XX əsrin ikinci onilliyində Abdulla Şaiq tərəfindən əsası qoyulan Azərbaycan uşaq dramaturgiyası R.Əfəndizadə, M.M.Seyidzadə, Ə.Səmədli, M.Dilbazi, X.Əlibəyli və başqa müəlliflərin dram, nağıl-pyes, təmsil-pyes, alleqorik pyes janrları ilə zənginləşmiş, yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Get-gedə uşaq dramaturgiyasının mövzu dairəsi genişlənmiş, kiçik yaşlı uşaqların ətraf aləmlə tanışlıq, davranış və münasibətlərində, gənc nəslin təlim-tərbiyəsində xüsusi önəm kəsb edən əsərlərlə teatr repertuarları zənginləşmişdir. Lakin etiraf edək ki, müstəqillik illərində uşaq dramaturgiyası əvvəlki illərlə müqayisədə xeyli zəifləmiş, uzun müddət bu sahədə bir sabitlik hökm sürmüşdür. Nəticədə özünü teatr səhnələrində tapa bilməyən XXI əsrin uşağı müasir mövzulu əsər və yeni tamaşaların aclığından ənənəvi tamaşaların yeni tərtibat və qurluşu, milli və rus nağıllarının improvizasiyası ilə ovunmuş, müasir cəmiyyətin yeni düşüncəli klassik tamaşaçısına çevrilmişdir. Son dövrlər respublikamızda bu sahə ilə bağlı görülən işlər, həyata keçirilən layihələr, xüsusilə, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 28 yanvar 2015-ci ildə "Uşaq ədəbiyyatı: Ədəbi-tarixi ənənələri və müasir problemləri" nə həsr olunan müşavirənin keçirilməsi, uşaq dramaturgiyasının müasir durumu ilə bağlı narahatlıqların gündəmə gətirilməsi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının irad və təklifləri, uşaq ədəbiyyatının müstəqil sahə kimi ilin ədəbi yekunlarında yer alması, təbliği və problemlərinin işıqlandırılması bu sahədə bir dinamiklik yaratdı. Yola saldığımız ildə Təhsil Nazirliyinin "Ən yaxşı şeir, hekayə, dram" müsabiqəsində Sevinc Nuruqızının dram üzrə qalib olması, peşəkar jurnalıst Arzu Soltanın "Bir pərdəli uşaq pyesləri" (Bakı, "Elm və təsil", 2016, səh.336) kitabının çap olunması uzun müddət bu sahədəki sabitliyi pozdu. 2016-cı ildə əvvəlki illərlə müqayisədə uşaq dramaturgiyası sahəsində bir canlanma, yeni nəfəs və tərz duyuldu. Bu canlanmanı uşaq teatrlarının repertuarlarında, uşaqların teatr tamaşalarına maraq və diqqətlərinin artmasında da müşahidə etmək mümkündür. Xüsusilə, ənənəvi nağılların yeni quruluş və tərtibatda təqdimi uşaqlarda maraq doğurur. Bu məqamda kiçik haşiyəyə çıxaraq teatr və kukla tamaşaları ilə bağlı bir neçə məsələyə də aydınlıq gətirmək, bizi razı salmayan bəzi məqamlara toxunmaq istərdim. Ənənəvi nağılların yeni quruluşda işlənib hazırlanması təqdirəlayiqdir. Lakin bu tamaşalarda həddindən çox səs-küy, danışıq dilində kobud ifadələrə yer verilməsi, uşağın anlaq səviyyəsinə uyğun olmayan informasiya uşağın estetik zövqünə təsirsiz ötüşmür. Hər bir tamaşanın öz auditoriyası olmalıdır. Bədii mətn konkret ünvana istiqamətlənməli, tamaşaçısını tapmalıdır. Bunun üçün teatr tamaşalarında müəyyən yaş səviyyəsi nəzərə alınmalı və repertuarda qeyd olunmalıdır. Digər bir məqam: çox zaman tamaşalarda işlənən ifadələrin yalnız boş hırıltı, gülüş doğurmaq məqsədi, sözlərin yerli-yerində işlədilməməsi, informasiyanın yanlış ötürülməsi fikir və zövqün formalaşmasında problemlər yaradır. Bir nümunə: "Qırmızıpapağın nağılı"nın yeni versiyada təqdimində meşədə qarğa canavarın digər heyvanlardan üstünlüyünü nəzərə çatdırmaq üçün "Sən meşənin ən ziyalı sakinisən" deyərək tərif edir və yaxud uşaqların o qədər də informasiyası olmayan meşə mühitinin təqdimində "meşədə çoxlu ərik ağacları var" ifadəsində ötürülən məlumatın yanlışlığı diqqəti cəlb edir. Böyüklərin aldığı informasıyanı dəqiqləşdirmək, analiz etmək, nəyin doğru, nəyin yanlış olduğunu aydınlaşdırmaq imkanı olduğu halda, beyni ağ vərəq kimi təmiz olan, ətraf mühiti, anlayışları yenicə dərk edən uşağa informasıyanın ötürülməsində ehtiyatlı davranmaq gərəkdir.
