Beynəlxalq Türk Akademiyası məşhur özbək şairi və dövlət xadimi Əlişir Nəvainin anadan olmasının 580-ci ildönümü münasibətilə 2021-ci ili “Əlişir Nəvai İli” elan edib.
Akademiya tərəfindən böyük mütəfəkkir, şair Əlişir Nəvainin anadan olmasının 580 illiyinə həsr olunmuş “Şərqin parlaq ulduzu” adlı tədbir keçirilib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali “Əlişir Nəvai İli” çərçivəsində həyata keçiriləcək tədbirlər, layihələrdən danışaraq şairin həyat və yaradıcılığına dair akademiyaya üzv ölkələrdə elmi konfransların təşkil ediləcəyini bildirib. O, akademiya tərəfindən Nəvai irsinin elmi araşdırmalarına görə “Əlişir Nəvai” təqaüdünün veriləcəyini vurğulayıb.
Bundan başqa, akademiya şairin əsərlərinin qardaş türk xalqlarının dillərinə tərcümə olunması istiqamətində işləri bu il də davam etdirəcək.
Qeyd edək ki, ötən il akademiya şairin qazax dilinə tərcümə edilmiş və “Xəmsə” toplusuna daxil olmuş bir neçə məşhur şeirinin nadir nəşrini buraxıb.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!