Azərbaycanın Dövlət mükafatı laureatı, "İstiqlal", "Şöhrət" və "Şərəf" ordenli, xalq yazıçısı Anar çağdaş cəmiyyətimizin ləyaqət rəmzi, ziyalılıq etalonu, mənəviyyat pasportudur - desəm, yəqin ki, yanılmaram. Onun həyat və yaradıcılığının təməl prinsiplərində yer alan "Qobustan", "Dədə Qorqud" və "Molla Nəsrəddin" - çoxillik müşahidələrimə əsasən tarixilik, müdriklik və cəsarət kateqoriyalarını rəmzləndirən milli-mənəvi abidələrdir.
Görkəmli ədəbiyyatşünas, ictimai-siyasi xadim Vilayət Quliyev bir dəfə söhbət əsnasında dedi ki, Anar kimi ziyalı olmaq çətindir və o, ümumtürk milli mentalitetinin ən ali nümunəsidir. Cəmiyyətdə baş verən kataklizmalara, dəyişmələrə baxmayaraq o, həmişə əqidəsinə, amalına, milli mənafeyə sadiq qalmışdır.
...Və beş il əvvəl Türkiyənin Elazığ şəhərində 50 minə yaxın professor-müəllim və tələbəsi olan Fırat Universiteti xalq yazıçısı Anara "Fəxri doktor" elmi adını verəndə, professorlardan Ahmet Buran, Ercan Alkaya və b. onun yaradıcılığını yüksək dəyərləndirəndə bir anlığa mənə elə gəldi ki, Anar müəllimi bizdən də yaxşı tanıyanlar və sevənlər Türkiyədə daha çoxdur...
Çağdaş zəmanəmizdə Anar müəllim müdrik kəlamları ilə də milli fikir, fəlsəfi düşüncə tariximizin canlı Dədə Qorqududur. Onun yazdığı məşhur əsərində Dədə Qorqud obrazının dilindən səsləndirdiyi: "Torpağı qorumasan əkməyə, əkməsən - qorumağa dəyməz" - deyimi əbədi aktuallıq kəsb edən, sivil bəşəriyyətə şamil oluna biləcək vətənsevərlik fəlsəfəsidir.
Ötən əsrin 70-ci illərində böyük türk ədəbiyyatşünası Ahmet Kabaklı "Dədə Qorqud" filminə baxdıqdan sonra heyranlığını bildirmiş, Anarın bu mövzuda türk yazarlarını qabaqladığını fərəh hissi ilə vurğulamışdır.
Şübhəsiz ki, xalq yazıçısı Anara ən yüksək dəyəri ümummilli lider Heydər Əliyev vermişdir. Böyük dövlət xadimi aradan 20 il keçdikdən sonra sovet dövrünü yada salaraq demişdir: "O illər "Kitabi-Dədə Qorqud" çox az tanınırdı və az tədqiq olunurdu. Ancaq 70-ci illərdə bizim bir çox tarixçilərimiz, tədqiqatçılarımız əsərlər yazmağa başladılar... Sonra yazıçı Anar bir kinofilm yaratdı. Beləliklə, "Kitabi-Dədə Qorqud"un Azərbaycan xalqı üçün, millətimiz üçün demək olar ki, yenidən dünyaya gəlməsi başlandı."
Bəlkə də, bəziləri unudub ki, 1997-2000-ci illərdə fəaliyyət göstərən "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasinin sədri, ulu öndər Heydər Əliyev, sədrin müavinlərindən biri isə Anar Rzayev idi. Komissiyanın iclaslarının birində ümummilli lider Heydər Əliyev komissiya sədri müavininin xalqımız, ədəbiyyatımız qarşısındakı böyük xidmətlərini yüksək dəyərləndirərək vurğulamışdır: "Kitabi-Dədə Qorqud"un elmi nöqteyi-nəzərdən tədqiq edilməsi bizim üçün çox lazımdır. Eyni zamanda, "Kitabi-Dədə Qorqud" Azərbaycan ictimaiyyəti, kütlə, xalq üçün tanınmalıdır.
