“Azərbaycan – Turanın incisi” monoqrafiya-antologiyası Moskvada təqdim olunub

 

Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin ofisində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) professoru, filologiya elmləri doktoru Abuzər Bağırovun akademik İsa Həbibbəyli ilə həmmüəllif olduğu monoqrafiya-antologiyanın təqdimatı keçirilib.

Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, “Literaturnaya qazeta”nın və MDBMİ-nin birgə layihəsidir.

Tədbirdə Rusiya və Azərbaycanın publisistləri və yazıçıları, Azərbaycanın Rusiyadakı diasporunun təmsilçiləri, jurnalistlər iştirak ediblər.

Monoqrafiya-antologiyanın müəlliflərindən biri olan Abuzər Bağırov çıxışında qeyd edib ki, 2015-ci ildən bu layihə üzərində işləyir. “Literaturnaya qazeta”da Moskvada yaşayan azərbaycanlı şairlərin əsərləri və Azərbaycan ədəbiyyatının folklor nümunələri müntəzəm olaraq dərc edilir.

Abuzər Bağırov onu da vurğulayıb ki, monoqrafiya-antologiyaya “Literaturnaya qazeta”da dərc olunan Azərbaycan ədəbiyyatı nümunələri barədə materiallarla yanaşı, azərbaycanlı şairlərin bioqrafik məlumatları da daxildir. O deyib: “Bu kitabın məqsədi seçilmiş nümunələr əsasında elmi nöqteyi-nəzərdən şifahi və yazılı Azərbaycan poeziyası barədə rusdilli oxucuda aydın təsəvvür yaratmaqdır”.

“Xudojestvennaya literatura” nəşriyyatı direktorunun müavini, kitabı nəşrə hazırlayan Anna Kapustyuk qeyd edib ki, Azərbaycan ədəbiyyatı toplusundan ibarət olan bu monoqrafiya-antologiya onun peşəkar fəaliyyətində ayrıca səhifədir. Bu gün təqdim olunan kitab bir neçə il ərzində “Literaturnaya qazeta”da dərc edilən Azərbaycan ədəbiyyatı nümunələrinin toplusudur.

Təqdimatda tarix elmləri namizədi Manaf Ağayev, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Bədəlbəyli, yazıçı Samid Ağayev, İctimai Elmlər Akademiyasının həqiqi üzvü Füzuli Fərəcov və digərləri çıxış ediblər.

Təqdimat mərasimində çıxış edən natiqlər qeyd ediblər ki, monoqrafiya-antologiya qloballaşma şəraitində müxtəlif xalqların ədəbiyyat və incəsənətinə, folkloruna və orijinal mədəniyyətinə xas olan milli dəyərlərin getdikcə itirildiyi müasir dünyada xüsusi əhəmiyyət kəsb edir.

“Azərbaycan – Turanın incisi” Rusiyanın ədəbi ictimaiyyəti tərəfindən maraqla qarşılanıb və Şərq ədəbiyyatını, o cümlədən də Azərbaycan ədəbiyyatını daha dərindən öyrənməyi arzulayanlar üçün çox mühüm elmi vəsaitdir.

Qeyd edək ki, Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında buraxılan “Azərbaycan – Turanın incisi” monoqrafiya-antologiyasının elmi redaktoru akademik Teymur Kərimli, redaktoru isə “Literaturnaya qazeta”nın baş redaktorunun müavini Anastasiya Yermakovadır.

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!