Peşəkar jurnalist, dramaturq Arzu Soltanın mövzu əlvanlığı, müasir uşaq və yeniyetmələrin problemlərinin işıqlandırılması, gənc nəslin təlim-tərbiyəsində xüsusi önəm kəsb edən məsələlərin qoyuluşu baxımından diqqət cəlb edən "Bir pərdəli uşaq pyesləri" kitabının çap olunması 2016-cı ilin əlamətdar hadisələrindən biri olmuşdur. Topluya daxil edilən pyeslərin əksəriyyəti sosial sifarişlə yazılmışdır. Jurnalistlik fəaliyyəti ilə yanaşı, "Körpəm" Eksperimental Uşaq Teatrında və Bakı Uşaq Teatrında ədəbi hissə müdiri kimi fəaliyyət göstərən müəllifin indiyə qədər 20-dən çox pyesi səhnələşdirilmişdir. Həm klassik, həm də müasir teatra dərindən bələd olan Arzu xanım cəmiyyətin sosial problemlərini, müasir gəncliyi narahat edən, düşündürən məsələləri və onların psixologiyasını, daxili-ruhi aləmini canlandırarkən hər iki ənənədən peşəkarlıqla bəhrələnir. 21 pyesin yer aldığı kitabda irihəcmli nümunələrə də yer verilmişdir. Diqqət çəkən məqamlardan biri topluya daxil olan nümunələrdə bütün yaş qruplarından olan uşaqların nəzərə alınması, hər yaşa uyğun müasir mövzuların qoyulması və uşaq psixologiyasının dərinliyinə varmaq ustalığıdır. Kitabdakı pyeslər dəfələrlə Bakı Uşaq Teatrında səhnələşdirilmiş, uşaqların və gənclərin rəğbətini qazanmışdır. Bu pyeslərin özəlliyi nədədir? Mövzusu əsasən müasir cəmiyyətin və gəncliyimizin problemlərini, cəmiyyətdəki mənəvi-əxlaqi aşınmaların qurbanı olan uşaqların taleyini, yaşadıqları ruhi-psixoloji sarsıntıları əks etdirən pyeslərin tərbiyəvi əhəmiyyəti, təsir qüvvəsi olduqca böyükdür. Pyeslərdəki ən başlıca özəllik uşağa yönəldilən baxışın, tərbiyə üsulunun ənənəvi, klassik üslubda olduğu kimi didaktik-maarifçi yönümdə, nəsihət xarakterli deyil, müasir həyatın təcrübəsinə, uşaqların qayğı və problemlərinə, psixologiyalarına uyğun formada şərtlənməsi, uşağa ötürüləcək informasiyanın cilalanmış şəkildə deyil, "hadisə və hərəkətlərlə çatdırmağın özəlliyidir" (İnqilab Soltan). Kitabda müxtəlif nağıl süjetlərinin yeni formada, mətndə təqdimi müasirliyi, ənənəvi nağıla müasir mətn tərtibatı vermək və onun praktik şəkildə tətbiqi yönümü də maraq doğurur. Pyeslərin içərisində əsasən ənənəvi nağıl süjetləri əsasında yazılmış "Fidan və qoğal" ( "Qoğal" nağılının motivləri əsasında), "Adam-badam iyisi gəlir" ("Cırtdan"), "O kimdir damın üstdə?", "Şəngülüm, Şüngülüm və Məngülüm cinayət işində" ("Şəngülüm, Şüngülüm, Məngülüm"), ayrı-ayrı klassiklərin müxtəlif janrlı uşaq əsərlərinin yeni tərtibat və quruluşda improvizasiyası, dekonstruksiya olunmuş "Yaxşı nədir, pis nədir" ( S.S.Axundovun "Qaraca qız" hekayəsi əsasında), "Qucaqla məni" ( C.Cabbarlının "Əhməd və Qumru" hekayəsi əsasında) və s. pyeslərə də rast gəlmək mümkündür. Topluda tərbiyəvi, maarifləndirici, uşaqlara öz hüquqlarını bilmək, ondan doğru yönümdə istifadə etmək vərdişləri aşılayan didaktik məzmunlu pyeslər də çoxdur. Əsasən tanış nağıl süjetləri, personajları, hadisə və situasiyalar ilə rastlaşdığımız bu pyeslərin müsbət cəhətlərindən biri müəllifin toxunduğu məsələləri öz məqsədinə uyğun verməsi, mətni özününküləşdirmək və təqlid yolu ilə