Mən bu baxımdan Anarın xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Mənə belə gəlir ki, biz bu gün, müəyyən zaman keçəndən sonra Anarın bu sahədəki axtarışlarına, xidmətlərinə daha yüksək qiymət verməliyik. Bəlkə də Anar uşaqlar üçün Dədə Qorqud haqqında kitab yazanda, yaxud başqa kitablarını yazanda çoxları bunun nə qədər əhəmiyyətli olduğunu o dərəcədə dərk edə bilmirdilər. Amma indi biz artıq öz milli dəyərlərimizi, köklərimizi, tariximizi olduğu kimi təsvir etməyə çalışarkən vaxtilə atılmış belə addımların nə qədər qiymətli olduğunu dərk edirik. Mən Anarın bu münasibətlə yaratdığı filmi də qiymətləndirirəm."
Nə qədər uzaqgörənliklə söylənilmiş fikirlər... Elə bil Anar müəllimi bugünkü qaragüruhdan, hücumlardan, mənasız qalmaqallardan qorumaq üçün rəhmətlik dövlət başçımız onun əsərlərinin xalqımız üçün "nə qədər əhəmiyyətli olduğunu o dərəcədə dərk edə bilməyən" bəzi məmurlara xəbərdarlıq ünvanlayıbdır...
Dövlət müstəqilliyimizin bərpasının ilk illərində mənəvi dəyərlərə, sənətə və sənətkara fərqli, bəzən ziddiyyətli baxışlar sistemi, psevdo-vətənsevərlik, aqressiv, dözümsüz münasibətlərin təzahürü kimi hallusinasiya halları mətbuatda özünü qabarıq büruzə verirdi. İstiqlal məfkurəsi ilə kommunist ideologiyasının ciddi toqquşduğu cəmiyyətdə bəzi məsuliyyət hissini itirən, özünü ziyalı sayan insanlar Azərbaycan Elmlər Akademiyasının, Yazıçılar Birliyinin və digər yaradıcılıq təşkilatlarının ləğv edilməsi barədə təkliflər səsləndirirdilər.
Həyatın keşməkeşlərini görən, dövrün mürəkkəb yollarından keçən, xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev özünün və ölkənin ən çətin məqamlarında da milli dəyərlərə, mənəvi sərvətlərə həmişə diqqət və qayğı ilə yanaşmış, yüksək səviyyəli bədii əsərləri davamlı olaraq layiqincə dəyərləndirmişdir. Sənət adamları, yazıçı və şairlərimiz də ulu öndəri hər zaman sevgi və səmimiyyətlə qarşılamış, hörmət və ehtiramını gizlətməmişdilər.
Hələ 1990-1991-ci illərdə Azərbaycanın rəhbərliyi tərəfindən ümummilli liderə qarşı ədalətsizliklər ediləndə, əleyhinə böhtan kampaniyası aparılanda, böyük təzyiq və təqiblərə məruz qalanda onu ilk növbədə ədəbiyyat adamları müdafiə edir, yanında olur və dəstək verirdilər. O ağır günləri, eləcə də Azərbaycan yazıçılarının IX qurultayına dəvət olunmasını sonralar qədirşünaslıqla yada salan Heydər Əliyev belə xatırlayırdı: "1991-ci ilin əvvəli idi. Unutmamışamsa, martın 21-i idi. …Çox sevindirici haldır ki, məhz o vaxt, o çətin zamanda, dövrdə siz yazıçılar öz sənətinizə sadiq qalaraq o qurultaya toplaşmışdınız. İş elə gətirdi ki, mən də sizin qurultayda oldum.
