Martın 18-də Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, görkəmli ədib, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi Abdulla Şaiqin anadan olmasının 140 illiyinə həsr olunmuş “Arazdan Turana” adlı videokonfrans keçirilib.
Konfrans Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Yazıçılar Birliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşib.
Videokonfransda çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, konfransın “Arazdan Turana” adlandırılması təsadüfi deyil. Abdulla Şaiq bütün yaradıcılığı boyu türkçülük amallarına xidmət edib: “Azərbaycanda ilk türk ocağının yaradıcısı olan Abdulla Şaiqin gənclərə aşılamaq istədiyi amallar bu gün də aktualdır. “Birləşəlim, türk oğlu, bu yol zəfər yoludur” deyən şair hər zaman türkçü, turançı olub”.
Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov təşkilatçılara təşəkkürünü bildirib, Abdulla Şaiqin milli şüurun formalaşmasında rolundan söz açıb. Qeyd edib ki, şair XX əsr Azərbaycan ədəbiyyatında təkrarsız mövqeyə malik yazar, milli ideologiyanın təməlini qoyan aydınlarımızdan biridir: “Abdulla Şaiqin ədəbi-ictimai fəaliyyətə başladığı dövr çox mürəkkəb idi. Ədəbiyyat və incəsənətdə yeni mərhələnin yarandığı həmin tarixi məqamda yazıçıdan yüksək cavabdehlik tələb olunurdu. Abdulla Şaiq bu çətin və şərəfli missiyasının öhdəsindən layiqincə gəlib”. Abdulla Şaiqin yaradıcılığında uşaq ədəbiyyatının prioritet təşkil etdiyini vurğulayan nazir bildirib ki, bunun da əsasında şairin pedaqoji fəaliyyəti dayanır. Pedaqoq kimi böyük nüfuz qazanmış Abdulla Şaiq uşaq ədəbiyyatının da yaradıcılarından biri idi. Ədibin “Tıq-tıq xanım”, “Tülkü həccə gedir” və s. əsərləri dünya uşaq ədəbiyyatının diqqətəlayiq nümunələrindəndir: “Onun elmə, təhsilə səsləyən roman, povest və hekayələri ədibin adını ədəbiyyatımıza qızıl hərflərlə yazıb.
Anar Kərimov çıxışının sonunda iştirakçıları şanlı Qələbəmiz və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək konfransın işinə uğurlar arzuladı.
Sonra konfrans Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalının moderatorluğu ilə davam edib.
Konfransda çıxış edən Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, Abdulla Şaiq yeni dövrün tələblərinə uyğun olaraq öz yaradıcılığında yeni bir mərhələ açıb: “Biz Şaiqin yaradıcılığında romantizmlə realizmin paralel inkişaf etdiyini, çox zaman vəhdət təşkil etdiyini görürük”.
AYB-nin sədri, Xalq yazıçısı Anar Abdulla Şaiqi xoşbəxt yazıçı adlandırdı. Bildirdi ki, Azərbaycanda dil açan hər bir uşaq artıq bir əsrdən çoxdur ki, onun şeirləri ilə danışır.
TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı çıxışında Abdulla Şaiqin 140 illiyi ilə də bağlı təşkilat tərəfindən müxtəlif layihələrin həyata keçiriləcəyini bildirib.
Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə ailəsi və muzeyin kollektivi adından konfransın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram, Azərbaycan Türk Ocaqlarının rəhbəri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, ADPU Quba filialının direktoru Yusif Alı Afşarın çıxışları dinlənilib.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!