Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Muxtar Auezov: həyatı və yaradıcılığı” kitabı çap olunub.
İnstitutdan Edebiyyatqazeti.az-a bildirildiyinə görə, elmi şuranın qərarı ilə Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanmış kitab “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən on səkkizinci nəşrdir.
Monoqrafiyada Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Böyük vətəndaş yazıçı və görkəmli ictimai xadim” başlıqlı “Ön söz”ü yer alıb.
Dörd fəsildən ibarət kitabda qazax ədəbiyyatının görkəmli nümayəndəsi Muxtar Auezovun (1897-1961) həyatı və yaradıcılığı elmi cəhətdən dəyərləndirilir. Kitabın “Muxtar Auezov: Həyatı, ədəbi və ictimai mühiti”, “Muxtar Auezovun hekayə və povestlərində qazax milli düşüncəsi”, “Muxtar Auezovun roman yaradıcılığı” və “Muxtar Auezovun dramaturgiyası” fəsilləri Xuraman Hümmətova, Nizami Tağısoy və Turan Teymurov tərəfindən yazılıb.
Nəşrin elmi redaktoru və “Muxtar Auezov və böyük çöl mədəniyyəti” adlı giriş hissənin müəllifi filologiya elmləri doktoru, professor Məmməd Əliyevdir. Rəyçiləri filologiya elmləri doktorları, professorlar Əsgər Rəsulov və Ramiz Əsgərdir. Məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayevadır.
Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!