O vaxt Elmira xanım Axundova gəlib mənə bildirdi ki, yazıçılar qurultayı keçiriləcək. Sizi oraya dəvət edirlər… Fikirləşdim ki, bəlkə, xatir naminə dəvət ediblər, bilirlər ki, getməyəcəyəm. Sonra da məlum olacaq ki, dəvət etdilər, mən gəlmədim. Ondan xahiş etdim, dedim ki, sən bir daha dəqiqləşdir. Sonra o, mənə zəng edib dedi ki, mən Anar müəllimlə bu barədə danışdım. Anar müəllim dedi ki, biz onu ürəkdən dəvət etmişik. Bu, formal bir xarakter daşımır, ona görə də əgər gəlsə, biz məmnun olarıq. Mən bundan sonra ürəkləndim, dedim ki, əgər belədirsə, pis olmaz, gedim görüm yazıçılar necədirlər. Gəldim. Siz məni hörmətlə rəyasət heyətinə dəvət etdiniz.
…Mən yenə də özümün ədəbiyyatla bağlılığımı və ədəbiyyatla məşğul olan şəxslərin başqalarına nisbətən daha sədaqətli olduğunu qeyd etmək istəyirəm."
Böyük öndərin ədəbiyyat adamlarını, Yazıçılar Birliyini və onun rəhbərliyini yüksək dəyərləndirməsi, səmim-qəlbdən gələn qayğısı və sevgisi cavabsız qala bilməzdi. Bu məhrəm ünsiyyət, ehtiram hissi həmişə təmənnasızlığa, saf duyğulara əsaslanmış və qarşılıqlı olmuşdur. Odur ki, Azərbaycan yazıçılarının, şairlərinin arasında Heydər Əliyev özünü həmişə ən yaxın doğmalarının, dostlarının arasındakı kimi hiss edirdi.
Ümummilli lider Heydər Əliyev DTK sədri olanda da, respublikaya rəhbərlik edəndə də ədəbiyyat adamlarına, mədəniyyət və incəsənət xadimlərinə mütəmadi qayğı göstərib, həyat həqiqətlərini real əks etdirmək üçün hər cür şərait yaradıb, onları yersiz təzyiqlərdən və təqiblərdən qoruyub, bununla da milli ədəbiyyatın inkişafına misilsiz töhfələr bəxş edibdir. XX əsrin 60-70-ci illərində Azərbaycan ədəbiyyatında dissidentlərdən səmimiyyətlə söz açan ulu öndər o illəri yada salaraq deyirdi: "…Əgər o illər 60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq, onlar çox idi...
...Yaxud, götürək Anarı. O da dissident idi. Məsələn, "Qobustan" jurnalının yaranması və o jurnalın səhifələrində yayılan əsərləri şübhəsiz ki, dissident xarakteri daşıyırdı.
Mənim xatirimdədir, 1970-ci ildə Leninin 100 illiyi qeyd olunurdu. Azərbaycanda da biz Nəriman Nərimanovun 100 illiyini hazırlayırdıq. Çünki onlar eyni ildə - Lenin də, Nərimanov da 1870-ci ildə anadan olublar. O vaxt Moskvadan gəlirdilər və mənə deyirdilər ki, bəs burada millətçilik var, burada antisovet var, burada filan var. Hər dəfə baxırdım və onlara izah edirdim.
Bir dəfə Moskvadan nümayəndə gəldi ki, belə şey olarmı, "Qobustan" jurnalında yazılıbdır ki, Nərimanov Lenindən də böyük adamdır. Dedim, a kişi, belə şey olmaz, yəqin sizə səhv deyiblər. Gətirin baxım. Gətirdilər baxdım. "Qobustan" jurnalında yazıçı İsa Hüseynovun Nəriman Nərimanov haqqında bir yazısı getmişdi. Orada yazmışdı ki, bəli, Nəriman Nərimanov Lenin deyil, Lenindən də üstün bir adamdır. Mən dedim, bilirsiniz nə var, indi bu yazıçıdır, yazıbdır, sərbəst adamdır. Bu o demək deyil ki, bizim də fikrimiz belədir. Bizim fikrimiz belə deyil. Mən birtəhər bu məsələni sovuşdurdum."
