eyni cümlədir onun dillində: "mama öldü", başqasının dilində "Ana rəhmətə getdi".
Bu örnəyi ona görə gətirdim ki, Kamyunun bütün əsərləri bir-birinə bağlıdır. Məndən soruşsanız ki, tutalım, Kamyunun "Yad" əsərləri haqda hansı analitik, tənqidi kitabı oxumaq lazimdır, deyərəm ki, onun başqa romanlarını oxu.
Yeri gəlmişkən, bu əsər, 1942-ci ildə - İkinci Dünya müharibəsinin ortasında yazıb may ayında bitirib. Neçə ay sonra isə "Sizif" əsəri nəşr olunub. Bu iki roman bir-birinə sıx bağlıdır, baxmayarq ki, "Yad" bədii əsərdir. "Sizif"də olduğu kimi, "Yad" əsərinin başlanışı da gündəlik işlərin təkrarıdır. "Sizif"də necədir? "Erkən yuxudan qalxmaq, trava, dörd saat iş, günorta yeməyi, bir daha dörd saat iş, trava, istirahət, yatmaq, erkən yuxudan qalxmaq, trava…" və s.
Onun bütün romanları fəlsəfi təsvirlərlədir. Özü də belə söyləyir ki, onun gözündə filosof olmaq, roman yazmaq və təsvirlərlə fikirləşməkdir. Yeri gəlmişkən, bu sözü hamıdan çox Milan Kundera qulağına sırğa edib. Onun da romanlarında eyni şey var. O da düşünürdü ki, roman fəlsəfə ilə eyni funksiyanı daşıyır, yalnız manevr imkanları daha genişdir. Səbəb bədii əsərdə təsvirlərin olmasıdır. Qısaca deyim ki, Kundera "Paris Review" jurnalına müsahibəsində Hermann Brox kimi düşünürək, "Həyatın gizli bir aspektini kəşf etməyən roman, tamamilə əxlaqdan kənar bir şeydir", - söyləyir. Onun fikrincə, Broxdan əlavə, Robert Musil ilə Stefan Sveyq də "düşüncə romanı" ustalarıdırlar. Mən tamamilə bu sözlə razıyam.
Amma Kamyu necə?
Elə yeri gəlmişkən Kunderanın fikirini söyləyim. O, düşündürdü ki, Kamyu, hətta Volterin özü belə, bir romanın fəlsəfəsindən asılı olmayaraq birbaşa kəşf etmək qabiliyyətində olduğunu kəşf etməmişdilər (bu sözlə də tamamilə razıyam). Bunlar bir filosof kimi roman yazıblar, romançı kimi fəlsəfə yaratmayıblar, əslində ədəbiyyatın belə bir gücdə olmasına inanmırdılar.
Diqqətlə baxanda, onun bütün bədii yaradıcılığı "Üsyançı insan" ilə "Sizif" fəlsəfi məqalələrinin üzərindədir. Yəni Kundera çox da əcaib bir qənaətdə deyil.
Məncə, Kamyunun ən zəif cəhəti də elə, budur. Yəni fəlsəfə vasitəsilə roman yazır, romanın özü isə özlüyündə nəyisə kəşf etmir. Ola bilsin fəlsəfə kitabi kimi arqumentlər və məntiqlərlə deyil, imajlar və təsvirlərlə danışır, amma axır ki, fəlsəfənin işini olduğu kimi görür. Buna görə də əsərləri daha çox əxlaqi dəyərlərlə yüklənib. Ola bilsin ki, bu cür öyrətimlərin, bu cür yükləmələrin səbəbi aldığı təhsil və bu təhsilin onun yaradıcılığına tuşlanan təsiridir.
