Türk Ədəbiyyat Vəqfinin nəşri olan “Türk ədəbiyyatı” jurnalının xüsusi buraxılışı Xalq yazıçısı Kamal Abdullanın 70 illik yubileyinə həsr olunub.
Jurnalda Xalq şairi Ramiz Rövşənin Kamal Abdullaya həsr etdiyi “Bir ovuc suda”, Rüstəm Behrudinin həsr etdiyi “Təkbaşına adam” şeiri, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatında postmodernizmin qurucusu və xalq yazıçısı: Kamal Abdulla”, Ahmed B. Erculasunun “Kamal Abdullanın 70 yaşına”, Ali Duymazın “Kılbaşın semantik boşluğu”, professor Jalə Qəribovanın “Var ilə yox arasında: Kamal Abdullanın əsərlərində “yox “ ontologiyasına qısa baxış”, Lyudmila Lavrovanın “Sonuna qədər söylənməmiş sözün sehri”, Hendrik Beoschotenin “İki yarımçıq əlyazma-qarşılaşdırma”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Ədəbiyyatda Kamal Abdulla”, Maks Statkiyeviçin “Kamal Abdullanın “Yarımçıq əlyazma”sından yarımçıq əlyazmaya doğru: yazı əfsanəyə qarşı”, Ramazan Korkmazın “Dədə Qorqudun çağdaş üzü: Kamal Abdulla”, Fatih Kəskinin “Yarımçıq əlyazma”, Beyrəyin mətnlərarası əlaqəsi”, Elçin İbrahimovun “Kamal Abdulla: Qorqudşünaslıq dərsləri”, Rukiyə Boran Kayanın “Unutmağa kimsə yox” romanına dair məqalələri dərc edilib.
Jurnalda Kamal Abdullanın “İnan ona”, “Ölü quş olub daş kimi düşsəm”, “O gün”, “Unutmağa kimsə yox”, “Sən yenə yoxsan” və s. şeirləri də yer alıb.
Eyni zamanda “Türk ədəbiyyatı” jurnalının xüsusi buraxılışındakı “Nə dedilər?” bölməsində Umberto Eko, Franko Kardini, Klod Aliber, Anar, Yuli Polyakov, Həsənağa Turabov, Ramiz Rövşən, İrfan Ülkü və başqalarının Kamal Abdullanın yaradıcılığı haqqında fikirləri də yer alıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!