Sovet dönəmində milliliyə meyillilik həmişə zərərli hesab edilirdi. Ötən əsrin 30-cu illərində "pantürkist", "panislamist", "əksinqilabçı" məfhumlarının 60-70-ci illərdə ekvivalenti "dissident" anlayışı idi. 1937-38-ci illər repressiyası zamanı 27 nəfər ən istedadlı şair və yazıçısını, minlərlə ləyaqətli oğul və qızlarını itirən Azərbaycan xalqının 60-70-ci illərdə Heydər Əliyevin qayğısı və himayəsi sayəsində bir nəfərin də olsa dissidentliyə görə burnunun ucu qanamamışdır. Rusiyada Anna Axmatovanın, Marina Svetayevanın, Nikolay Qumilyovun, Mixail Soljınitsinin, İosif Brodskinin və b. başlarına gətirilən müsibətlərdən onların azərbaycanlı həmkarları yalnız mətbuatdan məlumat tuturdular.
Böyük dövlət xadimi Heydər Əliyev sovet dönəmində Anarın rəhbərlik etdiyi "Qobustan" jurnalı barədə Azərbaycan Yazıçılarının X qurultayında söylədiyi nitqdə (30 oktyabr 1997-ci il) dərgi ətrafında o vaxt baş verən qalmaqallara diqqət çəkərək yenidən vurğulamışdı: "Məsələn, mən "Qobustan" jurnalını xatırlayıram. O yarananda əleyhinə nə qədər cürbəcür hərəkətlər oldu. Mənim xatirimdədir, biri gəlirdi ki, nə bilim, millətçilik ideyaları yayır, biri gəlirdi ki, bizim quruluşun əleyhinə ideyalar yayır, biri o tərəfdən, biri bu tərəfdən gəlirdi. Mən də götürürdüm, baxırdım bu "Qobustan" jurnalına, görürdüm burada bunların dedikləri şey yoxdur, amma bizim üçün lazım olan şeylər çoxdur. Ona görə də "Qobustan" jurnalı yaşadı. Bu gün məmnuniyyət hissi ilə deyirəm "Qobustan" jurnalı o vaxt çox böyük işlər gördü."
Düşünürəm ki, ölkə yazıçılarının ali məclisində dövlət başçısının "Qobustan"ın doğru istiqamətdə olan fəaliyyətinə verdiyi ən yüksək qiymət, eyni zamanda jurnalın baş redaktoru Anarın peşəkarlığına, cəsarətinə, müdrikliyinə və milliliyinə verilən dəyərdir.
Ümumiyyətlə, "Qobustan" jurnalı Anarın təşəbbüsü ilə 1969-cu ildə yaradılmış, baş redaktorluğu ilə fəaliyyətə başlamış, o, 20 il - Azərbaycan Yazıçılar Birliyinin sədri seçilənə qədər bu dərgiyə rəhbərlik etmişdir. Ümummilli liderin vurğuladığı məqamlardan məlum olduğu kimi, Anarın baş redaktorluğu ilə "Qobustan" jurnalı hələ sovet dövründə gözlənilən bütün təhlükələrə baxmayaraq, milli şüurun oyanışına, istiqlal məfkurəsinin intişarına misilsiz xidmətlər göstərmişdir. Təsadüfi deyildir ki, dövlət müstəqilliyimizin bərpası uğrunda intellektual, mübariz fəaliyyətinə görə dövlət başçısı 1997-ci ildə yazıçıların imkanlarını genişləndirmək məqsədilə "Azərbaycan", "Ulduz", "Literaturnıy Azərbaycan" jurnalları və "Ədəbiyyat qəzeti" ilə yanaşı "Qobustan" dərgisinin də nəşrinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi haqqında fərman imzalamışdır.