Fəlsəfə tezisi haqqında Plotin ilə Avqustin Avrelius haqda yazıb, yəni Helenism ilə Xristianlığı birləşdirən boğaz haqda. Ola bilsin İkinci Dünya müharibəsi ilə əlaqədardır, ola bilsin ki, erkən yoluxduğu vərəm xəstəkliyinin birbaşa təsiri olub, ola da bilsin ki, anasından ötürülən ispan qanının təsiridir və yaxud Əlcəzairin işğalı, yaşadığı yetim və yoxsul həyatla bağlıdır. Hər nədirsə, Kamyu nihilist deyil, hətta əxlaqla yüklənmiş olsa belə bir mübarizdir. Özü də deyir ki, "mən" üsyan edirəm, demək "biz" varıq. Yəni öz üsyanında bir xalqı, bir dünyanı varlandırmağa çalışır. Burda puçluqdan söz gedə bilməz. Sadəcə, onun söykəndiyi əxlaqi dəyərlər metafizik deyil, tamamilə insani dəyərdir. Bu sistem hələ də bizlərə yaddır. Adətən indi də metafizik dəyərlərdən uzaq insanın əxlaqlı birisi olmasına inananların sayı çox azdır. Bu sistem hələ də oturuşmayıb. Onun puçluğa qapandığı haqda sözlər o qədər reallıqdan uzaqdır ki, mən hətta bu şaiyələrin hardan qaynaqlandığı haqda da maraqlanmamışam.
Yeri gəlmişkən, o, nihilizm söyləmir, "dünya mənasızdır", deyir. "Dünyada heç nəyin zatən mənası yoxdur, insan özü hər şeydə məna yaratmalıdır". İnanmıram kimsə bu sözlə razılaşmasın. Adi həyat təcrübəmiz belə bunu göstərir. Bu, qəribə bir ideya deyil.
Kamyunun hansı romanının Azərbaycanda nəşr olunmasını və daha çox bəyənilməsini dəqiq bilirəm. Bilmirəm vurğunu, diqqəti hansı əsərinin üzərinə qoyum, amma bildiyim qədərilə adətən bütün dillərə çevrilmiş "Yad" romanı daha çox seviləndir. Buna görə də elə həmin roman üzərində danışmaq daha doğru olardı.
"Yad" romanında uşaq tipli bir adamla üz-üzəyik. Bütün insanları və hadisələri onun gözü ilə görürük, o isə heç bir hadisədən heç bir nəticə çıxarmır. Bəlkə "Yad" romanının sevilməsinin səbəbi də, budur. Mən adi həyatda da fenomenlərlə birbaşa qarşılaşan adamlarla ünsiyyətdə olmağı çox sevirəm. Hər şeyin hesab-kitabını edən, planlaşdıran, xeyir-ziyanının dərdini çəkənlər adətən bezdirici olurlar.
Merso yarğılamır, hətta məhkəməyə qədər başqalarının ona qarşı yarğısını da önəmsəmir, onun üçün hamı eynidir, anasının matəm törəninə gələn sevgilisi, dostu, anasının rəfiqələri, arabanın sürücüsü, papa, qazi, falan, hamısı eyni adamdırlar və hamısı ilə eyni cür davranır. Elə bir vəziyyət alınıb ki, nə yazar, nə də əsas xarakterlə diskurs yaratmaq olmur, hər ikisi sakitdirlər, buna görə ki, uşaq təbiətində olan Mersoya deyilən sözlərin hamısı rəsmi dildə olan sözlərdir, bu isə tamamilə bu dilə yad adamdır, ümumiyyətlə bu növ dil ilə əlaqə yarada bilmir. Elə bu səbəbdən də yarğılamır, çünki onunla ilgi qura, dil tapa bilmir. Anasının tabutuna baxıb sırf mismarı düşünür, anasının törənində heç nə olmamış kimi durub-dayanır, ağlamır, ondan bir gün qabaq anasının ölüm xəbərini alandan sonra dənizə gedir, çimir, sevgilisini evə gətirib yatır, sevgilisinin "məni sevirsən?" - sualına səmimiyyətlə "yox" deyir, beyninə sahildə gün vurduğu, gözünə gün düşdüyü üçün adam öldürür. Yalnız romanın sonuncu səhifəsində birdən dirəniklik nümayiş etdirir. Haqlı olaraq belə söyləyir: "Məni öldürsəz də, yenə mən haqlıyam".
Məhkəmə zalı bu davranışların sirrini açır. Merso adam öldürdüyü üçün mühakimə olunur, amma hamı onun anasının mərasimində necə laqeyd dayanmasından danışır. Bu səhnə, qanunların, məhkəmə sisteminin, insanların yarğısının necə yanlış bir vəziyyətdə olduğunu və uşaq təbiətli insanın niyə yad kimi başqalarına davrandığını dəqiq təsvir edir. Məncə, səbəb dəqiq olaraq, budur: Yarğı sistemi xəstədir. Əsas günah bir tərəfdə qalıb, aid olmayan mövzular qınaq qaynağına çevrilib insanı əzir.