getməməsidir. Bu pyeslər təkcə uşaq zövqü və düşüncəsi dairəsində məhdudlaşmır, böyük - kiçik, valideyn - övlad, müəllim - şagird münasibətlərinə istiqamətlənir, tərbiyə üsulundakı müəyyən boşluqların müxtəlif tərəflərinə nəzər yetirilir. Belə nümunələrdən birinə diqqət yetirək: S.S.Axundovun "Qaraca qız" hekayəsi əsasında yazılmış "Yaxşı nədir, pis nədir...." pyesində müəllif varlı və kasıb zümrənin münasibətlərinin qurbanı olan kiçik qızcığazların mənəvi -psixoloji yaşantılarını, Qaraca qızın həyat dramını əks etdirərkən fikri, düşüncəni müxtəlif istiqamətlərə yönəldir və rejissorun müdaxiləsi ilə klassik süjet müasir ailə, valideyn - övlad münasibətlərindəki boşluqlar və onun yaratdığı faciələrə istiqamətlənir. Cəzalandırılaraq evdə dustaq saxlanılan Ağca tez-tez qapıya çıxıb mürəbbiyəsinin gəlib-gəlmədiyini yoxlayır. Rejissor: "Biz övladlarımızın dustaq olmasını arzulayarıqmı? Amma bəzən inad edib onu özümüz dustaq edirik. O isə bizim qoyduğumuz qadağaları pozmağa məcbur olur...(pauza) Bəzən əsl dustaqlığa gedən yol da elə buradan başlayır (gedir)". Sona qədər baş verən hadisələrin fonunda əsərə rejissor müdaxiləsi informasiyanı kiçiklərə deyil, cəmiyyətə, böyüklərə mesaj kimi ötürür. Kin-küdurət bilməyən, pisliklərdən uzaq uşağın fədakarlığı, öz dostunu ölümdən qurtarmaq istəyi və bu istəyin Qaraca qızı sürüklədiyi faciə taleyin yox, böyüklərin, sosial təzadlığın qurbana çevirdiyi və alt-üst etdiyi iki fərqli dünyanın faciə səbəbkarı idi. Rejissor: "...Uşaqlar pis olmurlar! Uşaqlar pislikləri görmürlər. Onların öz dünyası var. Biz böyüklər o dünyaya pisliyi, zülmü, ayrı-seçkiliyi yeritməsək, o dünya saf qalar. Beləliklə də, bütün dünya pislikdən təmizlənər...Biz övladlarımıza nəyin yaxşı, nəyin pis olduğunu göstərə bilərik. Amma əməllərimizlə yaxşı nümunə göstərməsək, onlar heç vaxt bizim görmək istədiyimiz kimi olmayacaqlar. Ya da (pauza) gec-tez bizi tərk edib gedəcəklər. Ya cismən, ya da ruhən...(gedir)".
Kitabda müasir gəncliyin yaşam tərzi, qayğı və problemləri, cəmiyyətdəki naqisliklərdən onları necə qorumaq, tərbiyə etmək yolları, uşağın ailədə və cəmiyyətdəki yeri və mövqeyi və s. məsələlərə toxunulur. Ümumiyyətlə, müəllifin pyeslərində valideyn-övlad, müəllim-şagird münasibətləri qarşılıqlı şəkildə öyrənilir. Yeniyetmələr üçün yazılmış, əksəri tərbiyələndirici, maarifləndirici pyeslərdə gənclərin gözünü açmaq, onları məlumatlandırmaq, əsrin bəlası olan bir sıra xəstəliklərin təfsilatli verilməsi və şərhi bir tərəfdən birbaşa şəkildə QİÇS - narkomaniya - alkoqol kimi geniş yayılmış xəstəliklər haqqında ("Qeyri-adi məhkəmə") danışılır, bu xəstəliklərə yoluxmağın yolları həm tibbi, həm də mənəvi-psixolooji cəhətdən şərh olunursa, bir sıra pyeslərində isə müasir gəncliyin düçar olduğu bəlaların əyani, praktik şəkildə tətbiqi diqqət çəkir. Bu cəhətdən müəllifin "Şapalaqsız gün", "Qeyri-adi məhkəmə", "Xaşxaşın göz yaşı və ya həyatla oyun", "Günahsız günahkarlar" pyesləri yeniyetmələr üçün yazılmış maarifləndirici nümunələr sırasındadır. "Qeyri-adi məhkəmə pyesində müəllif, əsrin bəlası olan QİÇS - narkomaniya - alkoqol kimi geniş yayılmış xəstəliklər və onların fəsadları haqqında danışır. Məhkəmə kürsüsünə çıxardığı, ittiham etdiyi xəstəliklər haqqında təfsilatlı məlumat verməklə uşaqları maarifləndirir, bu sahədəki məhdud bilgilərini genişləndirir. Topluda gənclər üçün yazılan pyeslər daha çox maarifləndirici, tərbiyəvi xüsusiyyətləri ilə diqqət çəkir. Bu cəhətdən maraqlı pyeslərdən biri "Xaşxaşın göz yaşı və ya həyatla oyun" adlanır. Əsərdə günümüzün bəlası olan narkomaniya və SPİD-dən danışılır. Müəllifin məqsədi uşaqları maarifləndirmək, iki yeniyetmənin taleyi fonunda bu xəstəliklərin yaratdığı ictimai-sosial, mənəvi-əxlaqi bəlaları açmaq, məsələnin mahiyyətindən xəbərsiz olan gəncləri məlumatlandırmaq, onları cəmiyyətin əks təsirlərinə qarşı ayıq-sayıq olmaq, ailə və insan faciəsinə gətirib çıxaran bu bəlalardan qurtulmaq, xüsusilə əksər qurbanı gənclər olan pis vərdişlərlə bağlı onların xəbərsiz olduqları mətləbləri açmaq missiyası daşıyır. Pyes Bakı Uşaq Teatrında 700 dəfədən çox tamaşaya qoyulmuşdur. Müəllif yalnız ponaram yaratmır, gəncliyi bu bəlalara sürükləyən əsas səbəbləri açıqlayır, əsas səbəbin arxasında ailə münasibətlərindəki problemlərin olduğunu, ailədə yetərincə uşaqlara diqqətin ayrılmaması, cəmiyyətin əxlaqındakı mənəvi-əxlaqi aşınmaları əyani şəkildə ustalıqla açır. Pis vərdişlərə aludə olan iki gəncin Nicat və Dumanın simasında ictimai mətləblərə işıq salınır. Əgər Nicatı bu yola sürükləyən atasının ailəsini atıb getməsi, anasının əzab çəkməsi, imkansızlıq, bundan çıxış yolu tapa bilməmək acizliyidirsə, Duman üçün isə bu heç də yad mövzu deyil. Yeri gəldikcə QİÇS xəstəliyi, ona yoluxma yolları və əsas səbəbləri haqqında uşaqlar məlumatlandırılır. Bu bəlanın ağrısını yaşayan, günü-gündən məhv olan Dumanın dayısı Kazımın bacısına: "- Naza, uşağı qoru belə şeylərdən. Yadından çıxmasın, "xaşxaşın göz yaşını içən, öz göz yaşını ömrü boyu içər" sözləri əsərdə epiloq kimi müəllifin əsas məqsəd və ideyasını reallaşdırır.
"Günahsız günahkarlar" adlı iki pərdəli pyesin quruluşu, tərtibatı, mövzusu, iştirakçıları və əks olunan hadisələrin ictimai-sosial, mənəvi-psixoloji tutumu baxımından ənənəvi tamaşalardan müasirliyi və aktuallığı ilə seçilir. Pyesdə sosial-mənəvi problemə çevrilmiş insan alverinin qurbanı olanların taleyindən bəhs olunur və müxtəlif üsullarla aldadılan, alçaldılan, rəzil gününə düşən, cəmiyyətin məhv etdiyi insanların faciəli taleyi izlənilir. Tamaşa uşaqların gözünü açmaq, cəmiyyətin naqis tərəflərini göstərməklə onları ayıq-sayıq olmağa, pisi yaxşıdan seçməyi bacarmaq, maarifləndirici missiyaya malikdir. Pyes əvvəlcə oxucuda müəyyən dərəcədə ikrah hissi yaratsa da, tamaşa boyu açılan reallıqların fonunda aktual və müasir görünür.
Arzu Soltanın "Bir pərdəli uşaq pyesləri" kitabına daxil edilən pyeslərin əksəriyyəti müasirliyi, aktuallığı, yüksək maarifləndirici keyfiyyəti ilə seçilir. Arzu edərdik ki, bu pyeslər yalnız Bakı Uşaq Teatrında deyil, şəhər və regionlarımızın digər teatrlarında da tamaşaya qoyulsun, səhnələşdirilsin.
Günay Qarayeva
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!