Danılmaz həqiqətdir ki, Anarın xüsusilə sovet dövrü yaradıcılığında Mirzə Cəlil üslubu, Molla Nəsrəddin ruhu çox güclüdür. Onun "Molla Nəsrəddin - 66", "Molla Nəsrəddin - dünən, bu gün", "Əbədi Mirzə Cəlil" və b. kitablarında, hekayə, felyeton və esselərində qorxaqların, yaltaqların, alçaqların, rüşvətxorların, dəstəbazların, yerlibazların - H.Əliyevin təbirincə desək, cəmiyyətin bütün antipodlarının ifşası həmişə geniş oxucu auditoriyasının rəğbəti ilə qarşılanmışdır. Onun rüşvətxorluğun çiçəkləndiyi, həyat tərzinə çevrildiyi dönəmlərdə "Molla Nəsrəddin" ruhunda yazdığı "Şəhərin yay günləri" əsəri tamaşaçılar tərəfindən anşlaqla qarşılandığı halda bəzi məmurların da kürkünə birə salmışdı. Ulu öndər əsər haqqında düşüncələrini ziyalılarla bölüşərək demişdir: "...Siz də bilirsiniz ki, 1969-cu ildə mən Azərbaycana rəhbər seçilən gündən Azərbaycanın həyatında olan eybəcərlikləri, mənfi cəhətləri daim tənqid etmişəm və onlarla mübarizə aparmışam. Ona görə də gəlib mənə deyəndə ki, Anar "Şəhərin yay günləri" pyesini yazıbdır, orada bizim quruluşun əleyhinə gedir, filan edir, dedim yaxşı, gedib baxaram. Gəldim, baxdım, çox da təriflədim, mükafat da verdim."
Ümummilli liderimizin açıq tənqidi düşüncəyə münasibəti məsələləri dərindən öyrənilməyə, araşdırılmağa və təbliğ edilməyə bu gün də möhtacdır. Onun xalq yazıçısı Anarın böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illik yubileyində məruzəsinə birbaşa münasibəti də diqqətəlayiqdir: "Burada Anar Cəlil Məmmədquluzadənin həyatının son illəri haqqında məlumat verərək dedi ki, bu böyük insan nə qədər əzab-əziyyət içində yaşamış və təəssüf ki, o vaxt cəmiyyət ona layiqincə qayğı göstərməmişdir. Bunu eşidərkən, bunu oxuyarkən dəhşətə gəlirsən, inciyirsən və bəzən də anlamırsan ki, nə cür ola bilərdi ki, Cəlil Məmmədquluzadə kimi bir şəxsiyyət elə ağır şəraitdə yaşasın və elə bir əzab-əziyyət içərisində dünyasını tərk etsin. Ancaq bunlar həqiqətdir. Bunlar Cəlil Məmmədquluzadənin parlaq yaradıcılığı ilə, dahiliyi ilə yanaşı, bizim tarixi keçmişimizin əzab-əziyyətidir, ağrı-acısıdır. Biz bunları dadmışıq, görmüşük, keçmişik və güman edirəm ki, bizim həyatımızda daha heç vaxt təkrar olunmamalıdır."
Yaradıcı ziyalılar cəmiyyətin üst qatında, ön cərgəsində yer alan, xalqın ən sevimli, nüfuzlu təbəqəsidir. Xalq yetişdirdiyi görkəmli mütəfəkkirləri, ictimai-siyasi xadimləri, işıqlı şəxsiyyətləri ilə tanınır. İstedadlı ziyalılarını qoruyan və yaşadan cəmiyyət bəşər sivilizasiyasının tərəqqisinə də təkan verir. Bu baxımdan ümummilli lider Heydər Əliyevin xalq yazıçısı Anar haqqında 1998-ci ilin mart ayında səsləndirdiyi fikirlər bu gün də aktualdır və ədibin yaradıcılığına münasibət baxımından çox dəyərlidir: "Hörmətli Anar! ...Siz 60-cı illərdə ədəbiyyatımıza yeni ab-hava gətirmiş yazıçılar nəslinin görkəmli nümayəndələrindən birisiniz. Müasirlərimizin zəngin mənəvi aləmini qayğı və problemlərini yüksək bədii səviyyədə əks etdirən əsərləriniz daim ədəbiyyat həvəskarlarının diqqət mərkəzində olmuşdur. Bəşəriliklə milliliyin üzvi vəhdətini təşkil edən çoxcəhətli yaradıcılığınız cəmiyyətimizdə milli şüurun aşılanmasına və xalqımızın bir çox ölkələrdə tanınmasına xidmət etmişdir.