Kamyu inqilis dilində nəşr olunan "Yad" romanına yazdığı ön sözdə də qeyd edir ki: "Bizim toplumda anasının qəbri üstə ağlamayan birisi zatən edama məhkumdur. Merso buna görə məhkəmədədir ki, toplumun qurduğu oyunda iştirak etmək istəməyib. Niyə istəməyib? Buna görə ki, yalan danışmaq istəmirmiş".
Merso deyir ki: "Azad olsam, gedib bütün edam mərasimlərinə baxacağam". Bu söz dəqiq "Çöküş" romanını xatırladır. Bir insan cılız əxlaqi dəyərləriylə özü üçün ad-san qazanır, amma canını götürüb bu vəziyyətdən qaçır. Sonra bütün ömrünü bunun açılışına həsr edir. Nə vaxt, nə zaman bu əxlaqi çöküşə, süquta uğradığını özü üçün aydınlaşdırmağa çalışır.
Özünü çaya atan qadını sırf havanın soyuq olduğu üçün görməzdən gəlib suya atılıb qurtarmadığı zamanmı, yoxsa, məhkəmə zallarında yalanı yalana calayıb, günahkar insanların canını səfsətə ilə qurtardığı zamanmı? Haçan?
Bəlkə də heç biri. Kamyu özü də belə deyirdi: "İnsan yeganə canlıdır ki, öz mövcud vəziyyəti ilə barışmır. İstənilən durumda olsa, yenə də o durumuna qarşı üsyan edir. Buna görə də "Yad", "Sizif", "Çöküş" əsərlərinin hamısında gündəliyə qərq olmuş bir insanın çıldırması ilə üz-üzəyik. Vəziyyətini dəyişə bilməyən, durumunu çeşidləndirə bilməyən bir insanın dalana dirəndiyini görürük. Amma "Taun" əsərində görürük ki, bir həkim şəhərdə baş alıb getmiş taundan canını götürüb qaçmır, qalır ki, insanların canını qurtarsın.
O, şəhəri belə təsvir edir: "Alver, biznes, rifahla dolu bir şəhər". Bu şəhərdə hər şey qazancdan ibarətdir. Bütün bağlar, təbiət, gözəlliklər məhv olunub, bazarlar böyüyüb. Oraya taun xəstəliyi gəlir. Əslində, taun elə həmin şəhərin düşdüyü vəziyyətdir, hansı ki, insanlar teleqraf cümlələri kimi qısaca sözlərlə bir-birinə münasibət göstərirlər. Kamyunun özü də böyük şəhərlərdən qaçırmış. Yalnız bir əlcəzayirli, yaxud ispan qanı daşıyan adam başa düşə bilər ki, Fransanın Parisində deyil, cənubunda yaşamağın zövqü daha çoxdur.
"Yad" romanının özü də elədir. Mersonun anası ölüb, amma o, idarə rəhbərindən iki-üç günlük məzuniyyəti necə alması haqqında düşünür. Qalıb hansı sözlərlə onu başa salsın, özünə haqq qazandırsın ki, anası ölüb və o, bu törənə qatılmaq üçün səfərə getmək zorundadır.
Nobel mükafatı mərasimindəki çıxışında Kamyu belə söyləyir: "Hər bir nəsil, şübhəsiz hiss edir ki, dünyaya dünyanı dəyişmək üçün gəlib, amma bizim nəsil daha böyük bir missiyanı daşımağa məhkumdur. Bizim nəsil bilir ki, dünyanı dəyişə bilməyəcək buna baxmayaraq var gücü ilə dünyanın özünü məhv etməsinin qarşısını almaq haqqında düşünür".
Belə bir durumda olan yazar, insanlarla sənət vasitəsilə şəfaqət, birlik, ünsiyyət yaratmaq istəyir. Bu, tamamilə bir əxlaqi yanaşmadır. Onun Nobel nitqinin hamısı sənətin əxlaqi görəvi üzərindədir. Gücün caynağında zorla susdurulmuş insanların ədalət çağırışıdır. Onun bütün bədii əsərlərində, jurnalistika və siyasi fəaliyyətində bir əsas vurğu var. Sənətçi yaşadığı əsrdən üz döndərməməli və bəşəriyyətin acısına ortaq olmalıdır. Eyni zamanda yaşadığı qərinədə itib-batmamalıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!