Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının 2020-ci ildə ikinci sayı nəşr olunub.
1946-2019-cu illərdə “Ədəbiyyat məcmuəsi” adı ilə çap olunan jurnal 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri nəşrdir.
“Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Bu say akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”da Qazan xan və Uruz silsiləsi” məqaləsi ilə açılır.
Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru Mehparə Axundova, nəşriyyat redaktoru Töhfə Talıbovadır.
“Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Azərbaycan ədəbiyyatı”, “Mətbuat tarixi”, “Ədəbi tənqid”, “Folklorşünaslıq”, “Yubileylər” və “Xronika-2020” rubrikalarından ibarətdir.
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan, Hindistan, Polşa və Monqolustanın alimləri daxildir.
Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!