Azərbaycan yazıçısı Varisə “Sülh səfiri” titulu verilib

 

Baş ofisi Almaniyanın paytaxtı Berlində yerləşən Yaradıcılar Sülh Uğrunda Federasiyası (APF) və Beynəlxalq Yazıçılar Gildiyası (IGW) yazıçı Varis Yolçiyevi Sülh səfiri titulu ilə mükafatlandırıb, bu münasibətlə onu müvafiq Sertifikatla təltif edib. Varis Sülh səfiri statusuna 2021-ci ilin mart ayından keçib.

Yazıçı bu şərəfə Avropada dərc edilən “Metamorfoz” romanında, “Babam, zalımlar və əncir ağacı”, “Sonuncu mogikan” kimi hekayələrində, o cümlədən Almaniyada dərc olunmuş “Payız natürmortu” kimi esselər toplusunda Xeyirin Şər üzərindəki qələbəsini tərənnüm etdiyinə, insan mənəviyyatının zənginliklərini üzə çıxardığına, eləcə də son illərdə dünya miqyasında böyük ədəbiyyat və incəsənət festivalları və müsabiqələrindəki münsif fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, “Payız natürmortu” əsərində yazıçımızın dünya ictimaiyyətinə Azərbaycan barədə həqiqətləri çatdırmaq missiyasının nümunələrinə, o cümlədən Qarabağ həqiqətlərinə də rast gəlinir: “Təbiətin özünəməxsus şəkildə işğalçı müharibələrə etiraz etmək xüsusiyyəti var. “Xarı bülbül” adlı floranın unikal nümunəsi sayılan, xarici görünüşcə bülbülü xatırladan möcüzəli çiçək mövcuddur, o yalnız Dağlıq Qarabağın ürəyi sayılan Şuşa şəhərinin ətrafında bitir. 1992-ci ildə ermənilər tərəfindən işğal ediləndə Şuşa şəhəri tamamilə dağıdılmışdı, yerlə-yeksan olunmuşdu. Şahidlərin söylədiyinə görə, bu işğaldan sonra çiçək daha açmırdı”

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!