Saflıq ideyalarını tərənnüm edən pyesləriniz, xüsusilə "Şəhərin yay günləri" pyesi öz bədii dəyəri ilə yanaşı, cəmiyyətimizin diqqətini bir çox mənəviyyat problemlərinə cəlb etmişdir.
Qürur, şərəf və ləyaqət simvolu olan ulu "Dədə Qorqud" eposunun qəhrəmanlarını müasirlərimiz üçün daha doğma və əziz edən məhz sizin yaradıcılığınız olmuşdur. Bu eposun gənc nəslin tərbiyəsində müstəsna yer tutmasında da səyləriniz xüsusi qeyd olunmalıdır.
"Molla Nəsrəddin" ənənələrinə, müdrik Mirzə Cəlilin millət dərslərinə bizim səhnədə və jurnalistikada yenidən həyat vermiş fəaliyyətiniz də diqqətəlayiqdir... Təşəbbüsünüzlə yaranan "Qobustan" toplusu azərbaycançılıq ideyalarının carçısına çevrilərək bütöv bir nəslin milli, mənəvi-əxlaqi qayə və duyğularının formalaşmasında böyük rol oynamışdır."
Bu fikirlər yeni Azərbaycan cəmiyyəti qurucusu, müstəqil dövlət başçısı və ümummilli lider Heydər Əliyevin xalq yazıçısı Anarın təvazökar, yaradıcı əməyinə verdiyi çox yüksək qiymətdir.
Ulu öndərin dediyi kimi, "çoxcəhətli yaradıcılığı cəmiyyətimizdə milli şüurun aşılanmasına və xalqımızın bir çox ölkələrdə tanınmasına xidmət" edən, "azərbaycançılıq ideyalarının carçısına çevrilərək bütöv bir nəslin milli, mənəvi-əxlaqi qayə və duyğularının formalaşmasında böyük rol oynayan" respublika dövlət mükafatı laureatı, "İstiqlal", "Şöhrət" və "Şərəf" ordenli, xalq yazıçısını necə məsuliyyət hissini itirərək milli xəyanətdə qınamaq, erməni təəssübkeşliyində suçlamaq olar?!
Bəzən elə təəssürat yaranır ki, çağdaş zəmanəmizin yüksək çinli məmurları ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, onun siyasi təlimlərindən və uzaqgörən, müdrik tövsiyələrindən xəbərsizdir. Bildiyimiz kimi, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə (buraxılışa məsul) ulu öndər Heydər Əliyevin 1997-2013-cü illərdə "Müstəqilliyimiz əbədidir" adlı 46 cilddən ibarət əsərləri nəşr olunmuşdur. Əslində bu çoxcildlik ali təhsil ocaqlarında, universitet və akademiyalarda xüsusi kurs kimi tədris edilməlidir. Yüksək məmur postlarına namizədlər "Müstəqilliyimiz əbədidir" kitablarından imtahan verməyə məcbur edilməlidir. Çünki Heydər Əliyev irsinə bələd olmayan, onun ideallarına sədaqət göstərməyən məmurlardan elm, mənəviyyat məbədlərimizə, xalq yazıçısı Anar kimi ziyalılarımıza, şəxsiyyətlərimizə böhtanlar, təhqirlər hər zaman gözləniləndir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!