“Dahi Azərbaycan şairi Nizami Gəncəvi” sərgisinin açılış mərasimi keçirilib

 

TÜRKSOY-un iqamətgahında “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və fotosərginin açılış mərasimi keçirilib

Edebiyyatqazeti.az xəbər verir ki, mart ayının 2-də TÜRKSOY-un iqamətgahında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkil etdiyi “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və fotosərginin açılış mərasimi keçirilib.

Açılış mərasimini TÜRKSOY-un baş katibi Düsen Kaseinov edərək  tədbir iştirakçılarını salamlayıb və təşəkkürünü bildirib. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880-ci ildönümünün TÜRKSOY-da qeyd edilməsindən böyük məmnunluq duyduğunu söyləyib. Ortaq dəyərlərimiz olduğunu vurğulayaraq bundan qürur duyduğunu bildirib.

Daha sonra Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim çıxış edib.                     Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov çıxış edərək ilk rəsmi səfərinin qardaş Türkiyəyə olduğundan qürur duyduğunu bildirib.  Azərbaycan Respublikası Prezidentinin qərarı ilə bu ilin dahi Azərbaycan şairi Nizami Gəncəvi ili elan olunduğunu qeyd edərək tədbirin təşkilinə görə TÜRKSOY-a, xüsusilə Düsen bəyə və Türkiyə Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirib. Nazir Nizami yaradıcılığı haqqında çıxış edərək qeyd edib ki, həm Azərbaycanın, həm də Türkiyənin vəzifəsidir ki, belə bir böyük şəxsiyyətin beynəlxalq səviyyədə tanıdılması üçün əlindən gələni etsin.

Daha sonra Nizami əsərlərindən ibarət Milli Kitabxananın təşkil etdiyi kitab sərgisinə ( Milli Kitabxananın fondundan) baxış keçirilib. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları Nizami Gəncəvinin əsərlərindən ibarət kitab sərgisi ilə tanış edib.

Tədbirdə Nizami əsərlərindən ibarət musiqi dinlətisi olub.

Daha sonra hədiyyə təqdimatı keçirilərək Türksoy-un Baş katibi Düsen Kaseinov Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimə və Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimova hədiyyə təqdim edib. Eyni zamanda, Azərbaycan Respublikası Mədəniyyət naziri cənab Anar Kərimov da Qarabağ və Şəki haqqında kitab və Xarı bülbül yaxa sancağını Türksoy-un Baş katibi Düsen Kaseinova hədiyyə edib.

Sonda Nizami Gəncəvinin şeirləri səsləndirilib

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!